Onlayn ictimai-siyasi qəzet
Regionda gərginlik davam etdiyi bir vaxtda Ermənistan hakimiyyətinin diqqətinin daxili siyasi kampaniyaya yönəldiyi iddia olunur.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli müxalifyönlü “Past” qəzeti Nikol Paşinyan və “Vətəndaş Müqaviləsi” Partiyasının 50 üzvünün bu günlərdə daxili partiya təşviqat kampaniyası apardığını yazıb.
Saytın iddiasına görə, regionda proseslər “qaynadığı” halda Paşinyan komandası “piroq və qarğıdalı yeməklə” yanaşı, müxtəlif bölgələrdə təşkil olunmuş görüşlər keçirir. Qəzet bildirir ki, hakim partiyada vəziyyət təqdim edildiyi qədər sabit deyil.
“Past”ın iddiasına görə, Ermənistan Milli Təhlükəsizlik Xidməti son sorğuların nəticələrini Paşinyana təqdim edib və həmin nəticələrə əsasən “Vətəndaş Müqaviləsi” Partiyası bütün istiqamətlər üzrə geriləyir. Mənbənin iddiasına görə, partiyanın reytinqi təxminən 14% səviyyəsində qiymətləndirilir və əsas müxalif qüvvələr sürətlə mövqelərini gücləndirir. Hətta bir neçə həftə sonra Paşinyanın rəhbərlik etdiyi partiyanın sorğularda liderliyini itirə biləcəyi vurğulanır.
Partiya siyahısında ən çox səs toplamış 50 nəfərin bölgələrə səfər etdiyi “şən avtobus”da da bu sorğular müzakirə olunub. Nəşrin məlumatına görə, reytinqi artırmaq üçün Paşinyan nazirlərə yeni populist təkliflər hazırlamaq tapşırığı verib.
Məsələn, Paşinyan doğulduğu İcevan şəhərində hökumətin hər il pensiyaları inflyasiya səviyyəsinə uyğun artıracağını bəyan edib. Bildirilir ki, Maliyyə Nazirliyi pensiyaların indeksasiyasına qarşı çıxsa da, Paşinyan seçkilərin yaxınlaşdığını əsas gətirərək qərarın vacibliyini vurğulayıb. Digər nazirliklərə də müxtəlif təşəbbüslər irəli sürmək göstərişi verildiyi qeyd olunur.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ