İnsanlara hürriyət, millətlərə istiqlal!

Nərmin Quliyevanın qətli işi üzrə SON QƏRAR

Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın amansız qətlində təqsirli bilinən İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb. İlkin Süleymanov barəsindəki ittihamedici hökmün ləğv edilməsini, bəraət qərarı çıxarılmasını xahiş edib. O, ittihamları qətiyyətlə rədd edib. Vəkilləri cinayətin İlkin Süleymanov tərəfindən törədilməsini böyük şübhə altına alan sübutlar təqdim etsələr də, aşağı və apellyasiya məhkəmə instansiyaları sübutlara qiymət verməyiblər.

Musavat.com xəbər verir ki, Ali Məhkəmənin qərarına əsasən, İlkin Süleymanovun kassasiya şikayəti təmin edilməyib və əvvəlki instansiya məhkəmələrinin qərarları qüvvədə saxlanılıb.

Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlkin Süleymanov 18 il müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi də onun vəkilləri tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməyib. Buna baxmayaraq, İlkin Süleymanov özünü günahsız hesab edir və ittihamları qəbul etmir. Müdafiə tərəfi apellyasiya və kassasiya instansiyalarında bəraət hökmünün çıxarılmasını tələb edib.

İttiham materiallarına görə, 2019-cu il noyabrın 19-da itkin düşən Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın yandırılmış meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkarlanıb. Cinayətin açılması məqsədilə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Aparılan təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən, kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahid ifadələri toplanıb, məhkəmə-tibbi, məhkəmə-bioloji və məhkəmə-kimyəvi ekspertizalar təyin olunub. İstintaq zamanı Süleymanovun yaşadığı evin həyət qapısı, süni daş örtüyü, Nərmin Quliyevanın saxlanıldığı otaqdakı çarpayı örtüyü və pərdələr üzərindən qanabənzər ləkələr aşkar edilərək maddi sübut kimi götürülüb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (köməksiz vəziyyətdə olan şəxsi öldürmə), 144.3 (adam oğurluğu) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR