İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstan Azərbaycanın Mərkəzi Asiyada güclənməsindən niyə məmnundur?

Etiraf etmək lazımdır ki, Bakının Mərkəzi Asiyada artan fəallığı Rusiya və İranda müəyyən siyasi qısqanclıqlar doğurur 

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri və imzalanan sənədlərin fonunda iki ölkə arasında diplomatik münasibətlərin o qədər də uzaq olmayan tarixini xatırlayanda, açığı, bir qədər təəccüblənməmək olmur. Belə ki, diplomatik münasibətlər 1993-cü ilin yanvarında qurulsa da, iki ölkə arasında əlaqələrin inkişafı yalnız 2007-ci ildən sonra sürətlənib. Görünür, bunun əsas səbəblərindən biri də məhz bu türk ölkəsində uzun illər siyasi sabitliyin olmaması idi.

Amma son illərdə, necə deyərlər, vaxtilə itirilmiş fürsətlər sürətlə bərpa edilib. Elə onu xatırlatmaq kifayətdir ki, son beş ildə dövlət başçılarının 14 qarşılıqlı səfəri baş tutub. Quru statistika emosiyanı ifadə etmir, amma bu rəqəmlərin arxasında Prezident İlham Əliyevlə qırğızıstanlı həmkarı Sadır Japarov arasında qarşılıqlı etimada əsaslanan şəxsi münasibətlər dayanır. Hələ 2022-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması da məhz bu etimaddan doğan fundamental addımlardır.

Azərbaycanın keçmiş SSRİ-nin ağır irsindən qurtulmaq yolunda ciddi addımlar atan Mərkəzi Asiya ölkələri ilə əlaqələrini yüksək səviyyəyə çatdırmasında Qırğızıstanın bir növ körpü rolu oynaması diqqət çəkir. Əlbəttə, Azərbaycanın Türk Dövlətləri Təşkilatında təmsil olunan Qazaxıstan və Özbəkistanla da strateji və iqtisadi əməkdaşlığı əhatə edən dövlətlərarası razılaşmaları var. Hər iki qardaş türk dövləti ilə, xüsusilə enerji sahəsində, mühüm strateji sənədlər imzalanıb.

Amma şəxsən məndə belə bir təəssürat yaranır ki, sanki Qırğızıstan Bakının Mərkəzi Asiyada möhkəmlənməsi siyasətindən daha çox məmnundur. Bəlkə də Sadır Japarovun da etiraf etdiyi kimi, Qırğızıstanın İlham Əliyev kimi təcrübəli siyasətçiyə və etibarlı müttəfiqə daha çox ehtiyacı var.Qırğızıstanın Azərbaycanın regionda mövqelərini gücləndirməsinə verdiyi ciddi dəstək də məhz bu prosesdə öz maraqları üçün də böyük imkanlar görməsindən qaynaqlanır. Qırğızıstan Xəzər üzərindən Qərbə çıxış imkanlarını artırmağa, nəqliyyat marşrutlarını şaxələndirməyə və xarici bazarlara daha rahat çıxmağa çalışır. Bişkek üçün Azərbaycanın güclənməsi ilk növbədə yeni nəqliyyat imkanları deməkdir. Qırğızıstan coğrafi baxımdan dənizə çıxışı olmayan ölkədir və dünya bazarlarına çıxış məsələsində alternativ marşrutlara ehtiyac duyur. Bu baxımdan Azərbaycan üzərindən Xəzərə, oradan isə Avropaya çıxış Bişkek üçün xüsusi əhəmiyyət daşıyır.

Fikrimizi daha da konkretləşdirsək, Bakı üçün Qırğızıstan Mərkəzi Asiyanın dərinliklərinə açılan qapıdırsa, Bişkek üçün Azərbaycan Mərkəzi Asiyadan Qərbə açılan əsas marşrutlardan biridir. Dostluq və qardaşlıq öz yerində, istənilən dövlət üçün milli maraqlar hər zaman ön plandadır. Buna görə də səfərin Bakı üçün əsas əhəmiyyəti Mərkəzi Asiyada mövqelərin daha da möhkəmləndirilməsidirsə, Bişkek üçün həmin prosesin yaratdığı yeni iqtisadi və geosiyasi imkanlardan maksimum yararlanmaqdır.

O da sirr deyil ki, Azərbaycanın Qırğızıstanla münasibətləri eyni zamanda Bakının Mərkəzi Asiya siyasətinin daha geniş mənzərəsinin tərkib hissəsidir. Son illərdə Azərbaycan region ölkələri ilə əlaqələri yalnız Bişkek vasitəsilə deyil, digər tərəfdaşlarla da sistemli şəkildə inkişaf etdirir. Prezident İlham Əliyevin 2025-ci ildən Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşlərində Azərbaycanın tamhüquqlu üzv kimi iştirak etməsi də bunun göstəricisidir. Bu proses artıq iqtisadi əməkdaşlıq çərçivəsini aşır. Etiraf etmək lazımdır ki, xüsusilə Rusiya və İranda Azərbaycanın Mərkəzi Asiyada artan fəallığı müəyyən siyasi qısqanclıq da doğurur. Azərbaycanın artıq dünyanın orta güc dövlətləri sırasında yer alması ilə hətta onun rəqibləri də hesablaşmağa başlayıblar.


Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib

"Mərkəzi Asiya beşliyi" və Azərbaycanın iştirak etdiyi C6 formatı bu il ilk dəfə toplandı. Prezident İlham Əliyevin həmin görüşdə iştirakı bəzi qonşu ölkələrin mediasında qərəzli şərhlərlə müşayiət olundu. Hətta Mərkəzi Asiya ölkələrinin liderləri ilə Azərbaycanın iştirak etdiyi görüşdə yekun siyasi sənədin imzalanmamasını uğur kimi təqdim etməyə çalışanlar da tapıldı. Əslində isə bu cür reaksiyalar Azərbaycanın Mərkəzi Asiya siyasətində düzgün və ardıcıl istiqamətdə irəlilədiyini göstərən dolayısı sübut kimi qiymətləndirilə bilər.

Bu gün dünyada strateji əhəmiyyətə malik dövlətlər ilk növbədə nəqliyyat və kommunikasiya siyasətini düzgün quran ölkələr hesab olunur. Azərbaycan da məhz həmin dövlətlər sırasındadır. Xüsusilə Mərkəzi Asiya üçün Xəzər dənizi üzərindən keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı–Tiflis–Qars dəmir yolu Azərbaycanın geoiqtisadi mövqelərini gücləndirən əsas layihələrdəndir.

Buna görə də Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfərinin nəticələrini yalnız Azərbaycan–Qırğızıstan münasibətlərinin daha da dərinləşməsi ilə məhdudlaşdırmaq doğru olmaz. Bu səfər Bakının son illərdə Mərkəzi Asiyada həyata keçirdiyi ardıcıl siyasətin növbəti mühüm mərhələsi kimi qiymətləndirilməlidir.

Davamı daha da uğurlu olsun...

Nazim SABİROĞLU
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR