İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinə Vaşinqtondan xəbərdarlıq: "Şərtlərini yumşalt, yoxsa..."

Rusiya-Ukrayna müharibəsində cəbhədəki vəziyyət, Vaşinqtonun Moskva ilə münasibətlərə yanaşması və Kiyevin artan narazılığı beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. ABŞ prezidenti Donald Tramp müharibəni dayandırmaq üçün diplomatik təşəbbüslərini davam etdirsə də, Kreml danışıqlarda tələsmir, Ukrayna isə Vaşinqtondan daha konkret addımlar gözləyir. Son günlər Rusiya hücumlarının intensivləşməsi və mülki əhali arasında itkilərin artması Kiyevin narahatlığını daha da gücləndirib. Prezident Vladimir Zelenski ABŞ-ı Rusiyaya qarşı təzyiqləri artırmağa çağırır və Vaşinqtonun Moskva ilə iqtisadi əlaqələri davam etdirməsini tənqid edir.

Maraqlıdır ki, bir tərəfdən ABŞ müharibənin dayandırılması üçün yeni danışıqlar formatı yaratmağa çalışır, digər tərəfdən isə Ukrayna rəhbərliyi bu səylərin real nəticə verəcəyinə getdikcə daha şübhə ilə yanaşır. Kreml isə müvəqqəti atəşkəsdən çox, öz şərtləri əsasında uzunmüddətli razılaşmada maraqlı olduğunu nümayiş etdirir.

Oktyabrın 9-da ABŞ nümayəndələrinin Ukrayna rəsmiləri ilə Mayamidə keçirəcəyi görüşlər də Vaşinqtonun diplomatik prosesdən hələ imtina etmədiyini göstərir. Bununla belə, Moskvanın kompromisə hazır olub-olmaması və ABŞ-ın Kremlin mövqeyini dəyişmək üçün hansı təzyiq vasitələrindən istifadə edəcəyi açıq qalır.

Belə olan halda, Trampın sülh təşəbbüsləri müharibəni dayandırmağa hesablanmış real strategiyadır? Vaşinqton Moskva ilə Kiyev arasında tarazlıq yaratmağa çalışarkən vaxt itirir? Putin cəbhədəki vəziyyətdən və Qərbdəki fikir ayrılıqlarından istifadə edərək Ukraynanı daha ağır şərtlərlə razılaşmağa məcbur edə bilərmi?

amip_mustafayev_elshan_mansur-oglu_02_540.jpg (135 KB)

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev Musavat.com-a söylədi ki, bu həftə Donald Tramp Rusiya və Ukrayna danışıqlarının ümidverici gedişatı ilə bağlı açıqlamalar versə də, real vəziyyətlə bağlı durumu dövlət katibi Marko Rubio açıqladı: “O danışıqların dalana dirəndiyini, Rusiyanın şərtlərindən geri çəkilmədiyini, Donbasın hazırda Ukrayna nəzarətində olan ərazilərini tələb etdiyini, eyni zamnda Ukraynanın da bu şərtlərlə heç bir halda razıaşmayacağını bildirdi. Yəni danışıqlar baş tutmursa tərəflər müharibəni daha şiddətlə davam etdirəcəklər. Belə bir vəziyyətdə Trampın sülh təşəbbüslərinin işləmədiyi göz qabağındadır. Amma istər ABŞ, istərsə də Avropa İttifaqı Böyük Britaniya ilə birlikdə bölgədəki maraqlarından geri çəkilmək fikrində deyillər. Ukraynanın məğlubiyyəti isə bu maraqlara kökündən ziddir. Hesab edirəm ki, Rusiyanın qəbuledilməz şərtlərindən geri çəkilməsi üçün Ukraynaya dəstək vermək, istənilən ad altında daha müasir silahlarla təmin etmək, bu ilin sonuna qədər qüvvələr nisbətinin Rusiyanın xeyrinə dəyişməsinə imkan verməmək Qərbin əsas hədəfi olacaqdır. Daha doğrusu onlar buna məcbur qalacaqlar. Dediyim kimi Marko Rubionun verdiyi açıqlama belə bir nəticənin olmasına apara bilər".

Putin Uitkoff və Kuşnerlə nələri müzakirə etdi? - Uşakov AÇIQLADI

Ekspert dedi ki, Rusiya noyabrda ABŞ-da keçiriləcək aralıq seçkilərə qədər özünə uyğun şərtlərlə müharibəni sonlandırmağa çalışır: "Çəkindiyi isə odur ki, seçkilərdən sonra Senat və Konqresdə qüvvələr nisbəti demokratların xeyrinə dəyişərsə Ukraynaya daha ciddi yardım olunması ilə bağlı Trampa təzyiqlər olunacaq. Bu müharibədə Rusiyaya əsas təzyiq vasitəsi ABŞ-dır. Əgər bir müddət sonra Tramp da hazırkı vəziyyətdə hər hansı danışıqların mümkün olmayacağı ilə bağlı açıqlamalar versə, onda Rusiyanı günahlandırsa o zaman fərqli situasıyanın şahidi ola bilərik. Bu isə əslində Rusiyaya sərf etmir. Çünki belə bir vəziyyətdə ABŞ və Aİ birgə addımlar atarlarsa müharibənin gedişatı sürətlə Rusiya əleyhinə dəyişə bilər. Məlumatlar var ki, Trampın nümayəndələri belə bir ssenariyə getməyə məcbur qalacaqları ilə bağlı mütəmadi təmasda olduqları Rusiya nümayəndələrinə məlumatlar verirlər və irəli sürdükləri şərtləri bir qədər yumşaltmağı məsləhət görüblər. Yaxın zamanlarda rəsmi Kremlin bu məsləhətlərə necə münasibət göstərməsini gözləyək”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR