İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-Daşkənd ittifaqı böyüyür: Hədəfdə nəqliyyat, iqtisadiyyat və Türk dünyası var

"Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin növbəti mərhələsinin konturlarını müəyyənləşdirmək baxımından mühüm siyasi hadisədir. Əslində, bu səfərə yalnız Bakı ilə Daşkənd arasındakı münasibətlər kontekstində baxmaq düzgün olmazdı. Burada daha böyük bir mənzərə var: Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin dərinləşməsi və bu regionda siyasi, iqtisadi və nəqliyyat imkanlarının getdikcə genişlənməsi".

Bu sözləri Musavat.com-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü səviyyəyə çatması təsadüfi proses deyil:

"Bir neçə il əvvələ qədər iki ölkə arasındakı münasibətlər daha çox tarixi və mədəni qardaşlıq kontekstində təqdim olunurdusa, bu gün həmin qardaşlıq konkret siyasi müttəfiqliyə, iqtisadi layihələrə və regional əməkdaşlığa çevrilib. Burada ən diqqətçəkən məqam münasibətlərin sürətidir. Azərbaycan və Özbəkistan qısa müddətdə dostluqdan strateji tərəfdaşlığa, strateji tərəfdaşlıqdan isə müttəfiqliyə yüksəlib. Bu, sadəcə diplomatik terminlərin dəyişməsi deyil. Bu, iki dövlətin bir-birinə baxışının dəyişməsidir. Artıq Bakı və Daşkənd bir çox məsələlərdə eyni istiqamətdə hərəkət edən, bir-birinin imkanlarını tamamlayan tərəfdaşlardır".

NYWhtZGOWgcrMbiqkzRopEMuyv7N0lOdKN2oRkSu_1200.jpg (50 KB)

"Prezident İlham Əliyevlə Prezident Şavkat Mirziyoyev arasında formalaşmış siyasi dialoq bu prosesin mühüm amillərindən biridir. Lakin məsələnin yalnız liderlərin şəxsi münasibətləri ilə izah edilməsi də doğru olmaz. Liderlər arasında qarşılıqlı etimad çox vacibdir. Amma münasibətlərin davamlı olması üçün siyasi iradə institusional mexanizmlərə çevrilməlidir. Ali Dövlətlərarası Şuranın yaradılması və artıq üçüncü iclasının keçirilməsi məhz bunu göstərir. Yəni münasibətlər ayrı-ayrı səfərlərdən və görüşlərdən asılı olan formatdan çıxaraq sistemli dövlətlərarası əməkdaşlıq modelinə çevrilir", - deputat vurğulayıb.

İSKENDER.jpeg (149 KB)

Vüqar İskəndərov onu da diqqətə çatdırıb ki, səfərin əsas siyasi mesajlarından biri Azərbaycanın Mərkəzi Asiyaya münasibətində yeni mərhələnin formalaşmasıdır:

"Azərbaycan bu gün Mərkəzi Asiyaya sadəcə dost və qardaş dövlətlərlə münasibət quran ölkə kimi baxmır. Biz artıq bu regionun iqtisadi və nəqliyyat imkanlarının formalaşmasında iştirak edən ölkəyik. Xəzər dənizi Azərbaycanı Mərkəzi Asiyadan ayıran sərhəd olmaqdan daha çox, bizi həmin coğrafiya ilə birləşdirən strateji körpüyə çevrilir. Bu baxımdan Özbəkistanla münasibətlər xüsusi əhəmiyyət daşıyır".

Parlamentarinin fikrincə, Orta Dəhliz bu münasibətlərin yalnız bir istiqamətidir və məsələyə daha geniş baxmaq lazımdır:

"Orta Dəhliz haqqında çox danışılır və haqlı olaraq onun əhəmiyyəti vurğulanır. Amma mən hesab edirəm ki, burada daha böyük perspektiv var. Azərbaycan və Özbəkistan arasında nəqliyyat bağlantılarının inkişafı gələcəkdə Xəzər hövzəsi ilə Mərkəzi Asiyanı daha sıx iqtisadi məkana çevirə bilər. Bu isə təkcə yüklərin bir ölkədən digərinə daşınması demək deyil. Söhbət istehsal, investisiya, sənaye kooperasiyası və yeni regional iqtisadi zəncirlərin formalaşmasından gedir".

V.İskəndərov onu da xüsusi olaraq vurğulayıb ki, Bakı ilə Daşkənd arasında iqtisadi münasibətlərin ən böyük üstünlüyü siyasi etimadın iqtisadi əməkdaşlığı qabaqlamasıdır:

"İqtisadi layihələr üçün ən vacib amillərdən biri etimaddır. Azərbaycan və Özbəkistan arasında bu etimad artıq yüksək siyasi səviyyədə formalaşıb. İndi əsas məsələ həmin siyasi kapitalı daha böyük iqtisadi layihələrə çevirməkdir. Birgə müəssisələr, qarşılıqlı investisiyalar, sənaye kooperasiyası və üçüncü bazarlara birlikdə çıxış imkanları qarşıdakı mərhələdə daha çox diqqət tələb edən istiqamətlərdir".

Milli Məclis təmsilçisi deyib ki, Azərbaycan-Özbəkistan münasibətlərinin Qarabağ amili də xüsusi siyasi və mənəvi məna daşıyır:

"Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirakı qardaşlığın ən real ifadələrindən biridir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikilməsi və digər əməkdaşlıq nümunələri göstərdi ki, Özbəkistan Azərbaycanın ağrısını və sevincini bölüşən dövlətlərdəndir. Bu cür addımlar dövlətlərarası münasibətlərə iqtisadi rəqəmlərdən daha böyük məna verir. İki ölkənin əməkdaşlığı Türk Dövlətləri Təşkilatı baxımından da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistanın yaxınlaşması yalnız ikitərəfli münasibət deyil. Bu proses Türk dünyasının gələcək arxitekturasına da təsir edir. Çünki siyasi iradə, iqtisadi potensial və əlverişli coğrafiya bir yerdə olduqda Türk Dövlətləri Təşkilatının imkanları da genişlənir. Mən hesab edirəm ki, Bakı və Daşkənd bu prosesin əsas hərəkətverici qüvvələrindən biri ola bilər".

4El1yhHCeXFedyPKJwt8JFKN9bZRPmU0q3v2szYF_1200.jpg (74 KB)

Müsahibimiz sonda bildirib ki, bugünkü səfərin başqa bir mühüm tərəfi də Azərbaycan və Özbəkistan münasibətlərinin artıq yalnız dövlət başçıları səviyyəsində deyil, xalqlar, biznes dairələri, şəhərlər, elm, təhsil və mədəniyyət sahələrində də dərinləşməsidir:

"Ən uğurlu xarici siyasət o siyasətdir ki, dövlətlərarası sənədlərdən sonra onun nəticəsi insanların gündəlik həyatında görünür. Azərbaycan və Özbəkistan münasibətlərinin də qarşıdakı mərhələdə əsas hədəfi məhz bu olmalıdır. Biz siyasi müttəfiqliyi iqtisadi inteqrasiyaya, iqtisadi əməkdaşlığı isə xalqların daha da yaxınlaşmasına çevirməliyik. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərinə bu baxımdan yalnız ikitərəfli münasibətlərin növbəti mərhələsi kimi deyil, Azərbaycanın yeni geosiyasi imkanlarının göstəricisi kimi baxmaq lazımdır. Azərbaycan son illərdə xarici siyasətində bir neçə istiqaməti paralel şəkildə uğurla inkişaf etdirir. Özbəkistanla münasibətlər isə bunun Mərkəzi Asiya istiqamətində ən parlaq nümunələrindən biridir. Bizim üçün əsas məsələ regionlara sadəcə daxil olmaq deyil, orada özümüz üçün uzunmüddətli və qarşılıqlı faydalı mövqelər formalaşdırmaqdır. Bu gün Bakı ilə Daşkənd arasında qurulan münasibətlər də məhz belə bir strateji baxışın nəticəsidir. Azərbaycan və Özbəkistanın qarşısında artıq daha böyük hədəflər dayanır: siyasi müttəfiqliyi möhkəmləndirmək, iqtisadi əlaqələri genişləndirmək, Xəzər və Mərkəzi Asiya arasında bağlantıları gücləndirmək və Türk dünyasının inteqrasiyasına yeni məzmun vermək. Bu gün Bakı ilə Daşkənd arasında qurulan körpü yalnız iki paytaxtı birləşdirmir. Bu körpünün üzərindən siyasi etimad, iqtisadi maraqlar, nəqliyyat imkanları və ortaq türk dünyası vizyonu keçir. Ona görə də Prezident İlham Əliyevin bu səfəri münasibətlərin növbəti görüşü deyil, qarşıdakı illərin daha böyük əməkdaşlıq modelinin formalaşdırılması baxımından mühüm siyasi addımdır".

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2026

23 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR