İnsanlara hürriyət, millətlərə istiqlal!

Onlar da MSK-dan göndərilir-Pənahov isə qala bilər

Mərkəzi Seçki Komissiyası (MSK) bu ay buraxılacaq. Mərkəzi Seçki Komissiyasının sonuncu tərkibi 2021-ci ilin aprel ayının 27-də formalaşıb. Bundan əvvəlki parlament seçkiləri növbədənkənar keçirilsə də, MSK-nın yeni tərkibi əvvəlki üzvlərinin səlahiyyət müddətinin 5-ci ilinin tamam olmasından sonra formalaşıb.

Beləliklə, MSK-nın yeni tərkibinin 2026-cı ilin aprel ayında formalaşacağı gözlənilir.
Qeyd edək ki, MSK-nın üzvləri Milli Məclis tərəfindən seçilir. Qanunvericiliyə əsasən də MSK-nın tərkibi Yeni Azərbaycan Partiyasının, parlamentdə azlıqda təmsil olunan siyasi partiyaların və bitərəflərin təqdim etdiyi siyahı əsasında formalaşır. Hər zaman da MSK sədri Yeni Azərbaycan Partiyasının təqdim etdiyi siyahının tərkibindən seçilir. Yəni bu birbaşa YAP-ın iradəsindən asılıdır. MSK-nın 18 yerlik tərkibinin 6 üzvü parlamentdə çoxluq təşkil edən partiyanın, 6 üzvü müstəqil deputatların, 6 üzv isə azlıqda olmaqla bölüşdürülür. Milli Məclisdə YAP daxil olmaqla, 11 partiya var. MSK-da 6 yer onlara, 6 yer isə müstəqillərə məxsusdur. Qalan 6 yeri isə 10 partiya öz aralarında razılaşdırmaqla müəyyənləşdirməlidir.

Məzahir Pənahov 2000-ci ildən etibarən quruma rəhbərlik edir. O, 1998-2000-ci illərdə MSK-nın Beynəlxalq Əlaqələr İdarəsinin rəisi işləyib. 2000-ci il mayın 19-da MSK üzvü təyin olunub və həmin gün komissiyaya sədr seçilib. Komissiyanın ən yaşlı üzvü 79 yaşlı Şaitdin Əliyev və Nizami Nadirxanlıdır. Onların da MSK-nın tərkibindən çıxarılacağı gözlənilir.
MSK növbədənkənar prezident seçkisinə görə iclas keçirəcək

Məzahir Pənahov 2000-ci ildən etibarən bu vəzifəni daşımaqdadır. O, 1998-2000-ci illərdə MSK-nın Beynəlxalq Əlaqələr İdarəsinin rəisi işləyib. 2000-ci il mayın 19-da MSK üzvü təyin olunub və həmin gün komissiyaya sədr seçilib. 25 ildir MSK-ya sədrlik edən Məzahir Pənahov bu müddət ərzində 3 referendum (2002, 2009, 2016), 5 prezident (2003, 2008, 2013, 2018, 2024), 6 parlament (2000, 2005, 2010, 2015, 2020, 2024) və 5 bələdiyyə (2004, 2009, 2014, 2019, 2024) seçkisi keçirib. M.Pənahovdan öncə MSK-nın sədri Cəfər Vəliyev olub.

M.Pənahov son dövrlərdə mediada daha çox ailə problemləri ilə gündəmə gəlib. Siyasi kuluarlarda MSK-nın yeni sədrinin Rövzət Qasımov olacağı iddia edilir. Lakin Musavat.com-un ən son əldə etdiyi məlumata görə, 75 yaşlı Məzahir Pənahovun növbəti müddət üçün də MSK sədrliyində saxlanması gözlənilir.

YAP-da və hakimiyyət daxilində MSK sədrinin kim olacağı məsələsinin uzun müddətdir davam edən müzakirəsi Məzahir Pənahovun xeyirinə yekunlaşıb. Hələ ki, rəsmi qərarlaşdırılmasa da Pənahovun MSK sədrliyinə namizədliyinin irəli sürülməsi barədə ilkin razılıq əldə olunduğu deyilir. Qarşıdakı həftələrdə yuxarıların mövqeyində dəyişiklik olmayacağı halda, Məzahir Pənahov növbəti müddətdə də MSK sədri olacaq. YAP-ın və bitərəf deputatlarının MSK üzvlüyünə təqdim edəcəkləri namizədlər siyahısında isə hazırkı üzvlərin yarıya yaxınının adı olmayacaq. Onları yeni şəxslər əvəz edəcək. Qeyd edək ki, hazırda Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının YAP-dan olan üzvləri Məzahir Pənahov, Rövzət Qasımov, Hüseyn Paşayev, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımovadır. Partiyasız deputatların nümayəndələri isə Arifə Muxtarova (katib), Fuad Cavadov, İlham Məmmədov, Nizami Nadirxanlı, Qabil Orucov və Nailə Əsgərovadır.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR