İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvanın sabahı bu gün qurulur - Prezidentin səfərinin pərdəarxası

Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana son səfəri təkcə yeni obyektlərin açılışı və təməlqoyma mərasimləri ilə yadda qalmadı. Səfər zamanı səsləndirilən mesajlar, Prezidentin Azərbaycan Televiziyasına verdiyi müsahibədə Naxçıvanın gələcəyi ilə bağlı açıqladığı mühüm məqamlar və ardınca muxtar respublikanın sosial-iqtisadi inkişafı üçün 258 milyon manat vəsait ayrılması göstərdi ki, Naxçıvan üçün yeni inkişaf mərhələsinin konturları artıq daha aydın görünür. Naxçıvan Sənaye Parkının təməlinin qoyulması, enerji layihələri, nəqliyyat və infrastrukturun yenilənməsi, şəhərin 2044-cü ilədək inkişaf planı, sosial layihələr və ən əsası, Zəngəzur dəhlizi ilə bağlı verilən mesajlar bir-birindən ayrı proseslər deyil. Bütün bunlar Naxçıvanın gələcəkdə Azərbaycanın əsas iqtisadi, nəqliyyat və enerji mərkəzlərindən birinə çevrilməsi üçün vahid strategiyanın tərkib hissəsidir.

Prezidentin səfərində verilən mesajlar Naxçıvanın gələcək inkişafı baxımından nə vəd edir? Zəngəzur dəhlizinin reallaşması muxtar respublikanın geosiyasi və iqtisadi əhəmiyyətini nə qədər dəyişəcək? Naxçıvanın sənaye və enerji potensialının artırılması hansı yeni imkanlar yaradacaq?

badam.jpeg (279 KB)

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Musavat.com-a açıqlamasında qeyd edib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Naxçıvana səfərini muxtar respublikanın həyatında yeni bir dövrün başlanğıcı kimi qiymətləndirmək olar:

“Dövlət başçımızın Naxçıvana sayca 17-ci səfəri olan bu səfər öz əhatə dairəsi və burada verilən mühüm mesajlar baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Naxçıvana hər bir səfəri muxtar respublikanın sosial-iqtisadi inkişafı, infrastrukturunun yenilənməsi və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi baxımından mühüm olub. Lakin budəfəki səfəri Naxçıvanın yeni inkişaf mərhələsinə keçidi baxımından xüsusilə əlamətdar hesab etmək olar. Səfər çərçivəsində dövlət başçımız bir sıra müəssisələrin açılışında, yeni layihələrin təməlqoyma mərasimlərində iştirak edib, həyata keçirilən tikinti və yenidənqurma işləri ilə tanış olub. Bütün bunlar göstərir ki, Naxçıvanın inkişafı ilə bağlı nəzərdə tutulan layihələr artıq konkret və praktiki mərhələyə qədəm qoyur. İlk növbədə qeyd etmək lazımdır ki, Naxçıvan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tətbiq olunan yeni idarəetmə modelinə uyğun olaraq idarəetmənin çevik və daha səmərəli həyata keçirilməsinə imkan verən yeni üsula keçib. Prezidentin xüsusi nümayəndəsi institutu vasitəsilə idarəetmənin həyata keçirilməsi qarşıya qoyulan vəzifələrin daha operativ şəkildə icrasına, dövlət siyasətinin vahid konsepsiya əsasında həyata keçirilməsinə və görülən işlərin keyfiyyətinin artırılmasına imkan verir. Digər mühüm istiqamət Naxçıvanın “Yaşıl zona” kimi inkişaf etdirilməsidir. Muxtar respublikanın zəngin günəş, su və digər bərpa olunan enerji imkanlarından səmərəli istifadə edilməsi qarşıya qoyulan əsas vəzifələrdəndir. Bu istiqamətdə artıq mühüm layihələrin icrasına başlanılıb. Dövlət başçımız səfər çərçivəsində 50 meqavat gücündə olan “Şəms-1” və “Üfüq” günəş elektrik stansiyalarında aparılan tikinti işləri ilə tanış olub. Bununla yanaşı, Ordubad rayonunda ümumi gücü 36 və 15,6 meqavat olan iki su elektrik stansiyasının tikintisi də nəzərdə tutulur”.

 suhSpexBKsi0XpF7z9U5RPFzu64HYt1756ljQClb_1200.jpg (151 KB)

Deputat onu da söyləyib ki, bu layihələr Naxçıvanın enerji təminatının daha da yaxşılaşdırılması ilə yanaşı, gələcəkdə onun enerji ixrac edən regiona çevrilməsi baxımından da mühüm əhəmiyyət daşıyır:

“Naxçıvanın “Yaşıl zona” konsepsiyası təkcə ekoloji məsələləri deyil, eyni zamanda iqtisadi inkişafı, enerji təhlükəsizliyini və yeni istehsal imkanlarının yaradılmasını özündə birləşdirir. Səfər çərçivəsində təməli qoyulan Naxçıvan Sənaye Parkı da muxtar respublikanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq. 300 hektardan çox ərazini əhatə edəcək bu sənaye parkı ölkəmizin ən böyük sənaye parklarından biri olacaq. Burada müasir texnologiyalara əsaslanan müxtəlif istehsal sahələrinin yaradılması nəzərdə tutulur. Bu isə Naxçıvanda yeni məhsulların istehsalının və ixrac potensialının artırılmasına, yerli xammaldan daha səmərəli istifadə olunmasına, yeni investisiyaların cəlb edilməsinə və çoxsaylı iş yerlərinin yaradılmasına imkan verəcək. Sənaye Parkında nəzərdə tutulan 300 meqavat gücündə İstilik Elektrik Stansiyası da xüsusi əhəmiyyət daşıyır. Bu stansiyanın yaradılması Naxçıvanın enerji istehsalı imkanlarını genişləndirəcək və gələcəkdə onun enerji ixracı potensialının artırılmasına şərait yaradacaq. Beləliklə, sənaye və enerji layihələrinin paralel şəkildə həyata keçirilməsi Naxçıvanda yeni iqtisadi inkişaf modelinin formalaşmasına xidmət edəcək. Naxçıvanın qarşısında duran ən mühüm perspektivlərdən biri isə onun beynəlxalq nəqliyyat və logistika layihələrinin mühüm tərkib hissəsinə çevrilməsidir. Zəngəzur dəhlizinin açılması və Naxçıvan ərazisindən keçən 194 kilometr uzunluğunda dəmir yolunun bərpası muxtar respublikanın nəqliyyat imkanlarını köklü şəkildə dəyişəcək. Bu dəhlizin tam formalaşması ilə böyük həcmdə yükdaşımaların həyata keçirilməsi, Naxçıvanın regional logistika mərkəzinə çevrilməsi və Azərbaycanın əsas hissəsi ilə birbaşa quru bağlantısının təmin edilməsi mümkün olacaq. Zəngəzur dəhlizinin əhəmiyyəti yalnız nəqliyyatla məhdudlaşmır. Dəhlizin enerji və rəqəmsal bağlantılarla birlikdə formalaşdırılması Azərbaycanın regionda iqtisadi, enerji və texnoloji imkanlarını daha da genişləndirəcək. Naxçıvanın bu layihələrin tərkib hissəsinə çevrilməsi isə muxtar respublikanın strateji əhəmiyyətini əhəmiyyətli dərəcədə artıracaq”.

Müsahibimiz yekun olaraq bildirib ki, son illərdə Prezident İlham Əliyevin sərəncamları ilə Naxçıvanın sosial-iqtisadi inkişafı ilə bağlı bir sıra mühüm dövlət proqramları qəbul olunub və müxtəlif layihələrin icrası təmin edilib:

“Bu proqramların həyata keçirilməsi muxtar respublikanın hərtərəfli inkişafına, infrastrukturun yenilənməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edir. Bu baxımdan, Prezident İlham Əliyevin avqustun 12-də Naxçıvanın inkişafı ilə bağlı 258 milyon manat vəsaitin ayrılması barədə sərəncam imzalaması xüsusi əhəmiyyət daşıyır. Ayrılan vəsait Naxçıvanda yolların, məktəblərin və şəhərlərdəki binaların yenidən qurulması və bərpasına, içməli su və kənd təsərrüfatının su təminatının yaxşılaşdırılmasına, elektrik enerjisi istehsalı infrastrukturunun yaradılmasına və digər mühüm layihələrin həyata keçirilməsinə yönəldiləcək. Bu vəsaitin ayrılması dövlətin Naxçıvanın inkişafına göstərdiyi diqqətin növbəti mühüm göstəricisidir. Eyni zamanda, ayrılan maliyyə vəsaiti yalnız infrastruktur layihələrinin həyata keçirilməsi baxımından deyil, sosial-iqtisadi baxımdan da mühüm nəticələr yaradacaq. Yeni layihələrin icrası tikinti və xidmət sektorlarında iqtisadi aktivliyi artıracaq, yeni iş yerlərinin yaranmasına şərait yaradacaq, yerli sahibkarlığın inkişafına stimul verəcək və nəticə etibarilə Naxçıvan əhalisinin sosial rifahının yüksəlməsinə xidmət edəcək. Ən mühüm məqam ondan ibarətdir ki, bütün bu layihələr bir-birindən ayrı deyil, vahid inkişaf strategiyasının tərkib hissəsidir. Nəqliyyat və logistika, enerji, sənaye, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və sosial infrastruktur sahələrində həyata keçirilən layihələr Naxçıvanın gələcək iqtisadi modelinin əsasını formalaşdırır. Naxçıvanın qarşıdakı dövrdə Azərbaycanın əsas hissəsi ilə fiziki bağlantısının bərpası və ölkə iqtisadiyyatına daha sıx inteqrasiyası muxtar respublikanın uzun illər davam edən nəqliyyat məhdudiyyətlərini aradan qaldıracaq. Bununla Naxçıvan təkcə Azərbaycanın ayrılmaz iqtisadi məkanı kimi deyil, həm də regionun mühüm nəqliyyat, logistika, enerji və sənaye mərkəzlərindən biri kimi öz mövqeyini daha da möhkəmləndirəcək. Bütün bunlar isə Azərbaycanın iqtisadi və geosiyasi gücünün artmasına birbaşa töhfə verəcək. Naxçıvanın yeni inkişaf mərhələsi, əslində, həm muxtar respublikanın, həm də bütövlükdə Azərbaycanın qarşısında yeni iqtisadi və strateji imkanlar açır”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR