Onlayn ictimai-siyasi qəzet
Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı, “Qara Tofiq” ləqəbi ilə tanınan Tofiq Hüseynov (Tofiq Hüseynli) vəfat edib.
Musavat.com xəbər verir ki, sabiq dövlət xadimi siyasi sığınacaq alaraq, uzun illərdir İsveçrənin Bazel şəhərində yaşayırdı. O, son illər ağır xəstəlikdən (xərçəngdən) əziyyət çəkirdi və müalicə alırdı. Bu ilin fevral ayında onun səhhətinin kəskin ağırlaşdığı barədə də məlumatlar yayılmışdı.
Tofiq Hüseynov 1952-ci il martın 30-da Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub. Azərbaycan Politexnik İnstitutunun Texnologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə Tovuz rayonunda başlayıb, müxtəlif istehsalat və təhsil müəssisələrində rəhbər vəzifələrdə çalışıb. 1989-cu ildən Azərbaycan Xalq Hərəkatına qoşulub, Tovuzda AXC təşkilatının yaradıcılarından və fəallarından biri olub.
1992-ci ilin may ayında Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Tofiq Hüseynov, 1993-cü il martın 4-də Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəsinə gətirilib. Həmin ilin iyununda isə Qərb bölgəsi üzrə Prezidentin səlahiyyətli nümayəndəsi təyin olunub.
1994-cü ilin mart ayında qanunsuz silah saxlamaq ittihamı ilə həbs edilən Tofiq Hüseynov 1995-ci ilin yanvarında azadlığa buraxılıb. Sonrakı illərdə Müsavat Partiyasında fəaliyyət göstərib, partiyanın Məclis və Divan üzvü, başqan müşaviri olub. Daha sonra partiyadan ayrılıb.
Təxminən 7–8 il əvvəl İsveçrəyə mühacirət edən sabiq nazir ömrünün son illərini Bazel şəhərində keçirirdi. Ailəli idi, iki övladı var.
Tofiq Hüseynov bur müddət əvvəl müalicə üçün Türkiyənin Ankara şəhərinə aparılmışdı. 3 gün öncə isə vəziyyəti ümidsiz şəkildə ağırlaşdığı üçün onu Azərbaycana, doğulduğu Tovuz rayonuna gətiriblər. Qara Tofiq bu gün Tovuzda, Qovlar qəsəbəsində doğulduğu evdə dünyasını dəyişib. Sabah qəsəbə qəbristanlığında dəfn olunacaq.
Rauf Arifoğlu və "Yeni Müsavat" Media Qrupunun kollektivi mərhumun ailəsinə, yaxınlarına və onu tanıyan hər kəsə dərin hüznlə başsağlığı verir.
Musavat.com
01 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ