İnsanlara hürriyət, millətlərə istiqlal!

“...Ölümümlə bağlı şayiələr şişirdilib”

Putin yenidən prezident olmaq istəyirmi?

Rusiya prezidenti Vladimir Putin ötən gün Sankt-peterburqda beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə keçirdiyi geniş görüşdə qlobal siyasətin əsas istiqamətlərinə dair mühüm açıqlamalar verib.

Picture background

Musavat.com kremlin.ru saytına istinadən xəbər verir ki, müsahibənin ən geniş hissəsi Ukrayna müharibəsinə həsr olunub. Putin bildirib ki, Rusiya ordusu bütün cəbhə boyunca hücum əməliyyatları aparır və təşəbbüs Moskvanın əlindədir, ordu bütün cəbhə xətti boyunca hücum əməliyyatları aparır.
Prezident ilk dəfə olaraq konkret faiz göstəriciləri səsləndirərək iddia edib ki. Luqansk vilayəti tam – 100 faiz, Donetsk vilayətinin 85 faizdən çox hissəsi Rusiyanın nəzarəti altındadır. Zaporojye vilayətinin isə təxminən 80 faizi Rusiyanın nəzarəti olduğunu söyləyib. Putinin sözlərinə görə, bu dinamika davam edir və Rusiya qüvvələri mərhələli şəkildə irəliləyir.

Picture backgroundRusiya dövlət başçısına görə, Ukrayna ordusunun əsas problemi canlı qüvvə çatışmazlığıdır. Buna baxmayaraq, Rusiya tərəfi münaqişənin sülh yolu ilə həllinə hazır olduğunu bəyan edir. Prezident qeyd edib ki, müəyyən kompromislər mümkündür, lakin bunun üçün Kiyevin də eyni addımı atması vacibdir.
Ermənistanla bağlı suala da Putin geniş cavab verib: “Bilirsiniz, burada qeyri-adi bir şey yoxdur. Hazırkı baş nazirin arxasında duran siyasi qüvvələr uzun müddətdir ki, bu barədə danışırlar və bundan çəkinmirlər, bunu açıq şəkildə edirlər. Əslində, burada heç bir problem yoxdur. Onlar müəyyən Qərb standartlarına, Avropa standartlarına diqqət yetirirlər. Ermənistanın ölkənin inkişafı, müstəqilliyi, suverenliyi üçün prioritet hesab etdikləri standartları və tərəfdaşları seçmək hüququ var. Bizim narahatlığımız nədir? İqtisadi inkişaf üçün çoxlu sayda formal görünən, lakin vacib aspektlər mövcuddur. Əgər qanun qəbul edilərsə - və bu, artıq sadəcə söhbət deyil, qanundur - biz erməni həmkarlarımızdan hansı istiqamətdə gedəcəklərinə mümkün qədər tez qərar vermələrini xahiş edərdik. Baş nazir Paşinyan özü bu yaxınlarda bu məsələ ilə bağlı referendum keçirilməsini zəruri hesab etdiyini deyib. Bizim yalnız bir xahişimiz var: bunu mümkün qədər tez etmək, vəssalam. Heç bir şikayətimiz yoxdur. Ermənistan hansı yolu seçməsindən asılı olmayaraq, onunla normal münasibətləri qoruyub saxlayacağıq, vəssalam. Beləliklə, burada heç bir əsas siyasi məsələ görmürəm. İqtisadi və texniki məsələlər var. Ümid edirəm ki, bunu da həll edəcəyik”.
Müsahibədə Azərbaycanla münasibətlər də xüsusi vurğulanıb. Putin iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib və bu əməkdaşlığın konkret layihələrlə möhkəmləndiyini bildirib.
Rusiya investisiyalarının həcminin 10 milyard dolları keçdiyi vurğulanıb. Bundan əlavə, “Şimal–Cənub” nəqliyyat dəhlizi kimi layihələrin region üçün böyük əhəmiyyət daşıdığı bildirilib.
Humanitar sahədə əlaqələr, əmək miqrasiyası və iqtisadi əməkdaşlıq da münasibətlərin əsas istiqamətləri kimi qeyd olunub. “Deməliyəm ki, ticarət artır və qarşılıqlı təchizat üçün əlavə imkanlar açılır. Bir sıra konkret sahələr üzrə danışıqlar aparırıq. Hətta düşünürəm ki, bu barədə danışmaq hələ tezdir, amma bu, əsasən enerji ilə bağlıdır. Prezident İlham Əliyevlə görüşəcəyəm və mütləq hər şeyi sonradan müzakirə edəcəyik". 

Picture background

“Frans-Press”in Rusiyadakı iqtisadi vəziyyətlə bağlı sualına da Putinin cavabı maraqlı olub. Putin Rusiya iqtisadiyyatının dayanıqlı olduğunu vurğulasa da, mövcud problemləri də inkar etməyib. Onun sözlərinə görə, son illərdə iqtisadi artım 10 faizə yaxın olub və dövlət borcu nisbətən aşağı səviyyədə qalır. Bununla belə, inflyasiya və yüksək faiz dərəcələri kimi problemlər qalmaqdadır. Prezident bildirib ki, hökumət bu riskləri nəzarətdə saxlamaq üçün sərt monetar siyasət yürüdür. Putin Rusiyadakı iqtisadi vəziyyətə Qərbin yanaşmasına belə reaksiya verib: “Mark Tvenin dediyi kimi - düşünürəm ki, bu, ölümümlə bağlı şayiələr çox şişirdilib". Bəzən döyüş meydanında məğlubiyyəti proqnozlaşdırırlar, bəzən deyirlər Rusiyanın iqtisadiyyatı dağılıb. Amma biz arzulara qapılmamalıyıq- real rəqəmlərlə, real tendensiyalarla, real vəziyyəti qiymətləndirməliyik”.
Putin deyib ki, son üç ildə Avrop Birliyinin iqtisadiyyatı təxminən üç faiz böyüyüb: “Rusiya iqtisadiyyatı nə qədər böyüyüb? 10 faiz, AB-nin artımından üç dəfədən çox. Avrozonanın aparıcı iqtisadiyyatı olan Almaniya 1 faizdən az böyüyüb”.
Rusiya prezidenti 2030-cu il prezident seçkilərində iştirakının mümkünlüyünü də şərh edib.Rusiya liderinin sözlərinə görə, Rusiya Konstitusiyası belə iştiraka icazə versə də, bu məsələni müzakirə etmək hələ tezdir.
"Həqiqətən də, Konstitusiya 2030-cu ildə namizədliyini irəli sürməyə imkan verir", - deyə Rusiya lideri jurnalistlərlə söhbətində bildirib. "Amma düşünürəm ki, bu barədə danışmaq üçün hələ tezdir. Açığı, bu, çox tezdir". Putin etiraf edib ki, hazırda bu barədə düşünmür. "Sizə açıq deyirəm: bu barədə heç düşünmürəm də". Ölkə bir çox genişmiqyaslı və təcili problemlərlə üzləşir. Onları düşünmədən, Rusiyanın gələcəyinə diqqət yetirərək həll etmək lazımdır. Biz məhz bunu düşünməliyik", - deyə Rusiya prezidenti yekunlaşdırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR