İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramiz Mehdiyevin cinayət işi ilə bağlı ŞOK DETAL: Oğlu və kürəkəni...

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin bir sıra ağır cinayətlərdə ittiham olunduğu cinayət işi üzrə istintaq başa çatıb.

Gununsesi.info-nun əldə etdiyi özəl məlumata görə, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məlumata görə, iş üzrə ittiham aktında Ramiz Mehdiyevin sabiq köməkçisi Eldar Əmirov da təqsirləndirilən şəxs qismində yer alıb. Onun da cinayət işinə Ramiz Mehdiyevin işi ilə birlikdə baxılacaq.

Musavat.com xatırladır ki, Ramiz Mehdiyev barəsində istintaq tədbirlərinə 2025-ci ilin oktyabr ayında Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılıb. 2025-ci il oktyabrın 14-də Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Ümumilikdə 11 aya yaxın davam edən istintaq müddətində onun ev dustaqlığının vaxtı məhkəmə qərarları ilə bir neçə dəfə uzadılıb.

Ramiz Mehdiyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278.1-ci (dövlət hakimiyyətini zorla ələ keçirməyə yönələn əməllər) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma - külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Sabiq PA rəhbəri barəsində ev dustaqlığı qətimkan tədbiri qüvvədə qaldığından, o, məhkəmə proseslərinə təcridxanadan deyil, evindən gəlib-gedəcək.

Məlumatda o da qeyd olunur ki, Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev və kürəkəni İlham Əliyevin adları cinayət işində şahid qismində yer alıb. Onların da məhkəmədə ifadəsi dinləniləcək.

Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Qeyd edək ki, əldə olunan daha bir məlumatda AXCP sədri Əli Kərimlinin cinayət işinin Ramiz Mehdiyevin işindən ayrıldığı deyilir. Hazırda Əli Kərimli ilə bağlı istintaq hərəkətləri davam etdirilir.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR