Onlayn ictimai-siyasi qəzet
NASA-nın atmosferdə yanmaq təhlükəsi ilə üzləşən “Swift” kosmik teleskopunu xilas etmək üçün həyata keçirdiyi mürəkkəb əməliyyat uğursuzluqla nəticələnib.
Musavat.com xəbər verir ki, kainatdakı ən güclü partlayışları öyrənən “Swift” teleskopunun orbitini yüksəltmək üçün göndərilən pilotsuz aparat idarəolunmaz vəziyyətə düşüb. Bu səbəbdən teleskopun 2026-cı ilin sonlarına doğru Yer atmosferinə daxil olaraq parçalanması ehtimalı artıb.
Təxminən 30 milyon dollara başa gələn və indiyədək analoqu olmayan missiya çərçivəsində xüsusi robot aparatın “Swift”ə yaxınlaşması, onu tutması və daha yüksək orbitə qaldırması nəzərdə tutulurdu.
NASA administratoru Cared Ayzekman bildirib ki, nəticə arzuolunan olmasa da, missiyanın həyata keçirilməsinə dəyərdi:
“Bu, nail olmağa çalışdığımız nəticə deyil, lakin bu missiyanın həyata keçirilməyə dəyər olmasının səbəblərini dəyişmir”.
NASA ümid edirdi ki, bu əməliyyat gələcəkdə orbitdəki digər peyklərin və kosmik aparatların ömrünü uzatmaq üçün yeni imkanlar yaradacaq.
Xilasetmə aparatı ABŞ-nin “Katalyst” startapı tərəfindən hazırlanıb və iyulun 3-də təyyarədən buraxılan kiçik “Pegasus” raketi vasitəsilə kosmosa göndərilib. Lakin iyulun 28-də şirkət aparatın artıq 72 saatdır idarəolunmaz şəkildə fırlandığını açıqlayıb. Missiya zamanı rabitənin itməsi də daxil olmaqla bir sıra texniki problemlər yaranıb.
“Katalyst” və NASA sonda əməliyyatın dayandırılmasına qərar verib. Şirkət buna səbəb kimi aparatın istiqamətləndirmə və mövqe idarəetmə sistemində davam edən problemləri göstərib.
Bununla belə, NASA aparatın “Swift” teleskopuna yaxınlaşmaq cəhdlərini davam etdirəcəyini bildirib. Məqsəd gələcəkdə oxşar xilasetmə və peyklərə xidmət missiyaları üçün mümkün qədər çox texniki məlumat toplamaqdır.
“Swift” 2004-cü ildə NASA tərəfindən kosmosa buraxılıb. Teleskopun əsas vəzifələrindən biri kainatın ən güclü və müəmmalı hadisələri sırasında olan qamma-şüa partlayışlarını müşahidə və tədqiq etməkdir.
Musavat.com
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ