İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanı öz adamları devirəcək - təhlükə

“Hraparak”: “Onun ətrafı daha “cırıq şalvarlı” və cibiboş şəxslər deyil”

“Nikol Paşinyanın ətrafındakı insanlar artıq onun vaxtilə fəxrlə təqdim etdiyi “cırıq şalvarlı”, cibiboş şəxslər deyil. Paşinyan hakimiyyətə gələndə deyirdi: “Mən başqaları kimi deyiləm. Özümlə xalqın içindən çıxmış adi, kasıb insanları gətirmişəm”. Lakin doqquz il ərzində həmin “adi insanlar” o qədər dəyişib, o qədər varlanıb və hakimiyyətin imkanlarından bəhrələniblər ki, artıq dünənki adamları tanımaq çətindir”.

Musavat.com xəbər verir ki, bu barədə hraparak.am yazır.

Nəşr yazır ki, indi Paşinyanın ətrafında illər əvvəl xalqdan çıxmış sadə insanlar kimi təqdim etdiyi, lakin zamanla böyük siyasi və inzibati imkanlar əldə edən şəxslər dayanır: “Paşinyanın özünü isə onların taleyini müəyyən edən əsas fiqur kimi gördüyü hiss olunur: istəsə vəzifədən uzaqlaşdırır, istəsə əldə etdikləri imkanları əllərindən alır. Son dövrlərdə bunun nümunələri də az deyil. Lakin siyasətdə səssizlik həmişə sədaqət demək deyil. Bəzən susmaq sadəcə gözləmə rejimidir”.

“Hraparak” yazır ki, istənilən hakimiyyət üçün ən böyük təhlükə hər zaman kənardan gəlmir: “Xarici rəqibi görmək və onunla mübarizə aparmaq mümkündür. Əsl çat isə sistemin daxilində başlayır – ətrafındakılar sizə gülümsəyir, başlarını tərpədir, hər şeylə razılaşır, amma daxilən başqa hesablar aparırlar. Əsas sual da budur: sabah siyasi vəziyyət dəyişsə, onlar harada dayanacaqlar? Paşinyan düşünə bilər ki, bu insanları dövlətin gücü ilə öz ətrafında saxlayır. Lakin zaman göstərir ki, həmin şəxsləri hakimiyyətə bağlayan əsas amillər onlara təqdim olunan imkanlar, status və illər ərzində formalaşmış rahatlıqdır. Məhz burada Paşinyanın siyasi sisteminin əsas ziddiyyəti ortaya çıxır. İllərlə öz mövqelərini yalnız ona borclu olan insanlarla əhatə olunan hakimiyyət sahibləri bir məqamı tez-tez unudurlar: həmin insanlar bir gün ən sadiq müdafiəçilər deyil, ən təhlükəli şahidlərə çevrilə bilərlər. Çünki onlar hakimiyyətin daxili mexanizmlərini, qərarların necə qəbul edildiyini, qapalı görüşlərdə nələrin müzakirə olunduğunu və hansı proseslərin pərdəarxasında baş verdiyini bilirlər”.

Picture background

Erməni nəşrinə görə, bu gün İrəvanda hər şey sakit görünə bilər, lakin siyasətdə ən gurultulu səslər bəzən ən uzun müddət susanlardan gəlir: “Əgər Paşinyanın siyasi sistemi çat verməyə başlayarsa – bunun əlamətləri artıq görünür – ona ən ağır zərbə meydandan deyil, məhz illər ərzində özünün formalaşdırdığı siyasi çevrədən gələ bilər. Çünki hakimiyyətin sərt qanunlarından biri budur: insanları yalnız öz yanında olsunlar deyə yüksəldirsənsə, onlar da sükan sənin əlində olduğu müddətcə yanında qalırlar. Amma sükanın istiqaməti dəyişəndə loyallığın da istiqaməti dəyişə bilər. Bu səbəbdən bir gün Paşinyana qarşı onun öz adamları çıxsa, ən böyük sürpriz onların ona qarşı çıxması yox, həmin şəxslərin vaxtilə məhz Paşinyanın özü tərəfindən irəli çəkilməsi olacaq.

Onlar kənardan gələn rəqiblər deyil. Onlar illər ərzində onunla çiyin-çiyinə dayanan, hakimiyyət pillələrində onun dəstəyi ilə yüksələn insanlardır. Elə buna görə də xalq arasında istehza ilə səslənən “Paşinyanı öz adamları devirəcək” ifadəsi yalnız zarafat deyil. Bu sözlərin arxasında sadə bir siyasi həqiqət dayanır: “Hakimiyyət üçün ən böyük təhlükə çox vaxt uzaqda dayananlardan deyil, illərlə ən yaxınında olanlardan gəlir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR