İnsanlara hürriyət, millətlərə istiqlal!

“Liverpul”u udaq, Bakıya “Real”, “Barsa” gəlsin

İki gündən sonra Qarabağın eyni adlı komandası “Dumanlı Albion”da, Liverpul şəhərində eyni adlı komandayla futbol oynayacaq. İnşallah, duman olmaz, amma yağış ola bilər. Çünki oralarda yağış gündə üç dəfə yağır, bir də qalan vaxtlarda.

Hazırda milli azarkeşlərimiz həmin oyuna hazırlaşırlar və plankanı qaldırıb qoyublar kəllə-çarxa. Əsas fikir belədir: “Nədən “Liverpul”a qalib gəlməyək?”

Bu, “Allah verdikcə bəndə gümana gələr” hadisəsidir. Baxarsınız, “Qarabağ” Liverpulda yaxşı oynasa, amma uduzsa və ya heç-heçə etsə, bir xeyli adam sosial şəbəkədə yazacaq ki, təqsir Qurban Qurbanovdadır, düzgün taktika qurmadı, istefa verməlidir, artıq yorulub, komandaya heç nə verə bilmir və s.

Hərgah “Qarabağ” oradan qələbə ilə və pley-off mərhələsinə vəsiqəylə qayıtsa (inşallah, elə olar), öz işini ağırlaşdıracaq. Azarkeşlər növbəti turda, tutaq ki, “Barselona” və ya “Yuventus” üzərində qələbə tələb edəcəklər. Hətta “nədən Çempionlar Liqasının qalibi olmayaq” sualı şahə qalxacaq.

Reallıq isə budur: “Qarabağ” ÇL-də yarışmaya qatılan klubların içinin ən kasıbıdır. Bu liqada oynayan komandaların çoxunda elə oyunçular var ki, təkcə birini sataraq, 5-6 “Qarabağ” klubu almaq olar.

Hərçənd o oyunçuların qiyməti azı 5 dəfə şişirdilib, çünki gəlmişdilər, gördük, bizim uşaqlar meydançada o 50 milyonluq müdafiəçiləri əsir-yesir edir. Məsələn, bu saat dünyanın ən güclü müdafiəçisi “Çelsi”də oynayan Kukureladır, amma o Bakıdan komanda yoldaşı Estevao ilə birlikdə məlul-müşkül getdi. İkincinin qiyməti 82 milyon avrodur, birincinin də 50 milyondan aşağı yeri yoxdur.

Bu, heç. Söhbət futbol qələbələri ilə bağlı gündən-günə artan iştahımızdan gedir. Bəlkə də təbiidir, belə olmalıdır. Amma mənim yadıma köhnə vaxtlar düşür.

Biz Banişevskinin vaxtında “Neftçi”nin A qrupundan güclülər dəstəsinə çıxmaq üçün Yaroslavlın “Şinnik”, İvano-Frankovskun “Zarya”, Simferapolun “Tavriya” klubu ilə dör-dör döyüşdüyünü görmüşük. Güclülər dəstəsində oynayanda isə tək arzumuz o idi ki, “Neftçi” bu il də aşağı liqaya düşməsin.

Allah tərəfi, o zamanlar milli komandamız statusunda olan “Neftçi” bu işi yaxşı bacarırdı, 16 komandanın oynadığı liqada hər dəfə 13-cü yeri tutur, güclülər dəstəsində qalırdı.

Bir ara SSRİ FFA-sı şübhələndi ki, deyəsən, “Neftçi” oyunların nəticələrini rəqiblərlə razılaşdırır. Çünki komandamız ard-arda sərfəli heç-heçələr edirdi. Ən çox heç-heçə edən komanda “Neftçi” idi. O vaxt qələbəyə 2, heç-heçəyə 1 xal verirdilər. Yəni 2 heç-heçə 1 qələbə demək idi. Axırda federasiya qərar qəbul etdi, heç-heçə limiti 8 oldu, 8-dən artıq heç-heçə edən komandaya xal verilmədi.

Bəli, “Neftçi” elə-belə komanda olmayıb, SSRİ FFA-sına qayda diktə edən komanda olub.

İndiki cavanlar bunu bilməz, amma ortayaşlı və ahıl azarkeşlər bilir.

O gün ağsaqqal məşqçimiz Ağasəlim Mircavadov 1966-cı ilin "Neftçi"si ilə indiki "Qarabağ"ın heyəti arasında müqayisə apararaq, hansının güclü olması barədə demişdi ki, əlbəttə, 1966-cı ilin "Neftçi"si güclü idi. “Həddindən artıq güclü idi. Hamısı Azərbaycanda yetişən uşaqlar idi. "Qarabağ"da isə əsas işi legionerlər görür", - söyləmişdi ağsaqqal.

Xatırladım ki, həmin il “Neftçi” öz tarixində ilk və son dəfə SSRİ çempionatının bürünc medalını qazanıb. Budur, 60 ildir danışırıq, qurtarmır.

Həmin komandanın heyətində isə aşağıdakı “uşaqlar” olub: Sergey Kramarenko , Vyaçeslav Şexov, Vyaçeslav Semiqlazov (kapitan), Vladimir Bruxti, Vyaçeslav Lyoqki, Nikolay Boqdanov, Aleksandr Trofimov, Anatoli Qryazev, Sergey Melkumov, Anatoli Oqerçuk, Valeri Fedortsov, Anatoli Banişevski, Kazbek Tuayev, Eduard Markarov, Yuri Stekolnikov, Yuri Melkumov və b.

Yox, elə çıxmasın ki, heyətdə bizimkilər olmayıb. Olub. Heyətdə Zeynalov, Salahov, Cəlilov, Hacıyev, Babayev soyadlı yerli futbolçular da çıxış edib, amma heyətin, rus demişkən, “kostyak”ının kimlər olduğunu görürsünüz.

Yəni indiki legioner futbolçulardan fərqli olaraq, onlar “sovet legionerləri” olublar.

O zamanlar “Neftçi”nin oynadığı və çox vaxt uduzduğu güclü komandalar Kiyev, Tiflis, Minsk və Moskva “Dinamo”ları, bir də “Spartak” və “Zenit” idi. Hazırda isə “Qarabağ” Almaniya, İspaniya, Portuqaliya, Belçika, İngiltərə, İtaliya, Fransa çempionları ilə döşləşir. Fərq budur.

Amma bu, bizə adi, sadə nailiyyət kimi görünür. Çünki “Qarabağ” bizdə, türkün sözü, kötü alışqanlıq yaradıb.

İndi gözləyirəm, “Qarabağ” Liverpulda eyni adlı komandanı udsun, növbəti mərhələdə uduzanda Qurban Qurbanovu istefaya çağıraq.

P.S. “Qarabağ” bir pis şakərimizi tərfidib. Daha güclü komandalarla oyundan əvvəl “qapımızı aşsüzənə döndərəcəklər”, “bizə ən azı 5 dənə vuracaqlar” yazanlar gözə dəymir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR