İnsanlara hürriyət, millətlərə istiqlal!

“Oyun bitdi...” – Azərbaycanlı siyasətçidən ultimatum kimi ÇAĞIRIŞ

İranda “Yaşıl Hərəkat”ın liderlərindən olan Mirhüseyn Musəvi ölkədə etirazçılara qarşı güc tətbiqini “böyük xəyanət və xalqına qarşı cinayət” adlandırıb. O, ölkədə dərhal referendum keçirilməsinə və hökumətin xarici müdaxilə olmadan dəyişdirilməsinə çağırıb.  “İnsanlar necə deyə bilər ki, bu sistemə ehtiyacları var? Oyun bitdi. Ölkənin böhranlardan çıxmaq üçün heç bir həlli yoxdur və bu millətin başqa bir seçimi qalmır, yalnız nəticə əldə olunana qədər yenidən etiraz etməkdən başqa” - deyə o vurğulayıb.

Onun sözlərinə görə, gec-tez hüquq-mühafizə orqanları etirazları yatırtmaqdan imtina edəcək. Musəvi hakimiyyəti getməyə çağırıb: “Konstitusiya referendumunun keçirilməsi bütün maraqları birləşdirən 3 əsas prinsipə əsaslanmalıdır: xarici müdaxilənin olmaması, daxili tiraniyadan imtina və sülh yolu ilə demokratik keçidin təmin edilməsi”.

Qeyd edək ki, Musəvi İrandakı ilk baş nazirlərdən biridir. O, etnik azərbaycanlıdır və islahatçı qanadın nümayəndəsi kimi tanınır. 2009-cu ildə, prezident seçkilərindən sonra baş verən etirazların aparıcı fiquru olub və "Yaşıl Hərəkat" adını alan mitinqləri idarə edib. O, İranda əsas səlahiyyətlərin Ali dini liderdən Prezidentə keçirilməsini istəyən başlıca siyasətçilərdən biri idi. Musəvi həyat yoldaşı ilə birlikdə 2009-cu ildən ev dustaqlığındadır.

Musəvinin növbəti etirazlara, müxalifət hərəkatına başçılıq etmək şansı varmı? Güneylilər ona dəstək verərmi? Ən əsası, rejim referenduma gedərmi? Əslində o, həm də Pezeşkianın ürəyindən keçənləri ifadə edib. Prezidentin ona dəstək verməsi mümkünmü?

İran etirazları (2017–2018) — Vikipediya

Siyasi şərhçi Fikrət Fəraməzoğlu Musavat.com-a bildirib ki, Musəvi nüfuzlu olsa da, yaşlıdır: “Onun əvvəlki enerji ilə mübarizə apara billəcəyini demək bir qədər çətindir. İkincisi, o, İrandakı rejimin əsas simalarından biri olsa da, sonradan müxalifətə keçib. Bu da cəmiyyətdə onun haqqında birmənalı fikir yaratmır”.

Təhlilçinin fikrincə, bəli, zamanında onun böyük nüfuzu olub. “2009-cu il hadisələrinin də favoriti olub. Lakin onun rəhbərlik etdiyi “Yaşıl Hərəkat” əvvəlki kimi fəal deyil. Üstəlik, siyasi proseslərə başçılıq edəcək gücü yoxdur. Burada onun ev dustağı olması da faktorlardan biridir. Onun evdən prosesləri necə idarə edəcəyi bir qədər çətin məsələdir. Nəzərə alaq ki, onunla görüşə çox vaxt icazə verilmir. Sabah iddiasını qoysa, məhdudiyyətlər də artacaq. Telefon, kommunikasiya və görüşlərin hamısı dayandırılacaq. Belə olan halda, onun prosesi idarə etməsi mümkün olmayacaq”,- deyə açıqlamasında bildirib.

Siyasi şərhçi güneylilərin Musəviyə dəstək verib-verməyəcəkləri barədə sualımızı belə cavablayıb: “Əslində, güneylilər ona dəstək verə bilər. Həm Təbrizdəndir, həm də Pəhləvidənsə, onun dəstəkləmələri daha məntiqli görünür. Onsuz da Güney Azərbaycandakılar Pəhləvini qəbul etmir. Elə son aksiyalarda fəal olmamalarına səbəb də bu faktor idi. “Rejim referenduma gedərmi” sualınıza gəlincə, bu, mümkün deyil. Çünki bu rejimin özünü buraxması deməkdir. Heç bir şəkildə buna razı olmayacaq. Üstəlik, Musəvinin təklifi budur ki, referendumu BMT keçirməlidir. Yəni molla rejiminin onu saxtalaşdırmaq imkanı da əlindən çıxmış olacaq. Belə olan halda, heç bir şəkildə Musəvinin təklifi mollalar üçün qəbul edilən deyil”.

İrana HÜCUM tarixi bilindi-İnanaqmı?

Müsahibimiz istənilən halda president Pezeşkianın Musəviyə dəstək verməsini mümkünsüz sayır: “Əvvəla, Pezeşkian və Musəvi eyni siyasi qanadı təmsil edirlər. İkisi də “islahatçı” qanadın nümayəndələridir. Digər tərəfdən, Pezeşkian hakimiyyətə gəldikdən sonra Musəvini ev dustaqlığına buraxdırmaq üçün İranın dini liderinə minnətçi də düşmüşdü. Amma xahişi geri çevrildi. Pezeşkianın onu açıq dəstəkləməsi real deyil. Bu, rejimin siyasətinə tərs olmaqla yanaşı, İran prezidentinin impiçmentinə səbəb ola bilər. Ola bilər ki, hansısa inzibati resurslar hesabına müəyyən dəstək verə bilər. Bunu ada gizli şəkildə edə bilər. Amma bu resursların Musəvinin nə kimi işinə yarayacağı məlum deyil.

Burada bir amili də nəzərə alaq - Pezeşkian son hadisələrdən sonra ciddi şəkildə nüfuz itirib. Artıq insanlarda ona etimad qalmayıb. Elə bu səbəbdəndir ki, iranlılar ona yeni ləqəb veriblər: “Doktor qullabi”, yəni “Saxta doktor”. Cəmiyyətin əksər qismi onu proseslərə müdaxilə edərək, kütləvi qan tökülməsinin qarşısını almamaqda ittiham edirlər.

Sizə maraqlı bir faktı deyim. Mirhüseyn Musəvi əslən Təbrizin yaxınlığında yerləşən Xaminə kəndindəndir. İranın dini lideri Əli Xamneyi də o kənddəndir. Onların atalarının əmioğlu olduğu bildirilir. Bunu Təbrizdə həmin nəsli yaxşı tanıyan şəxslər də təsdiqləyirlər”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR