İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ölüm “Laçın” deyə-deyə...” – Dünyadan bir Rövşən müəllim KEÇDİ

Fani dünyaya avqust ayında gəlmişdi, elə avqustda da “qonaq evi”ni tərk elədi. Sakitcə. Doğmalarına çox əziyyət vermədən – həyatında əzab-sıxıntı çox görsə də, 10 yaşında ana itkisi yaşasa da.

Kimsə bu müvəqqəti “evdə” əbədi qalmayacaq, məlum. Əsas odur, sənə düşən ömür payını ləyaqətlə yaşayıb, müvəqqəti "dayanacağı" ləyaqətlə tərk edəsən. Övladlarını, sevdiklərini utandıracaq iş tutmayasan. Özündən sonra haqqında daha çox xeyirxah əməllərin, elədiyin yaxşılıqlar danışsın...

Bir kəsin həyatda fiziki yoxluğu zaman ötsə də, içini göynədirsə, adı gələndə, yada düşəndə gözlər nəmlənirsə, demək ki, o, yaxşı İNSAN olub. Rövşən Atakişiyev belə şəxslərdən idi. Daha doğrusu, şəxsiyyət idi. Həqiqi mənada bir Azərbaycan aydını idi, ZİYALI idi.

Məndən ötrü isə o, yaxın qohumdan çox, bir DOST, simsar idi. Nəcib və geniş qəlbli, sadə və təvazökar, dostcanlı və MƏRD adam idi Rövşən müəllim. Sözünün ağası, sözübütov idi. Övladlarına qayğıkeş ATA, güvənilən arxa-dayaq, nəvələrinin sevimlisi idi. Eyni zamanda, incə və şair ruhlu, yaradıcı adam idi. Kitabı işıq üzü görmüşdü.

“Atın məni daş yerinə.

İnləyim bərdaşt yerinə.

Mən ölüm qardaş yerinə,

Ölüm “Laçın” deyə-deyə...”

CCCCCCCC.png (175 KB)


Və şəkk-şübhəsiz, Rövşən Atakişioğlu təpədən-dırnağa vətənpərvər idi. Həmçinin, öz peşəsinin vurğunu, təcrübəli pedaqoq, böyük hərflə MÜƏLLİM idi. Təkcə şagirdləri üçün yox, həm də bir çox yaşıdı, tanışı, köhnə-təzə nəsillər üçün.

Bioqrafiyasında bir fəxri titul da var: Qarabağ VETERANI. Şükür ki, lənətlik erməni rədd olub gedəndən sonra doğma Laçının, doğulduğu Güləbirdin havasını son dəfə sinəsinə çəkə bildi. Haqqın dərgahına yurd nisgili ilə qovuşmadı.

“Mən də gileyliyəm, sən də gileyli,

Ömür başa çatır, barışaq, dağlar.

Bu Vətən deyilən ocaq içində

Od tutaq, alışaq, qarışaq, dağlar”.

(Rövşən Atakişioğlu, işğal dövrünün həsrət dolu misraları).

Dağ demiş, məşhur ifadə var, hansısa ucalığın, yaxud yüksəkliyin əzəmətini görmək üçün ondan bir az uzaqlaşmaq lazımdır. 40 günlük ARA bəs elədi, Rövşən müəllim! Artıqlaması ilə...

İslam Peyğəmbəri (s) buyurub: “Bir-birinizin qədrini bilin, çünki bir-birinizdən zamansız və qəfil ayrılacaqsınız”. Əfsus ki, çox vaxt sevdiklərimizin qiymətini az qala, bir ömür yan-yanaşı ola-ola bilmirik. Bacarmırıq. Sanki ölüm adlı nəsnənin yalnız başqalarına dəxli var, bizə yox.

Yaşasaydı, gələn il 70 ilik yubileyini qeyd edəcəkdik. Bəlkə də elə doğma Güləbirddə, Həkəri çayının sahilində. Qismət deyilmiş...

Əlbəttə, əcəl hamının qapısını döyəcək – bir az gec, bir az tez, amma kimsəyə istisna, güzəşt tanımadan. Müqəddəs Quranda deyildiyi kimi, “Yer üzündə hərəkət edən nə varsa, hamısı fanidir”. Sonra da əbədi və ruhani dünya.

Xoş o kəslərin halına ki, özlərindən sonra gözəl “əməl dəftəri” qoyub gediblər. Yaxşı AD və mənəvi İRS, gözəl SÖZ, İZ qoyublar. Rövşən müəllim kimi. Gerçəkdən, harda doğulmaq önəmli deyilmiş, mühüm olan harda və necə ölməkdir...

Nə gizlədim, vəfatı valideyn itkisi qədər məni üzdü. Nədəni bəsit. Onu Hz. Əlinin (ə) kəlamı ilə ifadə edəcəm: “İnsanlarla elə davranın ki, siz olmayanda sizin üçün darıxsınlar, sizi görəndə sevinsinlər, siz öləndə sizin üçün ağlasınlar”.

Ağlayırıq...

Nur içində yat, əziz və İŞIQLI insan. İnşallah ki, yerin rahatdır. Bu dünyadakı yerin isə həmişə görünəcək. Allah sənə qəni-qəni rəhmət eləsin.

Umarım, Rəbbim bu dünyadakı günahlarını bağışlayar. Ən azından, köçkünçülükdə üçü qız olmaqla, 4 övladını çətinliklə, halal zəhmətlə böyütdüyünə görə. Peyğəmbər əfəndimiz (s) CƏNNƏT və qız ataları haqda nə demişdi...

Zahid SƏFƏROĞLU,
Əməkdar jurnalist

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR