Onlayn ictimai-siyasi qəzet
Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir təşkil olunub. Prezident İlham Əliyev tədbirdə iştirak edib.
Dövlət başçısı bildirib ki, Azərbaycanın valyuta ehtiyatları xarici borcumuzu demək olar ki, 20 dəfə üstələyir, valyutamız sabitdir. Prezident həmçinin deyib: “2017-ci ilin aprel ayından dollara münasibətdə məzənnə dəyişməyib. Məzənnə 1 dollar 1,7 manat idi, 2017-ci ilin aprelində belə idi və bu gün də belədir və belə də olmağa davam edəcək. Çünki bizim yaxşı ticarət balansımız var”.

Beləliklə, dövlət başçısı qəti şəkildə bildirib ki, məzənnə dəyişməyəcək və bu cür davam edəcək.
Deputat Vüqar Bayramov hesab edir ki, 2026-cı il valyuta ehtiyatlarımızın artması baxımından vacib illərdən biridir.
Deputatın sözlərinə görə, 2025-ci ilin sonunda Azərbaycanın strateji valyuta ehtiyatları 85,1 milyard dollar idisə bu ilin bu göstərici artıq 90 milyard dollardan çoxdur: “Azərbaycan strateji valyuta ehtiyatları ümumi daxili məhsuldan (ÜDM) çox olan azsaylı dövlətlərdən biridir. Belə ki, Azərbaycanın valyuta ehtiyatları illik ÜDM-i 12 faiz üstələyir. Bu göstəriciyə görə Azərbaycanda dünyada ən yaxşı onluğa daxildir. Bu eyni zamanda ölkə iqtisadiyyatında möhkəm təhlükəsizlik yastığının formalaşmasından xəbər verir. Hazırda Dövlət Neft Fondunun 73 milyard dollar aktivləri var. 2025-ci ilin sonunda 11,5 milyard dollar olan Mərkəzi Bankın ehtiyatları isə 2026-cı ildə 15,3 milyard dollaradək yüksəlib. 2026-cı ilin geridə qalan aylarında nəzərdə tutulan fiskal öhdəliklərin yerinə yetirilməsi ilə yanaşı, valyuta ehtiyatlarındakı artım sistemli iqtisadi siyasətin nəticəsi kimi qiymətləndirilməlidir. Göründüyü kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət dayanıqlı iqtisadi inkişaf hədəflərini nəzərə alınmaqla daha strateji müddətdə iqtisadi təhlükəsizliyin davamlı qorunmasına imkan yaradır”.
İqtisadçı Eldəniz Əmirov isə Musavat.com-a bildirib ki, Azərbaycan manatın məzənnə sabitliyini qorumaqla makroiqtisadi tarazlığı təmin edir: “Ölkənin istər dövlət büdcəsi ilə, istərsə də dövlət proqramları ilə bağlı əsas strateji sənədlərində yanaşmanı təhlil edəndə görmək olur ki, hələ qarşıdakı ən azı bir neçə ildə manatın məzənnə sabitliyinin qorunub saxlanılması əsas hədəflərdən biridir. Bu əminliyi yaradan bir neçə ciddi əsas var. Bu əsaslardan birincisi, sadə dildə ifadə etsək, ölkəyə daxil olan və ölkədən çıxan dollar arasında fərqin xeyli çox olmasıdır. 2026-cı ilin ilk 7 ayı ərzində, yəni yanvar-iyul ayında Azərbaycanın ixracı 20,14 milyard dollar, idxalı isə 9,88 milyard dollar olub. Yəni xarici ticarətdə təxminən 10 milyard 260 milyon dollar müsbət saldo yaranıb. Məzənnə baxımından ən vacib məsələ budur. Eyni zamanda, Mərkəzi Bankın valyuta ehtiyatları davamlı olaraq artır. Digər bir tərəfdən, Mərkəzi Bankın da açıq şəkildə təqdim etdiyi məlumatlardan bilinir ki, valyuta bazarında təklif tələbi üstələyir".
Ekspert əlavə edib ki, avqustda da dollar çox olduğuna görə Mərkəzi Bank bazardan 1,5 milyard dollar alıb. 2026-cı ilin sentyabrın 1-ə olan vəziyyətə əsasən ölkənin valyuta ehtiyatları, yəni strateji ehtiyatları 90,8 milyard dollara yaxındır: "Xarici borc isə 4,56 milyard dollardır. Deməli, ehtiyatlar da 20 dəfəyə qədər xarici borcdan yüksəkdir. Cənab prezident də məhz bu kontekstdə əminlik ifadə edib. Statistik cəhətdən yanaşsaq, 19,9% çoxdur. Odur ki, “20 dəfə çoxdur” ifadəsi praktiki, doğru ifadədir. Üstəlik, bunun 15 milyard dolları birbaşa Mərkəzi Bankın valyuta ehtiyatıdır. Yəni ölkənin strateji ehtiyatları arasında Mərkəzi Bankın valyuta ehtiyatlarının da payı böyük ölçüdə yüksəkdir. Digər hissə isə Dövlət Neft Fondunun aktivləridir. Onların dəyəri iyun ayının sonunda 72,6 milyard dollar olub. Bu komponentlər, eyni zamanda dövlətin manatın məzənnə sabitliyini qoruması ilə bağlı dəyişməz strategiyası bizə manatın dollar qarşısında hələ bir neçə ildə ucuzlaşmayacağını böyük ölçüdə ehtimal etməyə əsas verir”.
Nigar Həsənli
Musavat.com
12 Oktyabr 2026
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ