Onlayn ictimai-siyasi qəzet
Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, NATO-nun genişlənməsi prosesi istər hərbi, istərsə də siyasi mexanizmlərlə davam edir və bu məsələ həll olunmadan Ukrayna ətrafındakı münaqişənin aradan qaldırılması mümkün deyil. O, bu fikirləri Volodimir Zelenskinin Rusiyanı Budapeşt Memorandumunu pozmaqda ittiham etməsinə cavab olaraq səsləndirib.
Bəs Moskvanın bu mövqeyi real təhlükəsizlik narahatlığından qaynaqlanır, yoxsa daha çox geosiyasi təsir zonasını qoruma strategiyası kimi qiymətləndirilməlidir?
Politoloq Züriyə Qarayeva Sfera.az-a açıqlamasında bildirib ki, Moskvanın arqumenti formal olaraq təhlükəsizlik dilemması məntiqinə söykənir.
Onun sözlərinə görə, NATO-nun şərqə doğru genişlənməsini, 1999-cu ildən etibarən postsovet məkanına yaxınlaşmasını Rusiya hərbi-strateji balansın pozulması kimi təqdim edir:
“Kreml iddia edir ki, alyansın infrastrukturunun, o cümlədən hərbi bazaların, HHM sistemlərinin və raketdən müdafiə elementlərinin öz sərhədlərinə yaxınlaşması potensial təhdid yaradır. Bu kontekstdə Mariya Zaxarovanın bəyanatı Moskvanın uzun illərdir səsləndirdiyi mövqenin davamıdır: NATO məsələsi həll olunmadan Ukrayna böhranının sabit siyasi arxitekturası mümkün deyil. Yəni Rusiya bunu kollektiv təhlükəsizlik mexanizminin transformasiyası problemi kimi çərçivələndirir”.

Politoloq vurğulayıb ki, məsələ yalnız təhlükəsizlik kateqoriyası ilə izah olunmur:
“Ukraynanın Qərb strukturlarına inteqrasiyası Moskvanın postsovet məkanındakı təsir imkanlarını zəiflədir. Ukraynanın NATO və Aİ ilə yaxınlaşması faktiki olaraq Rusiyanın “yaxın xaric” doktrinasına ziddir və bu, geosiyasi nüfuz zonasının daralması deməkdir. Xüsusilə Volodimir Zelenskinin Budapeşt Memorandumuna istinad etməsi hüquqi-siyasi müstəvini önə çıxarsa da, Kreml üçün əsas məsələ normativ öhdəliklərdən çox strateji dərinlikdir. Buna görə də Moskvanın mövqeyi həm real təhlükəsizlik narahatlığını, həm də regional hegemonluq ambisiyasını paralel şəkildə əks etdirir; bu iki amili bir-birindən tam ayırmaq praktik olaraq mümkün deyil”.
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ