Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya səfəri regionda mürəkkəb geosiyasi proseslərin davam etdiyi bir dövrdə xüsusi diqqət çəkən diplomatik hadisələrdən biri oldu. Bu səfərin ən mühüm cəhəti ondan ibarətdir ki, Azərbaycan balanslaşdırılmış xarici siyasət kursuna sadiq qaldığını növbəti dəfə praktik addımları ilə nümayiş etdirdi.
Maraqlıdır ki, Bayramovun Ukrayna səfəri Rusiyaya etdiyi səfərdən dərhal sonra baş tutdu. Bu isə rəsmi Bakının həm Moskva, həm də Kiyevlə münasibətləri qarşıdurma prizmasından deyil, milli maraqlar və qarşılıqlı hörmət əsasında inkişaf etdirdiyini bir daha təsdiqləyir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra həm Rusiya, həm də Ukrayna ilə münasibətlərini strateji əhəmiyyət daşıyan istiqamətlərdən biri kimi müəyyənləşdirib. Hər iki ölkə Azərbaycanın iqtisadi, nəqliyyat, enerji və humanitar əməkdaşlıq baxımından vacib tərəfdaşları sırasındadır. Məhz buna görə də Bakı heç vaxt münasibətləri "ya biri, ya digəri" prinsipi üzərində qurmayıb.
Əksinə, Azərbaycan bütün tərəflərlə qarşılıqlı faydalı əməkdaşlığı prioritet hesab edib. Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra Azərbaycanın tutduğu mövqe beynəlxalq aləmdə balanslı və məsuliyyətli siyasətin nümunəsidir. Rəsmi Bakı Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə bəyan edib. Eyni zamanda Rusiya ilə də siyasi, iqtisadi və regional təhlükəsizlik sahələrində dialoqu qoruyub saxlayıb. Bu yanaşma Azərbaycanın milli maraqlarına söykənən müstəqil xarici siyasətinin əsas göstəricilərindən biridir.
Ceyhun Bayramovun Kiyevə səfəri də məhz bu siyasi xəttin davamıdır. Səfər Azərbaycanın Ukrayna ilə münasibətlərə verdiyi önəmi bir daha ortaya qoyur. İki ölkə arasında dostluq münasibətlərinin əsası hələ müstəqilliyin ilk illərində qoyulub və sonrakı dövrdə siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji layihələri, humanitar əlaqələr və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək sayəsində daha da möhkəmlənib.
Azərbaycan və Ukrayna arasında iqtisadi əməkdaşlıq da geniş potensiala malikdir. Nəqliyyat dəhlizlərinin inkişafı, Orta Dəhliz layihəsi, Xəzər-Qara dəniz marşrutları və logistika imkanları iki ölkə üçün yeni perspektivlər açır. Müharibədən sonrakı dövrdə Ukraynanın bərpası prosesində Azərbaycan şirkətlərinin iştirakı və Azərbaycanın göstərdiyi humanitar yardım da münasibətlərin praktik məzmununu gücləndirən amillərdəndir. Tarixi baxımdan da bu səfər diqqətəlayiqdir. Çünki regionda yeni geosiyasi reallıqların formalaşdığı, qlobal güclər arasında rəqabətin daha da kəskinləşdiyi bir mərhələdə Azərbaycan bütün tərəflərlə açıq dialoq aparmaq imkanına malik azsaylı dövlətlərdən biri kimi çıxış edir. Bu isə Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və çoxşaxəli xarici siyasətin nəticəsidir.
Azərbaycanın heç bir blokun alətinə çevrilmədən müxtəlif siyasi mərkəzlərlə eyni vaxtda konstruktiv münasibətlər qura bilməsi ölkənin beynəlxalq nüfuzunu daha da artırır.
Bayramovun əvvəlcə Rusiyada, daha sonra Ukraynada keçirdiyi görüşlər göstərir ki, Bakı regionda sabitliyin, dialoqun və əməkdaşlığın tərəfdarıdır. Azərbaycan hər iki ölkə ilə münasibətlərini qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsipləri əsasında inkişaf etdirir. Bu yanaşma həm ölkənin milli maraqlarını qoruyur, həm də Azərbaycanın etibarlı tərəfdaş imicini möhkəmləndirir.
Azərbaycan-Ukrayna münasibətlərinin gələcək inkişafı baxımından da bu səfərin xüsusi əhəmiyyəti var. Siyasi dialoqun intensivləşməsi, iqtisadi əlaqələrin genişlənməsi, enerji və nəqliyyat layihələrində əməkdaşlığın dərinləşməsi iki ölkənin strateji tərəfdaşlığını yeni mərhələyə daşıya bilər. Eyni zamanda, humanitar əlaqələrin genişlənməsi və qarşılıqlı investisiyaların artması münasibətlərin dayanıqlı inkişafına əlavə töhfə verəcək.
Ceyhun Bayramovun Ukraynaya səfəri təkcə növbəti diplomatik təmas deyil, Azərbaycanın balanslaşdırılmış xarici siyasətinin növbəti uğurlu nümayişidir. Bu səfər bir daha göstərir ki, Bakı geosiyasi gərginlik fonunda belə milli maraqlarını əsas götürərək həm Rusiya, həm də Ukrayna ilə münasibətlərini qoruyub inkişaf etdirə bilir. Məhz bu siyasət Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı, proqnozlaşdırılan və sözünün arxasında duran dövlət kimi mövqeyini daha da möhkəmləndirir.
Cavanşir Abbaslı
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ