Onlayn ictimai-siyasi qəzet
Arda Gülərin ölkəsi 2002-ci ilin uğurunu təkrarlamağa çalışır, futbol dünyası isə Braziliya və Mərakeşin böyük savaşını gözləyir
2026-cı il dünya çempionatı artıq ilk sensasiyaları, qolları və dramatik anları ilə futbolsevərləri həyəcanlandırmağa başlayıb. İyunun 13-14-də baş tutacaq Qətər-İsveçrə (23:00), Braziliya-Mərakeş (02:00), Haiti-Şotlandiya (05:00) və Avstraliya-Türkiyə 08:00) qarşılaşmaları isə qrup mərhələsinin ən maraqlı oyunları sırasında yer alır.
Xüsusilə qardaş Türkiyənin 24 illik fasilədən sonra mundial səhnəsinə qayıdışı Azərbaycan azarkeşlərinin diqqət mərkəzindədir.
Qətər-İsveçrə oyunu fərqli futbol məktəblərinin dueli sayılır. Qətər Asiyanın sürpriz komandasıdır. Bu ölkə futbol tarixində ilk dəfə 2022-ci ildə ev sahibi kimi dünya çempionatında iştirak edib. Həmin turnir uğursuz alınsa da, qətərlilər son illərdə Asiya futbolunun önəmli güclərindən birinə çevriliblər. Qətərin ən böyük uğuru 2019 və 2023-cü illərdə Asiya Kubokunu qazanmasıdır. Komanda texniki və sürətli futbolu ilə tanınır. Ulduz futbolçuları
Əkrəm Əfif, Əlmoez Əli, Həsən Əl-Heydos və Məşəl Bərşəmdir.
İsveçrə Avropanın sabit güclərindəndir. Belə ki, "Qırmızı Xaçlılar" kimi tanınan İsveçrə dünya futbolunun ən stabil milli komandalarından biridir. Onlar mütəmadi olaraq dünya və Avropa çempionatlarının final mərhələlərinə vəsiqə qazanırlar.
İsveçrənin ən böyük uğuru 1934, 1938 və 1954-cü illərdə dünya çempionatının 1/4 finalına yüksəlməsi olub. Son illərdə isə komanda Avropa nəhəngləri üçün daim təhlükəli rəqib hesab edilir. Ulduzları Qranit Caka, Denis Zakariya, Manuel Akanji və Gregor Kobeldir. Bu görüşdə favorit İsveçrə sayılsa da, Qətərin sürətli əks-hücumları təhlükə yarada bilər.
Braziliya, Mərakeş qarşılaşması günün mərkəzi oyunu sayılır.
Braziliya birmənalı şəkildə futbolun əbədi kralı kimi qəbul olunur. "Seleçao" dünya futbolunun ən uğurlu komandasıdır. Belə ki, 1958, 1962, 1970, 1994, 2002-cu illərdə Braziliya 5 dünya çempionluğu ilə rekordçudur. Heç bir ölkə bütün dünya çempionatlarında iştirak etmək baxımından da onlara çata bilməyib.
2026-nın əsas ulduzları isə, Vinisius Junior, Neymar, Alisson, Kazemiro, Rodriqo qəbul olunur.
Mərakeş Afrikanın qüruru sayılır. Bu ölkə 2022-ci ildə dünya futbol tarixini dəyişdi. Atlas Şirləri dünya çempionatında yarımfinala yüksələn ilk Afrika komandası oldu. Bu uğur Afrika futbolunun ən böyük nailiyyəti hesab edilir.
Ulduzlar isə, hamının yaxşı tanıdığı Əşrəf Hakimi, Sofyan Amrabat, Brahim Diaz, Yusif Ən-Nəsiri qəbul olunur. Bu qarşılaşma qrupun lideri uğrunda ilk böyük döyüş kimi qiymətləndirilir. Braziliya favorit sayılsa da, Mərakeş artıq sübut edib ki, istənilən nəhəngi dayandırmağa qadirdir.
Haiti-Şotlandiya tarixi dönüşlərin qarşılaşmasıdır. Haiti düz 52 ildən sonra mundial həyəcanı yaşayır. Karib hövzəsinin təmsilçisi Haiti ilk və yeganə dəfə 1974-cü ildə dünya çempionatında iştirak etmişdi. Bu il isə onlar düz 52 ildən sonra yenidən mundial səhnəsinə qayıdıblar. Bu, ölkə futbol tarixinin ən böyük hadisələrindən biridir.
Ulduz futbolçuları Dükens Nazon, Rikardo, AdeJan, Rikner Bellegard və Vilson İsidordur.
Şotlandiya qədim futbol ölkəsidir. Bu dövlət futbolun beşiyi hesab edilən ölkələrdən biridir. Lakin maraqlıdır ki, şotlandlar tarix boyu dünya çempionatında heç vaxt qrup mərhələsini keçə bilməyiblər. 1998-ci ildən sonra ilk dəfə mundiala qayıdan komanda bu lənəti qırmağa çalışır.
Əsas ulduzları Endi Robertson, Skott Maktominey, Con MakGinn, Kiran Tirnidir.
Avstraliya-Türkiyə oyununu bəlkə də, türklərdən çox azərbaycanlar azarkeşlik edəcək. Bir sözlə, Azərbaycanın da gözü bu oyundadır. Qardaş ölkənin mundiala böyük qayıdışı maraqla izləniləcək. Bu gün Azərbaycan azarkeşlərinin ən çox gözlədiyi oyun məhz budur.
Türkiyə millisi 2002-cı ildən sonra ilk dəfə dünya çempionatına vəsiqə qazanıb. Bu səbəbdən bütün türk dünyasında böyük həyəcan yaşanır. Türkiyə dünya futbolunda "Ay-ulduzlular" adı ilə tanınır.
Qardaş ölkənin dünya çempionatı tarixi ilk dəfə 1954-cü ildən başlayır.
Ən böyük uğur isə 2002-ci ildə əldə olunub. Şenol Günəşin rəhbərlik etdiyi komanda həmin ilin qalibi Braziliyaya uduzaraq yarımfinalda dayandı. Amma əvəzində
Cənubi Koreyanı məğlub edərək bürünc medal qazandı. Hakan Şükür dünya çempionatları tarixinin ən sürətli qolunu vurdu, 11-ci saniyədə. 2002-ci il Türkiyə futbolunun qızıl səhifəsi hesab olunur. Türkiyəmizin bugünkü liderləri Arda Gülər, Hakan Çalhanoğlu, Kenan Yıldız, Orkun Kökçü və qapıçı Mert Günok hesab olunur. Arda Gülər artıq dünya futbolunun ən parlaq gənc ulduzlarından biri sayılır və bu mundial onun üçün böyük səhnədir. Avstraliya isə, Asiyanın döyüşkən komandasıdır.
"Socceroos" ləqəbli ölkə dünya çempionatlarının daimi iştirakçılarından birinə çevrilib. Ən böyük uğurları isə, 2006-cı ildəki 1/8 final və 2022-ci ilib 1/8 finalıdır.
Komanda heç vaxt dünya futbolunun nəhəngləri sırasında göstərilməsə də, intizamlı və döyüşkən futbolu ilə tanınır.
Ulduzları Met Rayan, Kemeron Börgess, Cekson İrvin və Kuol qardaşlarıdır. Sonda gələk Azərbaycan niyə Türkiyəni dəstəkləyir sualının cavabına...
Azərbaycan və Türkiyə arasında "Bir millət, iki dövlət" fəlsəfəsi yalnız siyasi münasibətlərdə deyil, bütün sahələrdə, özəlliklə də idmanda da özünü göstərir. Dünya çempionatlarında Azərbaycan azarkeşlərinin böyük hissəsi məhz Türkiyəyə azarkeşlik edir. Bu gün də milyonlarla azərbaycanlı Arda Gülər və komanda yoldaşlarının mundiala uğurlu start verməsini gözləyir.
Türkiyənin qələbəsi təkcə bir ölkənin uğuru deyil, türk dünyasının futbol bayramı kimi qəbul olunur.
Bu səbəbdən Avstraliya-Türkiyə görüşü Azərbaycan tamaşaçıları üçün günün ən xüsusi qarşılaşması hesab edilə bilər. Türkiyə qələbə qazanacağı təqdirdə, 2002-ci ilin möhtəşəm xatirələrini yenidən canlandırmaq istiqamətində ilk addımını atmış olacaq.
Cavanşir Abbaslı
Musavat.com
04 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ