İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident İlham Əliyevin Özbəkistan səfərindən böyük gözləntilər

Prezident İlham Əliyevin avqustun 23-də Özbəkistana başlayan dövlət səfəri   Azərbaycan-Özbəkistan münasibətlərinin artıq strateji tərəfdaşlıqdan müttəfiqlik mərhələsinə keçdiyi bir vaxtda həmin münasibətlərin konkret layihələrlə daha da dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər 23–24 avqust tarixlərində keçirilir.

İki qardaş ölkə arasında siyasi müstəvidə münasibətlər kifayət qədər yüksək səviyyəyə çatıb. Prezident İlham Əliyevin səfərdən əvvəl Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində qeyd etdiyi kimi, son beş ildə iki ölkə arasında yüksək səviyyədə 15 qarşılıqlı səfər həyata keçirilib. 2023-cü ildə yaradılan Ali Dövlətlərarası Şura isə münasibətlərin institusional bazasını gücləndirib. Bu, əlaqələrin artıq yalnız liderlərin şəxsi münasibətlərindən deyil, dövlət mexanizmlərindən də asılı olan uzunmüddətli modelə çevrildiyini göstərir.

Milli Məclisin deputatı Aydın Hüseynov Musavat.com-a bildirib ki, Prezident İlham Əliyevin səfərinin mühüm nəticələrindən biri iqtisadi münasibətlərin siyasi yaxınlaşmanın tempinə çatdırılması ola bilər: "2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artaraq 795 milyon dollara çatıb. 2026-cı ilin yanvar-may aylarında isə ticarət dövriyyəsi daha 33 faiz artıb. Tranzit daşımalarında da yüksəliş var. 2025-ci ildə 1,4 milyon ton, 2026-cı ilin ilk altı ayında isə 675 min ton yük daşınıb.

Burada daha böyük məsələ isə Azərbaycan-Özbəkistan əməkdaşlığının Xəzər-Mərkəzi Asiya xəttində yeni iqtisadi və nəqliyyat platformasına çevrilməsidir. Azərbaycan Avropaya çıxış imkanlarına, Özbəkistan isə Mərkəzi Asiyanın böyük iqtisadi və demoqrafik bazarına malikdir. Bu iki imkanın birləşməsi Orta Dəhlizin yalnız tranzit marşrutu deyil, istehsal, logistika, investisiya və ticarət zənciri kimi formalaşmasına şərait yarada bilər. Prezident Əliyev də əvvəlki çıxışlarında Orta Dəhlizin əhəmiyyətinin artmasını xüsusi vurğulayıb.

Aydın Hüseynov: “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi suverenliyini  təmin edən əsas dayaqlardandır”

Digər mühüm istiqamət qarşılıqlı investisiyalardır. Azərbaycan şirkətləri Özbəkistanda, özbək şirkətləri isə Azərbaycanda artıq real layihələr həyata keçirirlər. Məsələn, Füzulidə 100 hektarlıq “Dostluq bağı”, avtomobil və avtobus istehsalı sahəsində əməkdaşlıq, Daşkənddə “Ritz-Carlton” hotel və yaşayış kompleksi, “Sea Breeze Uzbekistan” layihəsi iki ölkə iqtisadiyyatının getdikcə bir-birinə bağlandığını göstərir".

Deputat hesab edir ki, Azərbaycan Prezidentinin səfərinin başqa bir əhəmiyyətli tərəfi Mərkəzi Asiya ilə Azərbaycan arasında siyasi əlaqələrin daha geniş regional platformaya çevrilməsidir: "Özbəkistan Mərkəzi Asiyanın ən böyük və strateji əhəmiyyətli dövlətlərindən biridir. Azərbaycan isə regionu Türkiyə və Avropa bazarlarına bağlayan əsas dövlətlərdən biridir. Ona görə Bakı-Daşkənd münasibətlərinin güclənməsi faktiki olaraq Cənubi Qafqazla Mərkəzi Asiyanın əlaqələndirilməsini sürətləndirir.

Bu baxımdan Azərbaycan və Özbəkistanın maraqları ciddi şəkildə üst-üstə düşür. Azərbaycan Mərkəzi Asiyada özünün mövqeyini gücləndirir, Özbəkistan isə Azərbaycan vasitəsilə Xəzərdən qərbə çıxış imkanlarını genişləndirir. Bu əməkdaşlıq hər iki ölkəyə geosiyasi baxımdan daha geniş manevr imkanlar verir".

 

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR