Onlayn ictimai-siyasi qəzet
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Ankara millət vəkili Kürşad Zorlu "APA-Economics"ə açıqlamasında bildirib ki, türk dövlətləri arasında ortaq ödəniş sistemi yaradıla bilər.
O qeyd edib ki, Türk dövlətləri arasında ortaq və inteqrasiya olunmuş ödəniş sisteminin yaradılması istiqamətində addımlar atıla bilər.
K.Zorlu bildirib ki, bu istiqamətdə yaradılması təklif olunan ortaq İnkişaf Bankı mühüm baza rolunu oynaya bilər. “Əgər belə bir bankı birlikdə qura bilsək, öz milli valyutalarımızla ticarətimizi daha güclü hüquqi və institusional platforma üzərindən həyata keçirmək imkanımız olacaq. Bu halda mövcud problemlərimiz də azalacaq. Ortaq bank yarada bilsək, milli valyutalarımızın regionda daha güclü şəkildə hərəkət etməsinə və ticarət əlaqələrimizin genişlənməsinə imkan verə bilərik”, – deyə o vurğulayıb.
Türk dövlətləri arasında ortaq ödəniş sisteminin yaradılması mümkün və realdırmı?
Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Musavat.com-a bildirib ki, türk dövlətləri arasında ortaq ödəniş sisteminin yaradılması texniki və institusional baxımdan mümkündür, amma bunu vahid valyutanın yaradılması ilə qarışdırmaq olmaz. Hazırkı mərhələdə daha real model milli valyutaları saxlayaraq onların arasında birbaşa və sürətli ödəniş-hesablaşma mexanizmi yaratmaq ola bilər: “Onu da deyim ki, bu istiqamətdə artıq müəyyən baza formalaşıb. Türk Dövlətləri Təşkilatı çərçivəsində Türk İnvestisiya Fondu yaradılıb və fondun məqsədləri sırasında üzv ölkələr arasında ticarətin genişləndirilməsi və iqtisadi inteqrasiyanın gücləndirilməsi dayanır. Fondun təsis sazişi 2023-cü ildə imzalanıb, 2024-cü ildə qüvvəyə minib.
Ortaq ödəniş sistemi yaradılarkən üç müxtəlif model mümkündür. Birincisi, milli ödəniş sistemlərinin inteqrasiyası. Məsələn, Azərbaycan şirkəti Türkiyəyə ödənişi manatla edir, Türkiyədəki şirkət isə lirə ilə vəsait alır. Aradakı konvertasiya və hesablaşmanı ortaq texnoloji platforma həyata keçirir. Belə sistemdə dollar və avro vasitəçi valyuta kimi daha az istifadə oluna bilər. İkincisi, ortaq hesablaşma vahidi modeli ola bilər. Bu modeldə türk dövlətləri ticarətdə ayrıca bir hesablaşma vahidindən istifadə edə bilərlər. Bu, milli valyutaların ləğvi demək deyil.
Gələcək inteqrasiya sıfırdan yeni sistem qurmaqdan daha çox mövcud milli sistemlərin bir-birinə bağlanması formasında ola bilər”.
Deputat hesab edir ki, türk dövlətləri arasında ortaq ödəniş sisteminin yaradılmasında müəyyən problemlər var: “Əsas problem texnologiya deyil. Əsas məsələ mərkəzi bankların və maliyyə tənzimləyicilərinin qaydalarının uyğunlaşdırılmasıdır. Valyuta məzənnələrinin fərqləri, inflyasiya səviyyələrinin kəskin fərqlənməsi, banklararası hesablaşma qaydaları, ödənişlərin təhlükəsizliyi və kibertəhlükəsizlik, kapital hərəkətinə dair milli məhdudiyyətlər, milli valyutaların konvertasiyası, bankların bir-birinə etimad və likvidlik mexanizmləri kimi məsələlər həllinin tapmalıdır”.
Etibar Seyidağa,
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ