İnsanlara hürriyət, millətlərə istiqlal!

Perinatal Mərkəzin direktoru məhkəmə zalında həbs olundu – 7 uşağın ölüm işi  

Respublika Perinatal Mərkəzində 7 yenidoğulmuş körpənin ölümü ilə nəticələnən dəhşətli yanğınla bağlı cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən son iclasda təqsirləndirilən şəxslər barəsində hökm elan olunub.

Musavat.com xəbər verir ki, mərkəzin direktoru Mehriban Abbasquliyeva son sözündə özünü təqsirli bilmədiyini deyib. O, məhkəmənin ədalətli qərar verəcəyinə inandığını bildirib. Müşavirədən qayıdan hakimlər kollegiyası hökmü elan edib. Hökmə əsasən, Mehriban Abbasquliyeva 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində məhkəmə zalındaca həbs qətimkan tədbiri seçilib və o, iclas zalında həbs olunub.

Qeyd edək ki, dövlət ittihamçısı əvvəlki məhkəmə prosesində çıxış edərək təqsirləndirilən şəxslərin dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan 3 il müddətinə məhrum edilməsini istəmişdi. Prokuror Mehriban Abbasquliyevaya 8 il, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayevə və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədliyə isə 7 il azadlıqdan məhrumetmə cəzası təyin olunmasını, həmçinin onların məhkəmə zalından həbs edilməsini təklif etmişdi.

Xatırladaq ki, Respublika Perinatal Mərkəzində yanğın 2024-cü il yanvarın 9-da baş verib.

Hadisədən sonra Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanıb və istintaq Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub. İstintaq materiallarına görə, yanğın mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədə baş verib. Nəticədə 7 yenidoğulmuş körpə həyatını itirib, 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə nəticəsində müəssisəyə 361 min manat məbləğində maddi ziyan dəyib.

Cinayət işi üzrə irəli sürülən ittihamda göstərilib ki, Mehriban Abbasquliyeva 2022-ci il dekabrın 27-də direktor vəzifəsinə təyin olunduqdan sonra müəssisənin real tibbi resurslarını və texniki imkanlarını nəzərə almadan xəstə qəbulunun sayını təxminən iki dəfə artırıb. İstintaqın qənaətinə görə, bu qərar elektrik təsərrüfatının normadan artıq yüklənməsinə, nəticədə isə yanğının baş verməsinə səbəb olan amillərdən biri olub. Perinatal Mərkəzdə baş vermiş faciə ölkədə səhiyyə müəssisələrinin texniki təhlükəsizliyi, elektrik sistemlərinin vəziyyəti və rəhbər şəxslərin məsuliyyəti ilə bağlı geniş ictimai müzakirələrə səbəb olmuşdu.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR