Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp administrasiyası ölkəyə daxil olduqdan sonra sığınacaq üçün müraciət edən və ya hazırda müraciət prosesində olan əcnəbilərin 200 minə yaxın turist və işgüzar vizasını ləğv etməyə hazırlaşır.
Musavat.com "RBC-Ukrayna"ya istinadən qərar qəbul olunarsa, bu, ABŞ tarixində eyni anda həyata keçirilən ən böyük kütləvi viza ləğvi olacaq.
Söhbət 2016-2026-cı illər arasında verilmiş B1 (işgüzar) və B2 (turistik) kateqoriyalı vizalardan gedir. Dövlət Departamentinin yaxın həftələrdə bu qərarı elan edə biləcəyi gözlənilir.
Səlahiyyətli qurumlar ABŞ-yə qısamüddətli ziyarətçi kimi gələn, lakin sonradan sığınacaq istəyən şəxsləri müəyyənləşdirir. Ləğv etmə prosesi mərhələli şəkildə aparılacağı üçün ləğv olunan sənədlərin dəqiq sayı dəyişə bilər.
ABŞ rəsmiləri bildiriblər ki, vizanın ləğvi avtomatik olaraq şəxsin ölkədən dərhal deportasiya edilməsi mənasını daşımır. Sığınacaq müraciətlərinə baxılan şəxslərin əksəriyyəti başqa bir müvəqqəti status kateqoriyasına keçiriləcək, lakin onlar turist və ya işgüzar vizası olan şəxs statusunu itirəcəklər. Hələlik bu planla bağlı yekun qərarın verilmədiyi vurğulanır.
Donald Tramp administrasiyası dövründə ABŞ viza müraciətçilərinə olan tələbləri ardıcıl olaraq sərtləşdirir. Müraciət edənlərdən sosial media fəaliyyətləri haqqında daha çox məlumat tələb olunur, bəzi hallarda isə böyük məbləğdə pul girovu istənilir.
Dövlət katibinin müavini Kristofer Landau turist və işgüzar vizalarla ölkəyə daxil olub sonradan sığınacaq istəyənləri tənqid edərək bildirib ki, sığınacaq hüququ immiqrasiya qanunvericiliyindən yayınmaq üçün bir vasitə olmamalıdır. Hazırda B1 və B2 vizası üçün yeni müraciət edənlərdən sığınacaq istəmək niyyətində olmadıqlarını və öz ölkələrinə qayıdacaqlarını təsdiqləmələri tələb olunur.
Son 18 ay ərzində ABŞ Dövlət Departamenti artıq 175 minə yaxın vizanı ləğv edib. Bu şəxslərin arasında cinayət törətməkdə (sərxoş sürücülük, zorakılıq, soyğunçuluq və s.) təqsirləndirilənlər və ya məhkum olunanlar, habelə ABŞ siyasətinə qarşı açıq çıxış edənlər yer alıb. B1 və B2 viza sahiblərinin yoxlanılmasına isə Vətəndaşlıq və İmmiqrasiya Xidmətindən sığınacaq müraciətləri ilə bağlı məlumatlar daxil olduqdan sonra başlanılıb.
Musavat.com
25 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ