Onlayn ictimai-siyasi qəzet
Süni intellektin həyatımızda rolu artır, ancaq təbii intellekti nə qədər işlətmiş və faydasını görmüşüksə, bunda da oxşar vəziyyət olacaqdır. Biz adətən necə deyirik? “Yüz fikir bir borcu ödəmir”, “Nə çox oxuyursan, bəlkə alim olassan?!”, “Filankəs o qədər oxudu, başı xarab oldu” və sairə. Hələ fikirin insanla cinsi əlaqəsi barədə biədəb, arqo məsəlimiz, deyim vardır ki, onu burda yazmıram, bilənlər bilməyənlərə danışsın.
Yəni süni intellektin dünya camaatını işsiz qoyacağı barədə qorxular, təşvişlər bizim ərazidə keçərli deyil, çünki biz onsuz da işsizik.
Avqustda beynəlxalq mediada xəbər verilmişdi, süni intellekt bir çətin riyazi məsələni həll etmişdi. Deyir, 80 ildir bu problemi alimlər həll edə bilmirmiş. Problemin qısa məzmunu isə bu cür idi: “Müstəvidə verilmiş istənilən sayda nöqtə üçün eyni məsafədə yerləşən nöqtə cütlərinin maksimum sayı nə qədər ola bilər?”
Açığı, mən bunu oxuyanda güldüm, çünki biz bunu çoxdan həll etmişik və doğru cavab “sonsuz sayda”dır. İnanmırsınızsa, pik saatlarda metroya girin. Vaqon müstəvisindəki istənilən nöqtə-vətəndaşın ətrafında eyni məsafədə “n” sayda vətəndaş-cütləri toplaşır.
Yaxud, hardasa ev tikirik, küçə, səki, məktəb, park kimi şeylər vecimizə olmur. Nəticədə 1 evin ətrafında sonsuz sayda ev toplanır, olur Həsən kişinin dəyirmanı...
Hələ bu süni intellekti bit basmamış zamanlarda, uzaq 80-ci illərdə bizdə bir anekdot yaranmışdı və vəziyyəti uzaqgörənliklə ifadə edirdi: “Yaponlar mükəmməl kompüter düzəldirlər. Sınaq keçirilir, hərə gəlir bir sual verir. İngilis diplomatiyadan, fransız məhəbbətdən, nə bilim, hindistanlı filmdən... Kompüter hamısını cavablandırır. Növbə çatır azərbaycanlıya, bunun sözündən sonra kompüterin təpəsindən tüstü çıxır, xarab olur. Yaponlar heyrətlənir, deyirlər, Mamed san, sualın nə idi, Mamed müəllim deyir: “Əşşi, soruşdum nə var, nə yox...” Yaponlar gedib kompüteri təzədən yığırlar, onun yaddaşına dünyada nə var və nə yoxdusa hamısını doldururlar. İkinci sınaq keçirilir, kompüter yenə yanır. Yaponlar dəli olurlar, deyirlər, a kişi, sən bundan nə soruşdun, Mamed deyir: “Bu dəfə soruşdum başqa nə var, nə yox”.
Sözümün canı budur ki, BDU-ya 600 baldan çox toplayıb girən cocuqlarımızdan cəmi 3-4 nəfəri aktual elmləri, məsələn, kompüter mühəndisliyini-zadı seçibmiş, qalan hamı hüquqşünaslığa cumubdur, hal-qəziyyə isə qəzetimizi narahat edibdir. Ancaq burda narahatlığa qəti səbəb yoxdur. Kompüter Vəzirova lazım idi, biz hüquqi dövlətdə yaşadığımız üçün hazırda ən vacibi hüquqşünaslıqdır.
Hüquqi-demokratik vəziyyət o dərəcədə inkişaf etmişdir ki, bugünlərdə hətta 18 yaşlı bir gəncimizin siyasətə atıldığı barədə xəbər yayıldı. Doğrudur, həmin azərbaycanlı uşaq İsveçdə hansısa bələdiyyə-filana üzvlüyünü irəli sürmüşdü, ancaq nə dəxli? Biz artıq nəinki Biləcəridə, İsveçdə də siyasətə qarışırıq, seçkilərdə iştirakımızla, səs verib, səs almağımızla qürur duyuruq. Belə olan şəraitdə hüquqşünaslığa maraq təbiidir. Hamımızın qəlbindəki ən dəruni guşələrdə bir prokurorluq arzusu, hakimlik xəyalı yatır.
Nəinki insanlarımızın, heyvanların da hüquqları müsbət şəkildə qorunur. Çimərlikdə bir at var idi, faytona qoşub adam daşıyırdılar, boyun-boğazı yara olmuşdu. Dövlətin vaxtında müdaxiləsi sayəsində həmin at aşkar edilib götürüldü, zooparka yerləşdirildi. Son məlumata görə orda pələng atı yeyibdir...
Zarafat edirəm, atın vəziyyəti əladır, kolbasa sexinin müdiri işləyir. ZooTV-yə intervü vermişdi, deyir gələn il heyvan hüquqşünası olmaq meymunun yanına hazırlığa gedir.
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ