Onlayn ictimai-siyasi qəzet
Moskvada Rusiya, Gürcüstan və Ermənistan arasında Abxaziya vasitəsilə avtomobil və dəmir yolu əlaqələrinin qurulması ilə bağlı layihə təqdim edilib. “Putin yolu” adlanan təşəbbüs Sovetlər dönəmində mövcud olan nəqliyyat marşrutunun bərpasını nəzərdə tutur.
Özü də bu, o kontekstdə baş verir ki, Azərbaycanın əsas hissəsinin Naxçıvanla birləşdirilməsinə xidmət edəcək TRIPP layihəsinin icrası istiqamətində əməli addımlar atılır. Rusiya isə TRIPP layihəsindən kənarda qaldığı üçün onun icrasında maraqlı deyil. Məhz belə bir vaxtda TRIPP-ə rəqib layihə qismində “Putin yolu” təşəbbüsü gündəmə gətirilir.
Musavat.com bildirir ki, bu barədə "Bakı-Xəbər" yazıb.
"Putin yolu” təşəbbüsü isə bu fonda həm də Ermənistan dəmir yolları üzərində nəzarətin qorunub saxlanmasına xidmət etməyə hesablanıb. Çünki təşəbbüs reallaşarsa, onun işləkliyi məhz Rusiyadan asılı olacaq. Beləliklə, regionda dəmir yollarına nəzarət uğrunda rəqabət daha da şiddətlənir və geosiyasi çalarlar qazanır.
Rusiyanın Rabitənin İnkişafı üzrə Milli Tədqiqat İnstitutunun direktoru Vladislav Qasumyanov tərəfindən hazırlanan təşəbbüs Rusiya, Gürcüstan və Ermənistan arasında Qara dəniz sahili vasitəsilə avtomobil və dəmir yolu bağlantısını nəzərdə tutur. Kremlyönlü tədqiqat təşkilatları tərəfindən fəal şəkildə dəstəklənən təşəbbüsü Ermənistanda Rusiyaya bağlı qüvvələr də xüsusi canfəşanlıqla alqışlayırlar. Bu hal İrəvanda keçirilən “Cənubi Qafqazda Nəqliyyat və Logistika Şəbəkələrinin İnkişaf Perspektivləri” adlı beynəlxalq ekspert konfransında bir daha özünü qabarıq şəkildə büruzə verib.
Layihənin reallaşması bizi narahat etməlidirmi? Zəngəzur dəhlizi üçün risklərmi meydana gəlir?
Siyasi şərhçi Qulamhüseyn Əlibəyli Musavat.com-a deyib ki, Abxaziya üzərindən Rusiya–Gürcüstan–Ermənistan avtomobil və dəmir yolu əlaqəsini bərpa etməyi nəzərdə tutan “Putin yolu” təşəbbüsü hələlik ideya, ekspert təqdimatı mərhələsindədir:
“Buna görə də onun TRIPP ilə eyni statusda olduğunu söyləmək olmaz. Bu iki marşrutun məqsədləri də fərqlidir. TRIPP-in başlıca funksiyalarından biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçməklə maneəsiz bağlantı yaratmaqdır. Rəsmi çərçivə sənədi bu bağlantını Ermənistanın suverenliyi və yurisdiksiyası əsasında nəzərdə tutur. TRİPP eyni zamanda Şərq – Qərb marşrutunun aparıcı imfrastrukturlarından biridir. “Putin yolu” isə Ermənistanın və Gürcüstanın Rusiya ilə şimal istiqamətində əlaqəsini bərpa etməyə hesablanıb və gələcəkdə Şimal – Cənub marşrutunun vacib infrastrukturundan birinə çevrilə bilər. Bu yolun açılması Azərbaycanın Naxçıvanla birbaşa bağlantıya olan aradan qaldırmır. Yəni coğrafi və funksional baxımdan TRİPP yolu və ya Zəngəzur dəhlizi ilə “Putin yolu” bir-birini əvəz etmir. Bu 2 marşrut bir-birinə rəqib və ya alternativ deyil”.

Mütəxəssisin sözlərinə görə, bu gün ölkəmiz üçün əsas sual başqa bir yolun açılıb-açılmayacağı deyil, həmin yolun Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında bağlantının yaradılmasına və ümumiyyətlə Şərq – Qərb marşrutuna, Orta Dəhlizin inkişafına necə təsir göstərə biləcəyidir. “İlk növbədə onu qeyd etmək lazımdır ki, “Putin yolu”nun ideyadan real təşəbbüsə və layihəyə çevrilməsi problemli və hətta qeyri mümkün görünür. Belə ki, “Putin yolunun marşrutu Abxaziya ərazisindən keçməlidir. Abxaziyadakı dəmir yolu 1990-cı illərin əvvəllərindən fəaliyyət göstərmir. Rəsmi Gürcüstan üçün Abxaziya üzərindən tranzit isə texniki və iqtisadi məsələ yox, ərazi bütövlüyü və suverenlik məsələsidir. Hətta Moskvaya münasibətdə yumşaq mövqe tutan hökumət belə bu addımı atmağa çətin ki, cəsarət etsin. Üstəlik, maliyyə mənbəyi, tələb olunan yük həcmi və sığorta-təhlükəsizlik risklərinə dair açıq hesablama da yoxdur. Bütün bunlar ideyanın iqtisadi və kommunikasiya məqsədilə deyil, daha çox siyasi məqsədlə ortaya atıldığını göstərir”, - deyə Qulamhüseyn Əlibəyli şərh edib.
Hüquqşünasın fikrincə, fərqli istiqamətlərdə yerləşmələrinə baxmayaraq, “Putin yolu” ideyasının TRİPP layihəsinə birbaşa olmasa da, dolayısı ilə təsir göstərməsi mümkün görünür: “Putin yolu” ilk növbədə Ermənistan üçün alternativ iqtisadi imkan vəd etməklə TRIPP-in ölkədaxili müzakirəsinə təsir göstərə, Rusiya ilə əlaqələrin zəiflədilməsinin zəruriliyi barədə arqumentləri yumşalda bilər və son nəticədə Ermənistanı Rusiya orbitində saxlamaq vasitəsinə çevrilə bilər. Başqa sözlə Ermənistanın Rusiyayönlü müxalifəti qüvvələri bu ideyadan "alternativ var" arqumenti kimi istifadə edib TRİPP ətrafında ictimai müzakirəni daha da gərginləşdirə və mürəkkəbləşdirə bilərlər”.
Ekspert yada salıb ki, Ermənistan dəmir yolları konsessiya müqaviləsi əsasında Rusiyanın idarəçiliyinə verilib: “Ermənistan rəsmiləri TRİPP layihəsi üzrə dəmir yol xətlərinin konsessiyaya daxil olmayacağını bildirsələr də, bu mövzuda Ermənistanla Rusiya arasında mübahisə yaranacağını da istisna etmək olmaz. Yəni Rusiya “Putin yolu ideyası ilə Ermənistanın bütün dəmiryollarının onun idarəçiliyində olduğunu əsas kimi götürüb. TRİPP layihəsi üzrə dəmiryol xətləri ətrafında idarə olunan ruslar görüntüsü və real problemlər yaratmağa cəhd edə bilər. Belə ki, TRİPP layihəsi üzrə əsas dəmiryol xətləri konsessiyadankənarda qalsa da, layihənin işləməsi üçün zəruri olan bəzi istiqamətlər üzrə yenidən qurulmalı xətlər Rusiyanın idarəçiliyində qalır. Bu da öz növbəsində onsuz da gecikməkdə olan TRİPP layihəsinin tam icrasını əlavə ləngidə bilər. Başqa sözlə, Moskvanın əlində TRİPP layihəsinə təsir göstərmək və layihənin icrasını gecikdirmək üçün hələ də faktiki rıçaqlar qalır”.

Siyasi şərhçi hesab edir ki, “Putin yolu” TRİPP-ə real rəqib və alternativ olmasa da, onun reallaşma şansı aşağı olsa da, yaratdığı informasiya fonu və konsessiya mübahisəsi vaxt itkisinə səbəb ola bilər: “Bundan başqa, Rusiya ABŞ-nin regionda təsirinin artmasını arzuolunmaz saysa da, bunun qarşısıalınmaz olduğunu qəbul edib, TRİPP layihəsinin icrasını ləngitməklə yanaşı, eyni zamanda onların açılması zamanı öz təsir imkanlarını qorumaq və açılacaq kommunikasiyalardan iqtisadi fayda götürməyə çalışa da bilər. Hesab edirəm ki, Azərbaycan üçün əsas risklər məhz burada yaranır. Bu risklər alternativ layihədən TRİPP üzrə qərarların qəbulunun yubadılması, bağlantı şərtlərinin yenidən mübahisələndirilməsi və mövcud dəmir yolu idarəçiliyi vasitəsilə əlavə məhdudiyyətlərin yaradılması üçün siyasi əsas kimi istifadə edilməsi ilə əlaqədar ola bilər”.
Müsahibimiz qeyd edib ki, iqtisadi rəqabət riskini də kənarda qoymaq olmaz: “Abxaziya marşrutu işlək vəziyyətə gətirilərsə, Ermənistan–Rusiya daşımalarının bir hissəsi həmin istiqamətə yönələ bilər. Ancaq bunun TRIPP-in kommersiya səmərəsini ciddi zəiflədəcəyini demək üçün tariflər, daşınma müddəti, sərhəd prosedurları, investisiya xərcləri və real yük həcmləri müqayisə edilməlidir. Əlbəttə, bu riskləri nəzərə alıb regionda hər yeni yolun açılmasını avtomatik təhlükə saymaq o qədər də uğurlu yanaşma kimi qiymətləndirilə bilməz. Ərazi bütövlüyünə hörmət edən, şəffaf qaydalarla işləyən və başqa ölkələrin bağlantılarını məhdudlaşdırmayan marşrutlar ümumi iqtisadi fəallığı artıra bilər. Narahatlıq həmin yol siyasi asılılığı möhkəmləndirmək və Azərbaycanın Naxçıvanla bağlantısını gecikdirmək vasitəsinə çevrildikdə əsaslı olur. Beləliklə, “Putin yolu” bu gün TRİPP - Zəngəzur bağlantısını əvəz edən hazır marşrut deyil. Ancaq onun gündəmə gətirilməsi Güney Qafqazda yolların idarəçiliyi uğrunda siyasi rəqabətin davam etdiyini göstərir”.
Cavanşir Abbaslı
Musavat.com
12 Oktyabr 2026
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ