Onlayn ictimai-siyasi qəzet
İranın xarici işlər naziri Abbas Əraqçi Pentaqonu və ABŞ administrasiyasını müharibə xərcləri ilə bağlı yalan məlumat yaymaqda ittiham edən sərt bəyanatla çıxış edib.
Musavat.com xəbər verir ki, Əraqçi İsrailin baş naziri Benyamin Netanyahunun "macərasının" Amerikaya birbaşa 100 milyard dollar ziyan vurduğunu bildirib.
Onun sözlərinə görə, bu rəqəm rəsmi Vaşinqtonun bəyan etdiyindən dörd dəfə çoxdur. Nazir vurğulayıb ki, Amerika vergi ödəyiciləri üçün dolayı xərclər daha yüksəkdir və hazırda hər bir amerikalı ailənin aylıq hesabına bu müharibəyə görə əlavə 500 dollar yük düşür və bu məbləğ sürətlə artmaqda davam edir.
Əraqçi "İsrail hər şeydən öncə" prinsipinin hər zaman "Amerika ən sonda" mənasına gəldiyini qeyd edərək, ABŞ rəhbərliyini öz xalqının maraqlarını deyil, İsrailin maraqlarını müdafiə etməkdə ittiham edib. Bu bəyanat Vaşinqtonda müharibə səlahiyyətləri ilə bağlı qızğın müzakirələrin getdiyi bir vaxtda ABŞ daxili auditoriyasına yönəlmiş ciddi bir ismarış kimi qiymətləndirilir.
İran rəsmisi həmçinin əlavə edib ki, iqtisadi itkilərin bu miqyasda gizlədilməsi ABŞ-da sosial partlayışa səbəb ola bilər. Pentaqon isə hələlik bu rəqəmlərlə bağlı rəsmi şərh verməyib.
Musavat.com
19 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ