İnsanlara hürriyət, millətlərə istiqlal!

Nura Suri qədər müdafiəçisi olmayan...

 

Şair Bəxtiyar Hidayət (II Bəxtiyar) deyir ki:

“İnsan özü itkin düşə, insanlığı itincə,
Yüz il gözdən iraq ola, üzdən iraq olmaya”.

Bu misraları bir az başqa cür improvizə etsək, belə də deyə bilərik: İnsanın vəzifəsi əldən gedincə, canı əldən getsə yaxşıdır, yoxsa üzdən də iraq olur, gözdən də.

Sabbah yox, biri gün 40 gün olacaq ki, gündəmdə Ramiz müəllimdir. Siyasətin akademikini ağ yuyub qara sərənlərin sırası genişlənməkdədir. “Qisas qiyamətə qalmaz” serialının yerini “o mənim saçımı da dartmışdı” ifadələri almışdı, hazırda “Yada düşər xatirələr” rubrikasında açıqlamalar davam edir.

Arada hətta “Nədir İblis? Cümlə xəyanətlərə bais. Bəs hər sözü xain olan insan nədir? İblis” lirikasına yol verənlər də olur.

Professor deyir, ona bu da azdır, çünki zamanında çox adama yamanlıq eləyib. İşi belə olub. Bir az da öz canında varmış.

Amma yenə də adam düşünür ki, iki onillik boyunca ölkənin de-fakto ikinci adamı olasan və Nura Suri qədər dəstəkçin olmaya.

Xəbəri olanlar bilir, müğənni Nura ilə Mənzər adlı bir məmurə xanımın ixtilafı olmuşdu, ondan sonra müğənni trol hücumuna məruz qalmışdı, amma tərəfdarları, təəssübkeşləri, pərəstişkarları xanım Suriyə necə dəstək verdilərsə, döyüş\söyüş nöqtələri susduruldu. Hərçənd onun müdafiəçiləri arasında trolluq elementləri sərgiləyənlər də vardı. Belə çıxırdı ki, Nura xanım partiya qursa, 5-6 aya ana müxalifət lideri olar. Amma heç demə, o, hakim partiyanın üzvü imiş. Hər halda xanım protest elektoratı arasında sevilirmiş.

Düzdür, vaxtında akademik də “bə çeşm” deyənlər tərəfindən çox sevilirdi, amma indi məlum olur ki, o sevgi vəzifəsinə, imkanlarına, yamanlıq edə bilmək potensialına görə imiş, şəxsi məziyyətlərə görə deyilmiş.

Çünki heç ola bilməz ki, o qədər adamla ünsiyyətdə olmuş, mininə pislik etsə də, yüzünə yaxşılığı dəymiş adamın bir manqa müdafiəçisi olmasın. Kədərlidir.

Ola bilər, müəllimin gizli müdafiəçiləri var və ona üçüncü adamlar vasitəsilə “yanınızdayıq, akademik” mesajı göndərirlər. Yüz gizli mesajdansa, bir açıq dəstək yeydir.

Əslində isə indi heç kəs onun yanında olmaq istəmir. Hətta iş bərkə düşsə, üzünə durarlar, deyərlər, o bizi çox şeyə vadar edirdi.

Belə yerdə müəllim dünyanın vəfasızlığı, vəzifənin etibarsızlığı, insanların nankorluğu və namərdliyi barədə lirik-sentimental hisslərə qapılmasın, neyləsin? Bəlkə də şeir yazmaq qabiliyyəti olsa, o, Vaqifə nəzirə yazardı:

“Mən cahan mülkündə mütləq doğru halət görmədim,
Kadrlarda sifət gördüm, amma sədaqət görmədim”.

Yeri gəlmişkən, şair Vaqif də öz zamanında sarayın ikinci adamı olub, amma o da Rusiya ilə işbirliyində ittiham olunub və axırı yaxşı olmayıb.

Yazdığı şeirdən də görünür ki, şair-vəzir axır-axırda dissidentliyə meyllənibmiş. Belə misraları var:

“Dövlətü iqbalü malın axırın gördüm tamam,
Həşmətü cahü-cəlalın axırın gördüm tamam.

Sadəcə, gül kimi söhbətin axırını yenə aparıb qədd-qamətə, hüsnü-surətə zülfə, xala-filana bağlayıb. Müasir dövrdə olsa, onu Feysbukda rüsvay edərdilər, yazardılar ki, şair, ürəyin jim-jim elədi, reallığı yaza bilmədin, yaz də, yaz, görək, sərhədlər niyə açılmır, uşaqpulu niyə verilmir, nə vaxta qədər zənəxdandan, mina gərdəndən yazacaqsan.

Xüləs, qayıdaq mətləb üstünə. Böyük ehtimalla akademikin taleyini şairinki kimi eləməzlər. O cür cəza növləri ölkəmizdə çoxdan yoxdur. Görürsünüz, heç oğluna da toxunmurlar. Budur, bax, adamın özünü 38 gündür, yumşaq desək, tənqid edirlər, amma oğlu hələ də iş başındadır.

Yuxarıdakı cümlə koordinat vermək, “onu niyə işdən çıxarmırlar” sualı qoymaq deyil, savadlı adamlar demişkən, faktın konstatasiyasıdır. Oğul ataya cavabdeh deyil. (Bu, sovet dövrünün demaqogiyasıdır, atasına görə xoşbəxt və bədbəxt olan oğullar çox olub).

Hərçənd humanizm prinsiplərini əldə rəhbər tutmayan qəddar bədxahlar tələb edirlər ki, müəllimin bütün şəcərəsinin cəzası ağır olsun. Ona uzun ömür arzulayanlar da çoxdur – sırf cəza növü olaraq.

Keçən ayın 14-də deyirdik, yəqin bir küləkdir, əsib keçəcək. Tornado olsa da, bitmiş olardı. Amma hələ davam edir. Əlac yoxdur, oturaq, gözləyək.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR