İnsanlara hürriyət, millətlərə istiqlal!

PISA 2025: Azərbaycandan 7 432 şagird iştirak edib 

Azərbaycanda 7 432 şagird PISA 2025 beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edib.

Musavat.com xəbər verir ki, bunu PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşündə Təhsil İnstitutunun direktoru vəzifəsini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev deyib.

Onun sözlərinə görə, tədqiqata cəlb olunan 7 432 şagird ölkə üzrə ümumilikdə 118 min 15 yaşlı şagirdi təmsil edir.

Elnur Əliyev bildirib ki, Azərbaycan PISA 2025-də ilk dəfə ölkə üzrə genişmiqyaslı şəkildə iştirak edib. Əvvəlki tədqiqatlarda iştirak əsasən Bakı şəhəri ilə məhdudlaşdığı halda, builki qiymətləndirməyə ölkənin müxtəlif iqtisadi rayonlarında yerləşən şəhər və kənd məktəbləri də cəlb olunub.

Tədqiqat çərçivəsində Abşeron-Xızı, Bakı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Lənkəran-Astara, Mil-Muğan, Mərkəzi Aran, Naxçıvan Muxtar Respublikası, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Şirvan-Salyan, Şəki-Zaqatala və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerləşən məktəblər iştirak edib.

Ümumilikdə 241 məktəbin, o cümlədən 154 şəhər və 87 kənd məktəbinin şagirdləri qiymətləndirməyə cəlb olunub. İştirakçıların 52 faizini oğlanlar, 48 faizini isə qızlar təşkil edib. Beynəlxalq miqyasda isə PISA 2025 tədqiqatında 91 ölkədən 760 min şagird iştirak edib. Bu şagirdlər ümumilikdə təxminən 33 milyon 15 yaşlı məktəblini təmsil edir.

PISA nəyi ölçür?

PISA 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə əldə etdikləri bilikləri real həyatda qarşılaşdıqları problemlərin həllində tətbiq etmək bacarıqlarını qiymətləndirən beynəlxalq tədqiqatdır.

OECD tərəfindən həyata keçirilən PISA tədqiqatı üç ildən bir keçirilir.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR