İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva 1991-ci ilə qayıdır? - ŞOK MESAJ

SSRİ dağılandan 35 il sonra Rusiyanın yenidən Sovet İttifaqının son illəri ilə müqayisə olunması şimal qonşumuzun üzləşdiyi vəziyyətlə bağlı ciddi siqnaldır. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin avqustun sonunda Moskvaya səfəri zamanı Rusiya tərəfinə çatdırdığı bildirilən əsas mesaj da məhz bununla bağlıdır. Vaşinqton Rusiyanın Ukrayna müharibəsində dalana dirəndiyini və uzunmüddətli savaşın iqtisadi yükünün ölkəni ciddi böhranla üz-üzə qoya biləcəyini düşünür.

FAZ-ın yaydığı məlumata görə, ABŞ kəşfiyyatının qiymətləndirməsində Rusiyanın iqtisadi vəziyyəti Soyuq müharibənin sonunda SSRİ-də yaranmış böhranla müqayisə edilir.

Bu iddia təsdiqlənərsə, söhbət artıq yalnız Ukrayna cəbhəsindəki vəziyyətdən deyil, Rusiyanın müharibəni davam etdirmək imkanlarının strateji sərhədlərindən gedir. Bir vaxtlar SSRİ-ni zəiflədən uzunmüddətli hərbi və iqtisadi yükün oxşar formada Rusiyanın qarşısına çıxması Moskva üçün yeni reallıq yarada bilər. Vaşinqtonun “Danışın” mesajı da məhz bu fonda diqqət çəkir.

Rusiya SSRİ-nin üzləşdiyi ssenarinin yeni versiyası ilə qarşı-qarşıya qala bilərmi? Kreml üçün əsas təhlükə artıq cəbhə xəttindən deyil, iqtisadi tükənmədən gəlir?

AZER SON.jpeg (14 KB)

Siyasi şərhçi Azər Hüseynov Musavat.com-a açıqlamasında bu məsələyə bir qədər fərqli tərəfdən baxmağın tərəfdarı olduğunu deyib:

“Birincisi, Rusiya müharibəni davam etdirir və Ukrayna cəbhəsində müəyyən irəliləyişlər əldə edir. Bununla yanaşı, Rusiyanın hərbi əməliyyatlarda daha ehtiyatlı davranmasının bir sıra səbəbləri var. Moskvanın qarşısında olan ölkə Ukraynadır və burada həm tarixi, həm də sosial-mədəni baxımdan slavyan amili nəzərə alınır. Bu səbəbdən Rusiya müharibənin gedişində müəyyən məhdudiyyətləri və riskləri də hesablamalı olur. Digər mühüm məqam isə Ukraynanın arxasında Qərbin böyük hərbi-siyasi və maliyyə potensialının dayanmasıdır. Ukrayna uzun müddətdir ABŞ və Avropa ölkələrindən maliyyə, hərbi texnika, silah-sursat və kəşfiyyat dəstəyi alır. Təbii ki, bütün bunlar Rusiya iqtisadiyyatına da mənfi təsir göstərir. Müharibənin uzunmüddətli xarakter alması Rusiyanın iqtisadi və maliyyə resurslarına əlavə təzyiq yaradır. Lakin burada başqa bir məqamı da nəzərə almaq lazımdır. Bu gün ABŞ kimi dünyanın ən böyük iqtisadi və hərbi güclərindən biri belə Yaxın Şərqdə, xüsusilə İranla bağlı qarşıdurmalar kontekstində müəyyən problemlərlə üzləşir. Burada söhbət yalnız hərbi məsələlərdən deyil, həm də iqtisadi, logistika və təchizat xarakterli çətinliklərdən gedir. Hətta müəyyən silah sistemləri və raket ehtiyatları ilə bağlı məhdudiyyətlərin meydana çıxması onu göstərir ki, müasir müharibələrdə böyük dövlətlərin resursları da sonsuz deyil. Ona görə də Ukrayna müharibəsinin Rusiyaya ciddi iqtisadi və siyasi təsirlər göstərməsinə baxmayaraq, bu müharibənin SSRİ-nin dağılmasına səbəb olan Əfqanıstan müharibəsi ilə eyni nəticəni yaradacağını düşünmürəm. SSRİ-nin dağılmasının səbəbləri yalnız Əfqanıstan müharibəsi ilə bağlı deyildi. Burada iqtisadi, siyasi, institusional və milli-etnik xarakterli çoxsaylı amillər mövcud idi”.

Siyasi şərhçi Ukrayna müharibəsinin mümkün nəticələrinə də bir qədər fərqli prizmadan baxır:

“Bu müharibə Rusiyanın zəifləməsinə müəyyən təsir göstərə bilər. Lakin bunun avtomatik şəkildə Rusiyanın dağılması ilə nəticələnəcəyini söyləmək üçün kifayət qədər əsas yoxdur. Əksinə, müharibənin sonunda Avropanın siyasi və təhlükəsizlik strukturunun yenidən formalaşması, təsir dairələrinin dəyişməsi və Avropanın yeni siyasi-siyasi balanslar əsasında bölüşdürülməsi ilə bağlı ssenarilərlə qarşılaşa bilərik. Burada əsas məsələ təkcə Rusiyanın və ya Ukraynanın vəziyyəti deyil, müharibədən sonra ABŞ, Rusiya və Avropa dövlətləri arasında münasibətlərin hansı formada qurulacağıdır”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR