Onlayn ictimai-siyasi qəzet
Partiyadaxili kampaniya üçün İranla sərhəddə yerləşən Ağarak şəhərində olan Ermənistanın Baş naziri Nikol Paşinyan sakinlərdən birinin atmacasına əsəbiləşib. Həmin şəxs Paşinyanın sinəsinə sancdığı xəritədə Mehrinin görünmədiyini deyib.
“Əgər Mehri çıxarılıbsa, bəs sən harada durmusan? Bəlkə sən də burada deyilsən və biz bilmirik? Niyə deyirsən ki, Mehri burdan çıxarılıb? Qoy Mehrini çıxaranlar və buna şübhə edənlər gedib başlarını divara çırpsınlar, aydındır? Qoy belə şayiələr yayanlar da gedib başlarını divara çırpsınlar", - Paşinyan bildirib.
![]()
Qeyd edək ki, Ağarak Mehrinin 9 kilometrliyində yerləşir. Ümumiyyətlə, erməni baş nazir son bir ayın içərisində qeyri-ənənəvi hərəkətləri, addımları ilə yadda qalmaqdadır. Seçki ərəfəsində həyat yoldaşı ilə ayrılmasından tutmuş, spiker Simonyanla birlikdə avtobusda qarğıdalı, peraşki, sucuq yeməyinə qədər diqqət çəkir. Həmçinin, avtobusda diskoteka təşkili, insanlara əli ilə ürək jesti etməsi erməni ictimaiyyətində birmənalı qarşılanmır.
Paşinyana nə olub? Seçkiqabağı bu davranışları ona uğursuzluq gətirə bilərmi? Nəzərə alaq ki, erməni cəmiyyəti deyilən qədər liberallaşmayıb...
Politoloq İlyas Hüseynov Musavat.com-a bildirib ki, Ermənistanda seçkiqabağı dövr çox erkən başlayıb:
“Seçkilərə əslində 2025-ci ildən hazırlıqlara start verilib. Bütün siyasi qüvvələr 2026-cı ilin 7 iyununda keçiriləcək parlament seçkilərinə köklənib. Paşinyanın seçkiqabağı dövrdə imicmeyekerləri və siyasi texnoloqları inqilabi dəyişikliklərə gedir. Bütün dövrlərdə olduğu kimi siyasi liderin yeni imicinin formalaşdırılması cəmiyyətdə birmənalı qarşılanmır. Paşinyanın bölgələrə avtobusla öz komandası ilə birlikdə səyahətə çıxması, görüşlər keçirməsi seçki kampaniyasının ayrılmaz tərkib hissəsidir. Lakin əlbəttə Paşinyanın davranışları, zərb alətlərində ifa etməsi, peraşki, qarğıdalı yeməsi, ürək işarəsi göstərməsi və digər bu kimi qeyri-adi hərəkətləri Ermənistan ictimaiyyətində vahid siyasi fikir formalaşdırmır. Erməni cəmiyyəti üçün siyasi liderin bu hərəkətləri yenilikdir. Yeniliyin dərhal hamı tərəfindən qəbul edilməsini gözləmək də düzgün olmaz. Ona görə də mənfi reaksiya verənlər, tənqidi yanaşanlar da tapılır”.

Ekspert hesab edir ki, Paşinyanın xalq kütlələri ilə görüşlərində müxtəlif geosiyasi mərkəzlərin və müxalifətin sifarişi ilə təxribatların təşkil olunması da mümkündür:
“Baş nazirin yaxasındakı xəritə nişanında Mehrinin olmadığının görüşdə iştirak edən bir vətəndaş tərəfindən deyilməsi də bu cür təxribatlardan biri ola bilər. Seçki kampaniyasında müxtəlif bu tipli təxribatçı hərəkətlərin yenə də olacağı istisna deyil”.
Etibar Seyidağa,
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ