Onlayn ictimai-siyasi qəzet
İran Prezidenti Məsud Pezeşkianın Qırğızıstanın paytaxtı Bişkekdə qızı Zəhra Pezeşkiana Azərbaycan dilində müraciət etməsi diqqət çəkib.
Musavat.com xəbər verir ki, bu barədə “Bakinski raboçi” qəzetinin Teleqram kanalında görüntülər yayılıb. Görüntülər Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçirilən sammiti çərçivəsində lentə alınıb.
Kadrlarda İran Prezidenti yanında dayanan qızını özünə tərəf çağıraraq Azərbaycan dilində: “Zəhra, bura gəl! Keç gəl bura!” – deyə səslənir. Pezeşkianın rəsmi tədbirdə qızına məhz Azərbaycan dilində müraciət etməsi sosial şəbəkələrdə maraqla qarşılanıb.
Zəhra Pezeşkian atasını mühüm xarici səfərlərdə müşayiət edir. Məsud Pezeşkianın həyat yoldaşı illər əvvəl vəfat etdiyindən, birinci xanımların iştirak etdiyi bəzi rəsmi mərasimlərdə İran Prezidentini qızı müşayiət edir.
Həmçinin, Bişkek səfəri Azərbaycan–İran liderləri arasında səmimi görüntülərlə də yadda qalıb. Avqustun 31-də Prezident İlham Əliyev və Məsud Pezeşkian Bişkekdə görüşüblər. Görüşün keçirilməsi Azərbaycan Prezidentinin rəsmi saytında da qeyd olunub.
Görüşdən əvvəl iki dövlət başçısı arasında kameraların qarşısında səmimi dialoq yaşanıb. Pezeşkiana “Borjomi” mineral suyu təqdim edilərkən Prezident İlham Əliyev masada Azərbaycan sularının da olduğunu diqqətə çatdıraraq iranlı həmkarına doğma dilimizdə “Azərbaycan suyundan da için” deyə müraciət edib.
Masada “Sirab”, “Badamlı” və Kəlbəcərin məşhur “İstisu” mineral suları olub. Prezident İlham Əliyev Azərbaycan mineral sularından birini özü açaraq Pezeşkianın stəkanına süzüb. Daha sonra dövlət başçıları Azərbaycan suyundan içərək söhbətlərini xoş təbəssümlər və səmimi ünsiyyət şəraitində davam etdiriblər.
Pezeşkianın həmin Bişkek tədbirində yayılan daha bir görüntüdə qızına Azərbaycan dilində səslənməsi də xüsusi maraq doğurub. İran Prezidentinin Azərbaycan dilində danışması onun mənşəyi ilə də bağlıdır: Pezeşkian daha əvvəl müxtəlif çıxışlarında Azərbaycan türkcəsində danışıb və Azərbaycana səfərləri zamanı da bu dildən istifadə edib.
Diqqətçəkən digər məqam Zəhra Pezeşkianın Azərbaycanla bağlı mövqeyidir. O, avqustun 26-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ünvanladığı təbrik məktubunda İranla Azərbaycanı “qonşu, dost və qardaş ölkələr” adlandırıb, iki ölkə arasındakı dostluq və qardaşlığın dərin köklərə malik olduğunu vurğulayıb.
Musavat.com
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ