İnsanlara hürriyət, millətlərə istiqlal!

Mister, kimin əmisi oğlusunuz?..

BMT-nin növbəti, 81-ci sessiyası Rusiya-Ukrayna müharibəsində də diplomatik pauza olacaq. Amma buna baxmayaraq hamı düşünür ki, görən, Tramp-Zelenski, eləcə də Tramp – Pezeşkian görüşü baş tutacaqmı?

Bu sətirləri yazanda Trampla Zelenskinin görüşəcəyi deyilir, Pezeşkianın necə mühafizə olunacağı bildirilirdi. Mütəxəssilər hər iki proses təhlil etməkdə davam edir.  Bugünlərdə bu xüsusda bir keçmiş MKİ əməkdaşının (Larri Conson) qeydlərini oxudum. Adam MKİ-nin direktorundan fərqli olaraq xüsusi ümidlər üçün əsas olmadığını deyir, çünki Rusiya 4 vilayəti və Krımı, bir də Kiyevin NATO ilə bütün bağları qırmağını tələb edir. Buna isə Kiyev heç bir halda razı olmayacaq, çünki həm ərazi itirmək, həm də suverenliyi məhdudlaşdırmaq – bağışlayın məni, heç bir sarsaq-ağılsız belə sülhə getməz.

Maraqlısı budur ki, amerikalı hələ Rusiyaya məsləhət də verir. Deyir ki, Rusiyanın yeganə çıxış yolu Ukrayna üzərində hərbi qələbə çalmaqdır və məhz bu səbəbdən bizdə sual yaranır: mister Conson, siz kimin əmisi oğlusunuz?

O ki qaldı BMT-nin sessiyasına, hamı, o cümlədən də Ukrayna və İran öz həqiqətlərini çatdırmağa çalışacaq. Amma onları bilməyən varmı? Həm də Ukrayna ilə İranın adının birgə hallandırılması da düz deyil və bir problem də budur.

Trampın Pezeşkianı dəvət etməsi, onlara viza verməsi bəziləri üçün təəccüblü göründü. Amma Məsud Pezeşkian heç vaxt ABŞ-ın “qara siyahısı”nda olmayıbdır, hətta İran liderləri bir-bir aradan götürüləndə.

O bir başqa məsələdir ki, Tramp–Pezeşkian dialoqu bir nəticə verəcəkmi? Bəli, bu, SEPAH-ın idarə etdiyi İranda Məsud bəyin mövqelərini möhkəmləndirə bilərdi. Pezeşkian bir İran prezidenti kimi ölkəsinin mövqelərini müdafiə etməyə məcbur olsa da mötədil siyasəti üçün bir az fundament yarada bilərdi. Belədəsə, ABŞ vaxtilə prezident Əhmədinecadı da dəvət etmişdi. Sonuncu ABŞ-da bir-iki görüş də keçirdi və xeyli təhqir də olundu.

Amma düşünmürük ki, belə aqibət Pezeşkianı da gözləyir: yox, Məsud bəy Əhmədinecatdan fərqli olaraq qışqırıqçı mühafizəkar deyil, ziyalı, təmkinli bir adamdır. Əlbəttə, bir daha deyirik ki, o, bir prezident kimi İranın mövqelərini müdafiə etməyə məcburdur, amma İranda onu ABŞ-la, İsraillə dialoqun tətəfdarı kimi tanıyırlar.

Mühafizəkarlar Məsud bəyin meydanını daraltmaq üçün əvvəlcədən şərtlərini Vaşıinqtona çatdırıblar. Pezeşkianın daxildə söykənmək üçün elə də güclü tərəfdarları yoxdur, mühafizəkarlar daha güclü və mütəşəkkildirlər. Trampın İrana qarşı müharibə açması sanki onları bir azca da gücləndirdi: elə bil ilanı yaralayıb buraxdılar və indi o, hamını sancmağa hazırdır, baxmayaraq ki, “zəhər dişləri” bir xeyli zədələnibdir.

Prezident Tramp İranla müharibənin seçkidən sonra həllini tapacağını dedi bu yaxınlarda. Nə olar, seçkini də gözləyərik, bir aydan bir azacıq artıq vaxt qalıbdır...

Ukraynaya gəldikdəsə, Rusiyada son seçkiləri də hakim müharibə partiyası uddu, daha doğrusu, anti - müharibə ovqatlı partiyaları, insanları seçkidən uzaqlaşdırmaqla buna nail oldu. Nə qədər ki, Putin hakimiyyətdədir, məncə, ciddi şəkildə sülhdən danışmaq mümkün olmayacaq, ona görə ki, təklif olunan Kiyev üçün alçaldıcı sülhdür. Ən azı bu il ciddi bir şey baş verməyəcək. ABŞ-ın da Moskvaya daha ciddi təsir edəcəyini düşünmək üçün əsas çox deyil, Vaşinqtonun Yaxın Şərqdə necə deyərlər, quyruğu qapı arasındadır. Biz İranı şişirtmirik, amma o, İraq, ya Liviya deyil. İranlı “molla”lar vəziyyətdən istifadə edə bildilər. İndi də bir azca imkan düşən kimi etirazçıları cəzalandırırlar ki, hakmiyyətləri daxildə bir az da möhkəmlənsin.

Ukraynada da hələ hansısa siyasi böhran-filan görünmür, bəli, baxmayaraq ki, burada da nə vaxtsa seçki keçirilməlidir. Nə qədər qəribə olsa da, Zelenski çox güclü çıxdı (bugünlərdə “Karpat səkkizliyi”nin yaranmasını bəyan etdi), zahirən uşağa bənzəyən bu adam hələ ki, hakimiyyətdə dururş gətirə bilir. Onun da BMT-də sərt çıxış edəcəyi istisna deyil. Amma Ukrayna həqiqətləri də hamıya bəllidir, hərçənd, bu müstəvidə də bəzən sual yaranır ki, siz kimin əmisi oğlusunuz, ağalar?..

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR