Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya parlamentində Azərbaycanla bağlı dinləmələr başlayıb. “Hay Dat” erməni komitəsinin mərkəzi ofisinin məlumatına görə, söhbət ingilis parlamentinin “Keçmişi silmək: nədəni irsin məhv edilməsi” adlı “araşdırmasından” gedir.
Musavat.com yazır ki, guya məqsədi 2023-cü ildən bəri “artsaxın erməni irsinin məhv edilməsini” və ədalət və hesabatlılığa nail olmaq üçün mümkün mexanizmləri araşdırmaqdır. Proses beş mərhələdən ibarət olacaq: dəlillərin sistemləşdirilməsi və hüquqi mexanizmlərin təhlili, təqdimatların çağırılması, ekspertlər və şahidlərlə ictimai dinləmələr, yekun hesabatın dərc edilməsi və sonradan Böyük Britaniya hökuməti və beynəlxalq təşkilatlarla müzakirələr nəzərdə tutulur. Araşdırma Beynəlxalq Vəkillər Kollegiyasının İnsan Hüquqları İnstitutu (IBAHRI) ilə birgə aparılır.
Təsadüfi deyil ki, İngiltərə parlamentində bu mövzuda əsas “ekspert” Xankəndi separatçıların həbsindən sonra xaricdə pul dilənən və bütün mümkün tribunlarda Azərbaycan əleyhinə danışan Artak Beqlaryan olub.

Böyük Britaniyada keçirilən bu dinləmələr ətrafında yaranan müzakirələr göstərir ki, məsələ təkcə mədəni irs deyil, həm də informasiya və siyasi narrativlərin toqquşması kontekstində qiymətləndirilməlidir. Böyük Britaniya parlamenti daxilində belə təşəbbüslər adətən formal hüquqi prosesdən çox siyasi və ictimai rəy formalaşdırmaq funksiyası daşıyır. Xüsusilə xarici münaqişələrlə bağlı dinləmələrdə təqdim olunan materialların kimlər tərəfindən hazırlanması və hansı mənbələrə əsaslanması əsas suallardan biridir.
Araşdırmanın Beynəlxalq Vəkillər Kollegiyası ilə bağlı strukturların iştirakı ilə aparılması ona formal legitimlik görüntüsü versə də, belə platformalarda təqdim olunan məlumatların obyektivliyi tez-tez mübahisə doğurur.Bu baxımdan prosesin nəticələrinin hüquqi deyil, daha çox siyasi və informasiya xarakterli olacağı ehtimalı yüksəkdir.
Beynəlxalq platformalarda tez-tez müşahidə olunan tendensiya budur ki, münaqişə tərəflərindən yalnız biri danışdırıldıqda yekun sənədlər əvvəlcədən formalaşmış siyasi çərçivəyə uyğun olur. Tarixi irs iddiaları bu mübarizədə ən effektiv alətlərdən sayılır, çünki mədəniyyət mövzusu emosional rezonans yaradır və beynəlxalq auditoriyada tez yayılır. Bu cür dinləmələr nəticə etibarilə hesabatdan çox narrativ istehsalına xidmət edə bilər. İngiltərə parlamentariləri Qarabağda dağıdılmış Azərbaycanın mədəniyyət və tarixi abidələri görməzdən gələrək, ermənilərin isə “düccar budkasını” tarixi abidə hesab etməkdədirlər.
Bu dinləmələr böyük ehtimalla hüquqi qərar mexanizmi yox, siyasi təsir aləti rolunu oynayacaq. Əsas məsələ hesabatın məzmunundan çox, onun hansı dairələrdə necə istifadə ediləcəyidir. Belə təşəbbüslər beynəlxalq rəyə təsir etməyi hədəflədiyindən, real nəticə sənədin hüquqi qüvvəsində deyil, formalaşdırdığı informasiya fonunda ölçülür. Ona görə Azərbaycan Avropanın mərkəzində və Azərbaycanla tarixən yaxşı münasibətləri olan İngilətərədə bu cür qərəzli “dinləmələrin” qarşısını almalıdır.

Deputat Elşad Musayev Musavat.com-a deyib ki, bu müzakirələrin təşkili üçün erməni lobbisi Britaniya parlamentinə çıxış yolları tapıb. Onun sözlərinə görə, müəyyən adamlar vasitəsi ilə bu fürsət yaranır və məqsəd Azərbaycan əleyhinə kampaniyanı gücləndirməkdir: "Burada söhbət Britaniya parlamentindən yox, bəzi adamlar hesabına institut səviyyəsində müzakirə masası təşkil olunmasından gedir. Bu da eyni mərkəzlərin fəaliyyətinin tərkib hissəsidir. Avropa Parlamenti, Avropa Şurası, Fransa Senatı, Benilüks ölkələrin qanunverici orqanlarının qəbul etdiyi qətnamələrin ardınca Britaniya kimi Azərbaycana dost ölkənin parlamentinə də 3-4 deputat hesabına yol tapıblar. Əlbəttə ki, dünyanın gündəmi keçmiş Qarabağ münaqişəsi deyil, amma sual doğurur ki, niyə o halda bu cür "dinləmələr" təşkil edilir? Çünki erməni lobbisi reallıqla barışmır və Ermənistan hakimiyyətinin tutduğu indiki kursu da qəbul etmir. Paşinyan Avropa səfərlərində dəfələrlə lobbi üzvləri, diasporla görüşüb, onlara reallığı izah etməyə çalışıb, amma biz görürük ki, onlar razılaşmırlar. Bu qüvvələr hesab edirlər ki, "artsax" kimi çürük ideyanı yaşatmalıdırlar".
Deputat bildirib ki, Azərbaycan etiraz etməli, diplomatik fəallığını artırmalı, belə provokativ tədbirlərin keçirilməsinə narazılığını bildirməlidir: "Biz boş oturmalı deyilik. Nəzərə almalıyıq ki, sülh yolunda əngəl üçün belə destruktiv kampaniyalar gözləniləndir. Sadəcə, Azərbaycan bu addımların nəticəsi olmayacağına əmindir. Biz suverenliyimizi bərpa etmişik, erməni separatizmi faktı aradan qaldırılıb və ərazilərimizdə "artsax" adı ilə heç bir fəaliyyət ola, bizə təhdid yarana bilməz. Ona görə Azərbaycandan kənarda bu fəaliyyətlər mümkündür. Bu da erməni lobbisinin işidir və rəsmi İrəvanın siyasətinə adekvat deyil. Biz erməni diasporunun da ağıllanacağına inanırıq. Yekun sülh müqaviləsindən sonra istər Britaniyada, istər başqa platformalarda hər hansı müzakirə də əhəmiyyət kəsb etməyəcək. ABŞ kimi fövqəlgücün lideri Tramp sülh prosesinə qarantdır. Bundan sonra hansısa konqresmen, yaxud ingilis deputatın, fransız senatın söylədikləri ciddi qəbul oluna bilməz".
Emil Salamoğlu
Musavat.com
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ