İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva-İrəvan gərginliyində qorxulu “diversiya” mesajı – Lavrovdan təhlükəli açıqlama

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanla münasibətlər və İrəvanın Avropa İttifaqına yaxınlaşması fonunda diqqətçəkən açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Lavrov RBC telekanalına müsahibəsində baş nazir Nikol Paşinyanın Ermənistan dəmir yollarının idarə olunması üzrə konsessiyanın satılması barədə çağırışının Moskvada təəccüb doğurduğunu deyib.

Lavrovun sözlərinə görə, İrəvan bu təklifin məntiqini izah etməlidir. O bildirib ki, Rusiya və Ermənistan baş nazirlərin müavinləri səviyyəsində mütəmadi əlaqə saxlayır və Cənubi Qafqaz Dəmir Yolunun fəaliyyəti də daxil olmaqla istənilən məsələ bu formatda müzakirə edilə bilər.

Rusiya XİN rəhbəri Ermənistanın Avropa İttifaqına inteqrasiya kursuna da toxunub. Lavrov Avrasiya İqtisadi İttifaqı ölkələrinin may sammitində Ermənistan rəhbərliyinə referendum keçirmək və ölkənin hansı istiqaməti seçdiyini müəyyənləşdirmək çağırışı etdiyini xatırladıb.

“Avropa İttifaqını istəyirsiniz, yoxsa Avrasiya İqtisadi İttifaqında qalmaq istəyirsiniz? Məncə, bu, tamamilə əsaslandırılmış tələbdir. Bir təşkilatın normaları digərinin normaları ilə uyğun gəlmir”, – deyə Lavrov bildirib.

O, Paşinyanın referendumun vaxtı ilə bağlı mövqeyini də tənqid edib. Lavrovun sözlərinə görə, Ermənistan artıq Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanun qəbul etdiyi halda, vaxtı gələndə qərar verəcəyik mövqeyi suallar yaradır.

Lavrov bildirib ki, Paşinyanın son açıqlamasına əsasən, referendum yalnız Ermənistan Aİ-yə müraciət etdikdən, Brüsseldən cavab aldıqdan və üzvlük üçün “yol xəritəsi” hazırlandıqdan sonra gündəmə gələ bilər.

Rusiya XİN rəhbəri bunu erməni seçicilərinə etimadın yüksək olmamasının göstəricisi kimi qiymətləndirib və Ermənistan cəmiyyətinə iki istiqamət arasında açıq seçim təqdim edilməli olduğunu söyləyib. O, Avrasiya İqtisadi İttifaqı çərçivəsində Ermənistanın iqtisadi göstəricilərinə diqqət çəkərək, son üç ildə ticarət dövriyyəsinin 6 milyard dolları keçdiyini, ayrı-ayrı dövrlərdə isə 12 milyard dollara çatdığını bildirib.

Lavrov müsahibədə Rusiyanın Ermənistanda “yumşaq güc” imkanlarının zəif olması barədə fikirlərə də cavab verib. Jurnalistin Rusiya yumşaq gücdən istifadə etməyi bacarmır fikrinə münasibət bildirən nazir deyib:

“Əlbəttə, bizim hələ müharibədən əvvəlki və müharibə dövründən diversiya fəaliyyəti təcrübəmiz var. Kəşfiyyatçılarımız müxtəlif ölkələrdə çalışıblar və maraqları qəhrəmancasına müdafiə ediblər. Amma bu, ilk növbədə məlumat toplamaqdır. Dövlət çevrilişləri təşkil etməyə gəlincə, bunu öyrənməmişik”.

Lavrov həmçinin Aİ ilə yaxınlaşmağa çalışan ölkələrdəki analitiklərin Avropa İttifaqının nə olduğunu və bu inteqrasiyadan hansı faydaları əldə etmək istədiklərini diqqətlə qiymətləndirməli olduqlarını deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR