İnsanlara hürriyət, millətlərə istiqlal!

Metsamor AES TƏHLÜKƏSİ yenidən gündəmdə

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində Ermənistanın Metsamor Atom Elektrik Stansiyası ilə bağlı ciddi narahatlıq ifadə edib.

Prezident Ermənistan ərazisindəki AES-in köhnəldiyini və region üçün təhlükə yaratdığını bildirib: “Çünki onların bu gün əsas enerji mənbəyi atom elektrik stansiyasıdır. Onun da idarəetməsi onların əlində deyil. Bu birincisi. İkincisi, bu stansiya köhnəlib və bütün bölgə üçün təhlükə mənbəyidir. Dəfələrlə Azərbaycan və Türkiyə müxtəlif beynəlxalq platformalarda bu məsələ ilə bağlı öz narahatlıqlarını ifadə ediblər. O stansiyanın ömrünün uzadılması sonsuz proses ola bilməz, gec-tez bağlanmalıdır. Təbii ki, o bağlanarsa, Ermənistan tamamilə enerji böhranına yuvarlanacaq”.

Ermənistan “Metsamor” AES-ni bağlamaq istəmirPrezidentin bu açıqlaması fonunda əsas sual ortaya çıxır: Metsamor AES-in mövcud vəziyyəti Azərbaycan və Cənubi Qafqaz üçün nə dərəcədə real təhlükə yaradır? Azərbaycan və Türkiyənin Metsamorla bağlı narahatlıqları beynəlxalq platformalarda hansı formada gündəmə gətirilə bilər?

Siyasi şərhçi Xəyal Bəşirov prezidentin çıxışında ilk növbədə bir nüansa diqqəti cəlb etməyin tərəfdarıdır: "Dövlət başçısı bəyan edib ki, Metsamorun idarəçiliyi Ermənistanın əlində deyil. Bununla Rusiyaya işarə edib. Hazırda stansiyanın idarəetməsi bu ölkənin nəzarətindədir. O deməkdir ki, Ermənistan bu sahədə də Rusiyadan asılı vəziyyətdədir. Amma başqa bir faktı da yada salmaq istəyirəm. Paşinyan bu günlərdə demişdi ki, Azərbaycandan elektrik enerjisi ala bilərik. Məncə, Metsamorun bağlanması ilə alternativ tapmaq mümkündür. Çünki bu AES region üçün təhdiddir".

Xəyal Bəşirovun dediyinə görə, "Metsamor” köhnə AES-lərdən biridir, SSRİ zamanı tikilib: "Ermənistan Kiçik Qafqazın tektonik cəhətdən ən oyanıq ərazisidir, burada hər an zəlzələ ola bilər. “Metsamor” AES-də 2036-cı ildə, yəni hazırkı aqreqatın istismar müddəti başa çatdıqdan sonra yeni enerji blokunu işə salmağı planlaşdırdığını açıqlayıb. "Metsamor” AES-in istismar müddətinin uzadılması Gürcüstan, Türkiyə, Azərbaycan, İran və Qara dənizin cənub regionunun əhalisinin, ilk növbədə isə Ermənistanın özünün əhalisinin həyatı və sağlamlığı üçün təhlükə yaradır. "Metsamor” AES-in istismarı radiasiya təhlükəsizliyi, ekoloji problemlər və insan sağlamlığı üçün potensial təhlükələr yaradır. Ona görə prezident bu məsələni yenidən gündəmə gətirməklə reallığı dilə gətirib, həm də beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq istəyib".

"Azərbaycan və Türkiyə ilə elektrik verilişi xətlərinin çəkilişi Ermənistanın enerji təhlükəsizliyinə töhfə verəcək”. Xatırladaq ki, bu sözləri baş nazir Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, kommunikasiyaların açılması kontekstində nəqliyyat sahəsində qarşılıqlı əlaqələrin təmin edilməsi ilə yanaşı, enerji sahəsində də qarşılıqlı əlaqələrin genişləndirilməsi, o cümlədən Türkiyə və Azərbaycanla enerji əlaqələrinin inkişaf etdirilməsi vacibdir. “Bu, elektrik verilişi xətlərinin və birləşdiricilərin çəkilməsini əhatə edir ki, bu da həm enerji təhlükəsizliyinə, həmçinin “yaşıl keçid”ə töhfə verə bilər”, - Paşinyan əlavə edib.

Emil Salamoğlu
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR