İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva və İrəvan səfirlərini TƏCİLİ dəyişir – NƏ dəyişəcək?

“Yaxınlarda Ermənistan-Rusiya münasibətlərində daha bir diqqətəlayiq olay baş verə bilər”. Bu barədə “Joqovurd” erməni qəzeti yazıb. Nəşrin hökumətyönlü mənbələrə istinadla bildirdiyinə görə, iki paytaxt eyni vaxtda səfirlərin dəyişdirilməsini müzakirə edirlər. Mənbələrimizə görə, Moskva artıq Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin yerinə yeni namizəd axtarır. İrəvanda isə Rusiyadakı səfir Qurgen Arsenyanın dəyişdirilməsi prosesi gedir.

Hökumət mənbələrinə görə, hər iki tərəfin narazılığı məhz səfirlərin fəaliyyəti ilə bağlıdır. Xüsusilə, Rusiya tərəfində belə bir fikir formalaşdırıb ki, Kopırkin Ermənistanla münasibətləri lazımi səviyyədə qura, hakimiyyətlə səmərəli işləyə bilməyib. Rəsmi İrəvan da Qurgen Arsenyanın fəaliyyətindən, xüsusən də onun işinin ikitərəfli əlaqələrdə gözlənilən nəticələri verə bilməməsindən narazıdır. May ayında Rusiya Xarici İşlər Nazirliyi öz səfirini məsləhətləşmələr üçün Moskvaya çağırmışdı.

Bu fonda iki ölkə arasındakı münasibətlərdə son zamanlar bir sıra həssas məsələlər yığılıb. O səbəbə müzakirələr təkcə adi kadr dəyişiklikləri kimi yox, eyni zamanda, ikitərəfli münasibətlərdə diplomatik işlərin yeni mərhələsinə başlamaq cəhdi kimi qiymətləndir. Bildirilir ki, proses fasiləsiz davam edərsə, ilin sonuna qədər iki ölkəyə yeni səfirlər təyin edilə bilər.

Bəs ikitərəfli münasibətlərin inkişafında səfirlər nə dərəcədə mühüm rol oynayır?

Politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, səfirlər ölkələr arasında əməkdaşlığın hansı formada qurulmasında müsbət və mənfi rol oynaya bilərlər. Səfirlər fəaliyyətləri və açıqlamaları ilə təmsil etdikləri ölkələrin çalışdığı ölkələrlə əməkdaşlığına fayda da gətirə bilər, bunun əksi də mümkündür: “Misal üçün Rusiyanın Ermənistandakı səfiri Sergey Kopınkin tez-tez baş nazir Nikol Paşinyana müxalif olan siyasətçilərlə görüşür, Ermənistan hökumətinin siyasətinin yanlış siyasətinə işarə edən açıqlamalar verirdi. Aydındır ki, səfirin bu səpgili fəaliyyəti Ermənistan rəsmilərinin xoşuna gələ bilməzdi. Ancaq orası da var ki, Kopırkin Moskvadan aldığı təlimatları yerinə yetirib”.

Politoloq qeyd edib ki, Rusiya-Ermənistan münasibətlərinin normallaşması hər iki ölkənin səfirlərinin fəaliyyətindən asılı deyil: “Çünki, iki ölkənin hakimiyyətləri arasında dərin fikir ixtilafı var. Rusiya hesab edir ki, Ermənistan hökuməti Avropa İttifaqı və ABŞ-la strateji əlaqələrə üstünlük verməməli, Rusiyanın maraqlarını nəzərə almalıdır. Rəsmi İrəvan isə əksinə, hesab edir ki, Rusiya Ermənistanın daxili işlərinə qarışmamalıdır. Bu vəziyyətdə Rusiyanın Ermənistandakı, Ermənistanın isə Rusiyadakı səfiri heç nə edə bilməz”.

Etibar Seydağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR