İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada seçki savaşı başladı – Gizli şəbəkə üzə çıxdı

Rusiya Avropanın ən böyük ölkələrində keçiriləcək seçkilər ərəfəsində sosial şəbəkələr vasitəsilə seçicilərə təsir göstərməyə və cəmiyyətlərdə parçalanmanı dərinləşdirməyə çalışır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə POLITICO-ya İsveç Psixoloji Müdafiə Agentliyinin baş direktoru Maqnus Hjort danışıb.

Hjortun sözlərinə görə, seçkilər Moskvanın informasiya əməliyyatları üçün xüsusi imkan yaradır. Rusiyanın əsas məqsədlərindən biri Avropa seçicilərində Ukraynaya pul və silah göndərilməsinin davam etdirilməsinə şübhə yaratmaqdır. Bunun üçün Ukraynadakı korrupsiya və digər problemlərlə bağlı saxta və manipulyativ məlumatlardan istifadə edildiyi bildirilir.

İsveç rəsmisinin sözlərinə görə, hazırda Moskvanın əsas diqqəti İsveçdəki seçkilərə deyil, daha böyük Avropa ölkələrinə yönəlib.

“Bizim qiymətləndirməmizə görə, Rusiya başqa seçkilərə, Avropanın daha böyük ölkələrinə üstünlük verir. Almaniyada regional və yerli seçkilər, gələn il isə Fransada prezident seçkiləri keçiriləcək”, – deyə Hjort bildirib.

POLITICO qeyd edir ki, Almaniyada Rusiyanın mümkün hibrid əməliyyatları ilə bağlı narahatlıq artıq artıb. Sosial şəbəkələrdə seçki namizədlərini korrupsiya və seksual xarakterli cinayətlərdə saxta şəkildə ittiham edən paylaşımlar və videolar yayılıb. Sentyabrın 20-də Berlin və Meklenburq-Ön Pomeraniyada da seçkilər keçiriləcək və sağçı “Almaniya üçün Alternativ”in (AfD) yüksək nəticə göstərəcəyi gözlənilir.

Fransada isə gələnilki prezident seçkiləri öncəsi Marin Le Pen sorğularda ön sıralardadır. POLITICO xatırladır ki, onun Milli Birlik Partiyası keçmişdə Rusiyaya münasibətinə görə dəfələrlə tənqid olunub.

Hjort eyni zamanda “X”, “TikTok” və “Facebook” kimi sosial platformaları kifayət qədər tədbir görməməkdə ittiham edib.
“Platformalar daha çox iş görməli, onları bu bot şəbəkələrindən təmizləməlidir. Burada görüləsi çox iş var”, – deyə İsveç rəsmisi bildirib.

Onun sözlərinə görə, sosial media şirkətlərinin əsas məqsədi pul qazanmaqdır, dövlət qurumlarının məqsədi isə demokratik sistemləri hədəfə alan bot şəbəkələrini sıradan çıxarmaqdır.

İsveç agentliyi son günlərdə Rusiyaya bağlı “Matryoshka” adlandırılan maraqlı dezinformasiya metodunun tətbiqini də aşkarlayıb. Bu üsulda jurnalistlərə və fakt-yoxlayıcılara saxta material göndərilərək onların həmin məlumatı araşdırmasına, təkzib etməsinə və nəticədə ilkin saxta materialın daha geniş auditoriyaya çatmasına nail olmağa çalışılır.

İsveç rəsmisi daha bir diqqətçəkən bot əməliyyatından danışıb. Adı açıqlanmayan xarici dövlətin idarə etdiyi 1200 “X” hesabından ibarət şəbəkə İsveç və digər ölkələrdə fəaliyyət göstərib.

Şəbəkəyə “tətil şəbəkəsi” adı verilib. Çünki həmin hesablar əvvəlcə məzuniyyət, səyahət və idman kimi tamamilə zərərsiz mövzulardan yazaraq real istifadəçi təsiri yaratmağa çalışıblar. Sonradan isə siyasi və ictimai məsələlərdə qəsdən bir-birinə zidd, radikal mövqelər yaymağa başlayıblar.

Agentliyin məlumatına görə, bu 1200 hesab 2025-2026-cı illərdə ümumilikdə 50 min paylaşım və şərh yayıb.
Bununla belə, Hjort xarici müdaxilə təhlükəsinin şişirdilməsinin özünün də demokratiya üçün təhlükəyə çevrilə biləcəyini vurğulayıb. Onun fikrincə, seçkidən sonra əsassız şəkildə “nəticələrə xaricdən müdaxilə edildi” fikrinin yayılması seçkilərin legitimliyinə inamı sarsıda və sabit hökumətin formalaşmasına mane ola bilər.

İsveç Psixoloji Müdafiə Agentliyi hazırda ölkədəki seçkiləri hədəfə alan koordinasiyalı Rusiya kampaniyasının əlamətlərini görmədiyini bildirir. Hjortun sözlərinə görə, Moskvanın diqqəti daha çox qarşıdakı Almaniya və Fransa seçkilərinə yönəlib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR