İnsanlara hürriyət, millətlərə istiqlal!

Qıdığı gəlməyən kino

Öncə iki sayın oxucumuzun məktubuna yer verməliyəm, çünki onlar - siz olmasanız biz kimik? Oxucular var deyə, biz də varıq.

Ayamalar, ləqəblərlə bağlı (söhbət Şapka Mameddən getmişdi) yazıya dəyərli alimimiz İsmixan Yusub əlavə edib: “Bizim Ağstafanın Qıraq Kəsəmən kəndi elə Şəki, Qabrovo kimi bir şeydi... Deməli, bir nəfər bu kəndə gəlir və heyvan kəsib “başbilənlərə” qonaqlıq verir ki, ona ləqəb (quş, qəmiş) qoymasınlar. Söz verirlər və adam olur “Ləqəbsiz Filankəs!” Bir dəfə də biri burdan başqa kəndə köçür, amma “köhnə yurdun qədrini təzə yurdda bilib”, geri qayıdır. Adı qalır “Peşman Behmənkəs”!

700 bal toplayan uşaqların sonrakı taleyi barədə yazıya isə qazi-jurnalist Məğrub Bədəlsoy əlavə edib: “2016-cı ilin aprel döyüşlərində şəhid olan Müşfiq Orucov da qəbulda 700 bal toplayanlardan biriydi. Evin tək oğlu olub, bakalavrı bitirəndə magistraturaya girmək imkanı olsa da əsgərliyə getməyi vacib bilmişdi. Əslən zəngilanlı idi”.

Bugünkü mövzumuz isə kinodur. Bir az da qabaqlayıcı tədbir saymaq olar, çünki bizdə milli kino günü 2 avqustdadır, yəni, bayrama iki gün qalır. Ancaq dəliyə hər gün bayram deyilmi? Bizim milli kinonun vəziyyətinə baxanda isə, adam havalanar.

Əslində, “kinonun vəziyyətinə baxanda” ifadəsi də yersizdir, çünki baxmağa bir zad yoxdur. Avqustun 2-də xalqımıza nəyi göstərəcəklər, o da məlum deyil. Yəqin köhnə kinolarla ekranın ayıbını örtərlər. Sovet vaxtı çəkilən 4-5 dişə dəyən filmimiz var axı. “O olmasın”-filan... Onları da o qədər göstəriblər, artıq camaat sitatları əzbər bilir. Plyonkalar sürtülməkdən cırıq-cırıq olub.

Azərbaycan kinosunu dirçəltmək istəyənlər yoxdurmu? Əlbəttə, var. Onlar hətta yazda toplaşıb kino ittifaqına təzə sədr seçmişdilər. Lakin “ağsaqqallar” onu – 51 yaşlı Əli İsa Cabbarovu qəbul etmədilər, hay-həşirlə Ədliyyə Nazirliyinə məktub yazıb qurultayın ləğvinə nail oldular.

Cabbarov son illərdə milli kinomuzun inkişafı, təbliğatı üçün real işlər görməyə çalışan tək-tük insanlardan biridir, gəncləri dəstəkləyir, xariclə əlaqələr qurmağa çalışır, kino jurnalı buraxır və sairə. Bəs ağsaqqallar onu niyə bəyənmir? Məlum deyil. Daha doğrusu, istəyirlər 81 yaşlı Şəfiqə Məmmədova təzədən sədr olsun.

Bu aradakı 30 yaş fərqi elə kino idarəçiliyinə münasibətin simvoludur. Xatırladım ki, Məmmədova vaxtilə Kinematoqrafçılar İttifaqındakı intriqa və bölücülüyün ana xəttində dayananlardan biri idi və indi yenidən sədr olsa, idarəni hara aparacaq – məlum deyil.

Həmin intriqanın qısa tarixini yada salmaqda fayda var. Əslində Azərbaycan Kinematoqrafçılar İttifaqı 1963-cü ildə yaradılmışdı. Uzun illər (1981-ci ildən) ona Rüstəm İbrahimbəyov sədrlik elədi. Ancaq 2012-ci ildə İbrahimbəyov hökumətə qısa müddətə asi çıxanda ittifaqı əlindən alıb Məmmədovaya verdilər. Hətta İbrahimbəyov 2022-ci ildə ölənəcən tragikomik vəziyyət davam elədi: kino işçilərimizin 2 təşkilatı var idi və biri Azərbaycan Kinematoqrafçılar İttifaqı adlanırdı, o biri isə Azərbaycan Respublikasının Kinematoqrafçılar İttifaqı. Təxminən, Balıq Hafizin Müasir Müsavat Partiyası tipində. Sonra qısa müddətə bunlar guya birləşdi və Rasim Balayev sədr oldu. İndiki vəziyyəti də artıq bilirsiniz. Klassikdən misal çəksək, yenə “qızın iki adaxlısı var”.

Bəlkə ortada hansısa maliyyə, dövlət büdcəsi-filan olsa, deyərsən yəqin dava pul üstündədir. Əslində isə hökumət daha kinoya əvvəlki qədər pul da vermir. “Azərbaycanfilm”in həyət-bacasını “şərurlu İsfəndiyara” satıblar, aktyorlar toyda tamadalıq edib başını girləməyə çalışır və sairə. Bəs intriqanın səbəbi nədir? Yəqin yenə köhnə bir filmdən sitat çəkməli olacağıq. “Bizim Cəbiş müəllim” filmindən.

Ordakı bir səhnə kinomuzdakı vəziyyətin eynilə ifadəsidir. Cəbiş müəllim evə gəlib, görür dilxorçuluqdur. Uşağın birini çağırır, deyir gəl barmağımızı radionun mənbəyinə taxaq, qulağımızı yaxınlaşdıraq və sairə. Guya bu vaxt musiqi eşitməli idilər. Mənzərəni seyr edən digər balaca uşaq deyir: “Acından belə eləyirlər e!”

İndi Məmmədov bir tərəfdən, Cabbarov o biri tərəfdən kinomuzun cərəyan mənbəyinə barmaq eləyir, lakin səs gəlmir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR