Onlayn ictimai-siyasi qəzet
Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baron İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) "Etimadın qurulması və demokratiyanın möhkəmləndirilməsi üzrə Qlobal Forumun"da çıxışı zamanı növbəti dəfə Azərbaycanı hədəfə alıb. Barron Azərbaycanı Fransanın xarici ərazilərində, o cümlədən Yeni Kaledoniyada baş verən proseslərə müdaxilə etməkdə ittiham edib. O, bunu demokratiyanı sabitsizləşdirməyə yönələn xarici təsirlərlə bağlı nümunələr sırasında təqdim edib. “Bütün bunlar artıq geniş şəkildə sənədləşdirilib. Fransada Fələstin məsələsi ilə bağlı süni qarşıdurmalar yaratmaq üçün saxta hesablar açan İsrail şirkətidir. Fransanın xarici ərazilərində üsyana çağırışlar etmək və təxribatçı konstitusiya layihələrini yaymaq məqsədilə Numeada (Yeni Kaledoniyanın paytaxtı) konqreslər təşkil edən Azərbaycan qrupudur. Avropalı liderlərə qarşı sosial şəbəkənin virallığından istifadə edərək milli müzakirələrə təsir göstərmək məqsədi daşıyan, İlon Mask tərəfindən həyata keçirilən kütləvi onlayn təqib kampaniyalarıdır” deyə, o bildirib.

"Fransa nazirinin Azərbaycana qarşı ittihamları Fransa tərəfinin Azərbaycanla münasibətlərdə qarşıdurma ritorikasından hələ də əl çəkə bilmədiyini göstərir”. Bu barədə isə Azərbaycan XİN-in bəyanatında deyilir. “Azərbaycanı Yeni Kaledoniya və Fransanın digər dənizaşırı ərazilərindəki yaşayan xalqların hüquqları uğrunda apardıqları mübarizəyə müdaxilədə ittiham etmək tamamilə əsassızdır. Fransanın dənizaşırı ərazilərində baş verən proseslərə dair fərqli mövqeləri olan tərəfləri əsassız şəkildə xarici müdaxilə ilə əlaqələndirmək həmin ərazilərin əhalisinin iradəsini və narahatlıqlarını kölgədə qoymaq cəhdidir.
Demokratiya, insan hüquqları və hüququn aliliyi barədə danışan Fransa rəsmilərinin, ilk növbədə, bu prinsiplərin Fransanın siyasətində ardıcıl tətbiqinə diqqət yetirməsi daha məqsədəuyğun olardı. Fransa tərəfini Azərbaycanla bağlı əsassız iddialara son qoymağa, beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət, suveren bərabərlik və daxili işlərə qarışmamaq prinsiplərinə riayət etməyə çağırırıq", - məlumatda qeyd olunub.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Fransanın xarici işlər nazirinə cavabı tamamilə əsaslı və tutarlı cavabdır: “Azərbaycan Fransanın daxili işlərinə müdaxilə etmir. Nazir Baronun Fransanın xarici əraziləri adlandırdığı ərazilərdə, eləcə də Yeni Kaledoniyada yaşayan insanlar özlərini Fransanın müstəmləkəsi altında əzilən xalqlar hesab edirlər və buna qarşı mübarizə aparırlar. Bu, artıq insan haqları məsələsidir. Həmin xalqların təmsilçiləri Azərbaycana onların problemlərini müvafiq beynəlxalq təşkilatlarda, tədbirlərdə qaldırmaq üçün müraciət edirlər. Azərbaycan da məsələyə insan haqlarını, azadlıqlarını müdafiə prizmasından yanaşaraq onları müdafiə edir. Odur ki, Azərbaycanın daha çox insan hüquq və azadlıqlarının müdafiəsi xarakteri daşıyan addımlarını İlon Maskla əlaqələndirmək tamamilə absurddur”.
Etibar Seyidağa,
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ