Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Voloqda vilayətinin qubernatoru Georgi Filimonov yanacaq böhranı fonunda sakinləri benzin ehtiyatı toplamamağa çağırsa da, cəmi bir saat sonra özü magistral yolda benzinsiz qalıb.
Musavat.com xəbər verir ki, Filimonov Telegram kanalında paylaşdığı müraciətdə vətəndaşları ajiotaja qapılmamağa çağırıb.
"Vəziyyəti anlayışla qarşılamağı, ehtiyat üçün yanacaq toplamamağı və süni tələbat yaratmamağı xahiş edirəm. Qoy qonşularınız və həmyerliləriniz də avtomobillərini doldura bilsinlər", – deyə o bildirib.
Lakin bir saat keçməmiş qubernator yeni səsli mesaj yayımlayaraq avtomobilinin Voloqda şəhərinin sürətli dairə yolunda yanacağının tam tükəndiyini açıqlayıb.
"Çənin göstəricisi sıfırdadır. Xidməti avtomobildən düşüb məni aparmağa razı olan başqa bir maşına mindim. Bununla göstərmək istəyirəm ki, hamımız eyni qayıqdayıq", – deyə Filimonov bildirib.
Sonradan o, özünü yol polisi əməkdaşlarının avtomobili ilə mənzil başına çatdırdığını da açıqlayıb.
Rusiyada 2026-cı ilin yayından etibarən yanacaq böhranı daha da dərinləşib. Bu, əsasən Ukrayna pilotsuz uçuş aparatlarının Rusiya neft emalı zavodlarına və neft bazalarına endirdiyi müntəzəm zərbələr fonunda baş verib.
Bundan əvvəl Rusiya hökuməti 2026-cı ilin sonunadək daha aşağı keyfiyyətli "Avro-3" standartlı benzinin istehsalı və satışına icazə verib. Həmçinin ölkənin dörd regionunda məmurlar üçün yanacaq doldurma zamanı üstünlük tətbiq olunub, Novorossiyskdə isə bütün yanacaqdoldurma məntəqələrində benzinin tam tükəndiyi bildirilib.
Musavat.com
07 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ