Onlayn ictimai-siyasi qəzet
Hikmət Babaoğlu: "Prezidentinin bu çağırışı ancaq partiya üzvlərinə deyil, bütün xalqa idi"
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyev Azərbaycanın keçdiyi yol, əldə olunan tarixi nəticələr və qarşıda duran əsas vəzifələrlə bağlı mühüm mesajlar verib. Prezidentin çıxışında xüsusilə Azərbaycanın öz gücü hesabına əldə etdiyi Zəfər, suverenliyin bərpası və bundan sonrakı mərhələdə qarşıya qoyulan strateji hədəflər diqqət çəkib.
Millət vəkili Hikmət Babaoğlu mövzu ilə bağlı Musavat.com-a danışıb: Deputat deyib ki, qurultayda Azərbaycan Prezidenti dövlətçilik tariximizin formalaşmasında Yeni Azərbaycan Partiyasının oynadığı rola xüsusi diqqət çəkib: "Yaranandığı gündən bu günə qədər Yeni Azərbaycan Partiyasının xalqımız qarşısında göstərdiyi tarixi xidmətləri təhlil etdi və bu gün mövcud olan güclü, qüdrətli, qalib dövlətimizin ideoloji əsaslarını Ümummilli Lider Heydər Əliyevin ideyaları ilə izah etdi. Burada dövlətçilik şüuru və siyasi şüur baxımından ardıcıl əlaqə quraraq bunu həm də siyasi sistemimizin bugünkü reallığı ilə əsaslandırdı. İzah edilən formula doğrudan da bugünkü Zəfərə qovuşmuş Azərbaycanın siyasi-ideoloji prinsiplərinin əsasında durur".
Azərbaycan Prezidenti bunu həm də partiyamızın ümumxalq partiyası olması və digər siyasi sistem aktorları ilə milli siyasətimizi koordinasiya etməsi kontekstində təqdim etdi. Mən düşünürəm ki, bunlar kifayət qədər dərin analizlərdir və sadəcə dünənimiz üçün yox, həm də gələcəyimiz üçün əhəmiyyət daşıyır".
Müsahibimiz Prezident İlham Əliyevin Azərbaycanın əldə etdiyi tarixi nəticələrlə bağlı fikirlərinə də diqqət çəkib. O bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etməsi ölkənin gücünü nümayiş etdirən mühüm amildir: "Azərbaycan Prezidenti dedi ki, bir çox ölkələr bizə qibtə edir. Bunun həqiqəti ondan ibarətdir ki, doğrudan da ərazi bütövlüyü pozulan postsovet məkanında çoxsaylı ölkələr var. Dünyada suveren hüquqlarını bərpa edə bilməyən çoxsaylı dövlətlər mövcuddur. Azərbaycan isə həm ərazi bütövlüyünü, həm də suveren hüquqlarını bütün ərazisində bərpa etməyi bacarıb. Azərbaycan Prezidenti bunu xalqımızın gücü, ümummilli həmrəyliyi ilə əlaqələndirdi. Yeni azərbaycançılıq ideologiyası doğrudan da ümummilli həmrəyliyimizin formalaşmasında mühüm rol oynayıb. Milli həmrəylik isə milli gücün əsas komponentidir. Digər komponentlər yalnız bu mövcud olduğu halda inkişaf etdirilə bilər. Necə ki, bizdə ümummilli həmrəylik yox idi, ölkəmizdə vətəndaş müharibəsi gedirdi. Yeni Azərbaycan Partiyası məhz bu zərurətdən yarandı. Azərbaycan Prezidenti bu məsələyə də toxundu. Eyni zamanda, Azərbaycan Prezidenti mühüm bir məsələni qeyd etdi. Dedi ki, Heydər Əliyev hakimiyyətə gələnə qədər dörd dövlət başçısı faktiki olaraq üzərlərinə düşən dövlətçilik məsuliyyətini yerinə yetirə bilməmişdi. Bunlardan üçü qaçmışdı – ikisi Moskvaya, biri Kələkiyə. Biri isə Bakıda onun-bunun kölgəsində qala bilmişdi və ümumiyyətlə, hər hansı bir funksiya yerinə yetirmirdi.
Mən düşünürəm ki, bir də bu kontekstdə Yeni Azərbaycan Partiyasının fəaliyyətini qiymətləndirən zaman sosial arxeologiya, əslində, dövlətçilik şüurumuzun obyektiv əsaslarda formalaşması üçün lazımdır".
YAP-çı deputatı vurğulayıb ki, Prezident İlham Əliyevin qurultaydakı çıxışını Azərbaycanın keçmişi, bu günü və gələcəyinə dair konseptual yanaşma kimi qiymətləndirmək olar. Onun sözlərinə görə, gələcək inkişafın əsas şərtlərindən biri güclü dövlətin qorunmasıdır: "Ümumiyyətlə, Azərbaycan Prezidentinin çıxışını biz yeni dövrün, suveren Azərbaycanın dünəni, bu günü və gələcəyi kimi qiymətləndirə bilərik. Gələcəyi isə Azərbaycan Prezidenti gücdə gördü. Qeyd etdi ki, biz daim Ermənistandan 10 dəfə güclü olmalıyıq. Əks təqdirdə, regionda nə sülh, nə də əməkdaşlıq olar. Mən düşünürəm ki, əsas çağırış da bu idi.
Azərbaycan Prezidentinin bu çağırışı sadəcə Yeni Azərbaycan Partiyasının üzvlərinə deyildi, bütün Azərbaycan xalqına idi. Biz həmrəyliyimizi qorumalıyıq, ideoloji təxribatlara yol verməməliyik və güclü olmalıyıq. Azərbaycan Prezidenti bunun üzərində xüsusi dayandı ".
Xalidə Gəray
Musavat.com
12 Oktyabr 2026
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ