İnsanlara hürriyət, millətlərə istiqlal!

Minillik məzar daşlarının arasında Ərdoğan-Baxçalı görüntüsü – Verilən mesaj nədir?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və MHP sədri Dövlət Baxçalı Bitlisin Ahlat rayonunda bir araya gəliblər.

Musavat.com xəbər verir ki, iki lider əvvəlcə tarixi Səlcuqlu Meydan Qəbiristanlığını ziyarət edib, daha sonra Ərdoğan Baxçalının qaldığı Emir Bayındır kompleksindəki Dövlət bəy iqamətgahına gedib.

TRT Haber-in məlumatına görə, səfər Malazgirt zəfərinin ildönümü ilə bağlı tədbirlər çərçivəsində baş tutub.

Ərdoğan və Baxçalının ziyarət etdiyi Ahlat Səlcuqlu Meydan Qəbiristanlığı adi qəbiristanlıq deyil. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, təxminən 210 min kvadratmetr ərazini əhatə edən burada 8 minə yaxın məzar daşı mövcuddur. Məzarların və daş abidələrin bir hissəsi XI–XVI əsrlərə aiddir.

Nəhəng daş başdaşıları üzərində ərəb əlifbasının müxtəlif xətt növləri ilə ayələr, dualar, şeirlər və mərhumlar haqqında məlumatlar həkk olunub. Daşlarda həndəsi və bitki ornamentləri də geniş yer tutur. Burada Səlcuqlu dövrünün türk-islam daş işləmə və xəttatlıq ənənəsinin izlərini görmək mümkündür.

Ahlat özü də təsadüfi seçilmiş məkan deyil. Şəhər əsrlər boyu Anadolunun mühüm siyasi və mədəni mərkəzlərindən biri olub. XIII əsrdə Ahlat Belh və Buxara ilə birlikdə İslam dünyasının böyük elm, mədəniyyət və sənət mərkəzlərindən biri hesab edilərək “Kubbet-ül İslam” adı ilə tanınıb.

Qəbiristanlığın yaxınlığındakı ən məşhur tarixi tikililərdən biri Emir Bayındır türbəsidir. 1481-ci ildə vəfat etmiş Bayındır bəy üçün həyat yoldaşı Şah Səlimə Xatun tərəfindən tikdirilən türbə Ahlatın simvollarından sayılır. Bayındır bəy Ağqoyunlu hökmdarı Uzun Həsənin nəvəsi, Rüstəm bəyin oğlu olub. Türbənin ətrafındakı səkkiz qısa sütuna görə tikili xalq arasında “Barmaqlı türbə” adı ilə də tanınır.

Ərdoğanın Baxçalını ziyarət etdiyi Emir Bayındır kompleksindəki Dövlət bəy iqamətgahı isə həmin tarixi mühitdə yerləşir və Baxçalının Ahlat səfərləri zamanı istifadə etdiyi iqamətgahdır. “Dövlət bəy” adı MHP lideri Dövlət Baxçalının adına işarə edir.

Ahlatın tarixi məzar daşları və qədim abidələri beynəlxalq səviyyədə də diqqət mərkəzindədir. “Ahlat məzar daşları və Urartu-Osmanlı qalası” 2000-ci ildən UNESCO-nun Dünya İrsi üzrə İlkin Siyahısındadır.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

25 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR