Onlayn ictimai-siyasi qəzet
“Öncə qeyd edim ki, Nassim Nikolas Taleb Livanda xristian ailəsində anadan olub. Lakin o öz çıxışlarında və yazılarında ana tərəfdən nənəsinin erməni mənşəli olduğunu dəfələrlə qeyd edib. O, sosial şəbəkələrdə Ermənistanı və erməni icmasını kəskin şəkildə dəstəkləyən şərhlər yazıb və yazmaqda da davam edəcək”.
Bunu Axar.az-a açıqlamasında tarixçi Zaur Əliyev Nyu-York Universitetinin professoru və “Qara qu” kitabının müəllifi Nassim Talebin Azərbaycanda mühazirə oxumaqdan imtina eləməsi barədə danışarkən deyib.
“Çünki onun qanında ermənilik var. 2020-ci il İkinci Qarabağ müharibəsi zamanı və sonrakı dövrdə Türkiyə və Azərbaycana qarşı sərt bəyanatlar vermiş, erməni tərəfinin mövqeyini müdafiə etmişdi. Mənə maraqlıdır ki, bunu dəvət edənlər onun etnik kimliyini və Azərbaycana qarşı mövqeyini bilmirdilər? Hələ fikir verin, Talebin imtinasından sonra təşkilatçılar ona təklif olunan qonorarı artırıblar. Yenə də o, dediyinin üstündə durub. Bu, erməni qanı daşıyanın mövqeyi, bir də ona yalvaran bizimkilər. Adam utanır bunu oxuyanda”.
Sözünə davam edən tarixçi bildirib: “Onun “Qara qu” kitabını Azərbaycanda nəşr edənlər bilmirdilər o kimdir? Ədəbiyyat-filan boş şeydir, dünyada yüzlərlə yazıçı var, Azərbaycan əleyhinə çıxışlar edəni niyə tərcümə eləsinlər axı? Bu sualı naşirlərə, onun kitablarını satan şirkətlərə vermək lazımdır. Məgər 44 günlük müharibə dövründə bunun statuslarını oxumurdular?”.
Zaur Əliyevin sözlərinə görə, Nassim Taleb ona şərh yazan azərbaycanlıları X və digər sosial şəbəkələrdə bloklayır: “O adam Azərbaycandan olan şəxslərə söz haqqı verməyəndir. Niyə onu bura gətirməkdə belə maraqlı olublar, kimlər bunun arxasında durur? Azərbaycanlı istifadəçilər, tədqiqatçılar və hətta xaricdə yaşayan ziyalılar ona tarixi faktlar, xəritələr və BMT qətnamələri ilə cavab verməyə çalışdıqda, Taleb onları arqumentlərlə deyil, "bot", "türk trollu", "tarixi saxtalaşdıranlar" adlandıraraq kütləvi şəkildə blokladı. Sosial mediada erməni tarixi, dili və mədəniyyəti haqqında tez-tez paylaşımlar edənin Azərbaycanda nə işi var? Kimə lazımdır onun mühazirələri? Guya bunu etməklə onun mövqeyini dəyişəcəkdilər?”
Qeyd edək ki, Nyu-York Universitetinin professoru və “Qara qu” kitabının müəllifi Nassim Taleb Azərbaycanda mühazirə oxumaqdan imtina edib. O, Azərbaycana gəlməməsini hərbi cinayətləri sübuta yetirilmiş erməni separatçı Ruben Vardanyanın həbsi ilə əlaqələndirib.

Talebin Vardanyanla bağlı mövqeyi yeni deyil. 2023-cü ilin dekabrında o, Rubenin Azərbaycanda saxlanılmasını açıq şəkildə şərh edib və onunla “terrorçu kimi” rəftar edildiyini bildirib. Bundan başqa, həmin ilin noyabrında İrəvanda keçirilən mətbuat konfransında “Ermənistanın tarixi ərazilərinin azalmasından” danışıb. O, I Tiqran dövründə Ermənistanın guya “dənizdən-dənizə” uzandığını iddia edib.
Daha diqqətçəkən məqam isə onun Ağrı dağının Türkiyənin ərazisində yerləşməsini “ağrılı hal” kimi təqdim etməsidir. O, həmçinin, “erməni mədəni irsinin” guya Yerusəlimə qədər yayıldığını söyləyib və bölgədə baş verənləri “erməni etnik təmizlənməsi” kimi xarakterizə edib...
Bəs Nassim Talebin Azərbaycana dəvət olunması və daha sonra ölkəyə gəlməkdən imtina etməsi nə qədər ciddi məsələdir? Onun Azərbaycan və Qarabağ məsələsində əvvəlki mövqeyi dəvət edilməzdən əvvəl araşdırılmalı deyildimi? Ümumiyyətlə, Talebi mühazirə oxunaq üçün Azərbaycana hansı qurum dəvət edib?
Musavat.com məsələni araşdırmaq üçün Elm və Təhsil Nazirliyi, eləcə də digər qurumlara sorğu ümvanlayıb.

Mövzu ilə bağlı Xalq şairi, sabiq deputat Sabir Rüstəmxanlı Musavat.com-a danışıb:
“Məlum məsələdir ki, Livanda ermənilər kifayət qədər çoxdur. İndi Nassim Talebin ya erməni əsilli olduğu, ya ermənilərlə qohumluğunun olduğu, ya da qanının qarışıq olduğu barədə müxtəlif fikirlər səslənir. Bəlkə də o, bütün ömrü boyu ermənilərin təsiri altında yaşayıb. Hətta ərəb olsa belə, ermənilərə satılmış bir ərəbdir. Ərəblərin arasında bizə xəyanət edən, bizə düşmən kimi baxan adamlar azdırmı? Həmçinin, Qarabağ məsələsində həmişə ermənipərəst mövqedə olanlar var. Hətta Fələstinin o vaxtkı rəhbəri belə qondarma “erməni soyqırımı”nı tanıdığını bəyan etmişdi. Yəni ərəblərin içərisində də belə şəxslər var.
Amma Nassim Talebin hansı əsildən olduğu dəqiq bəlli deyil. Ərəbdir, ermənidir, yoxsa ermənidən dönmədir – bunu bilmirik. Bu məsələ aydınlaşdırılmalıdır. İkinci məsələ isə Vardanyanla bunun nə əlaqəsi olmasıdır? Vardanyan xəyanətkardır, cinayətkardır və buna görə də cəzasını alıb. Nassim Taleb isə Vardanyanla bağlı mövqeyi ilə Azərbaycan məhkəməsinə və onun qərarına hörmətsizlik edir, bir dövlətin məhkəməsinin çıxardığı qərarı şübhə altına alır. Bununla da əslində Azərbaycanı təhqir edir. Belə adamlar Azərbaycana gəlmirsə, cəhənnəmə gəlsin! Minlərlə belə adam var ki, onların heç birinin gəlib Azərbaycanın müqəddəs torpaqlarına ayaq basmasına ehtiyac yoxdur. Əgər o, bir gün hansısa səbəblə, hansısa bəhanə ilə Azərbaycana gəlmək istəsə, ona qətiyyən icazə verilməməlidir".
Sabir Rüstəmxanlı Talebin Azərbaycanda bu şəkildə reklam edilməsinin də təsadüfi olmadığını düşünür. Onun sözlərinə görə, Talebin Azərbaycana kim tərəfindən dəvət olunduğu araşdırılmalıdır: "Onun Azərbaycanda bu şəkildə reklam edilməsi də, məncə, düşünülmüş bir addımdır. Yoxsa belə bir adam Azərbaycana niyə gətirilir? Araşdırılmalıdır ki, onu kim dəvət edib. Bəlkə qəsdən dəvət ediblər. Bəlkə qəsdən dəvət edənlərin özləri də Vardanyanın və müxtəlif formalarda ermənilərin maraqlarına xidmət edən adamlardır. Bunlar da aydınlaşmalıdır.
İndi onun bir kitabı çıxıb. O kitabda nə böyük kəşflər var ki, bu adam gəlib burada mühazirə oxumaqla nəyisə dəyişəcək?! Ona görə də belə bir şəxsin Azərbaycana dəvət olunmasının məntiqini başa düşmək çətindir. Halbuki ondan qat-qat artıq öz alimlərimizi, eləcə də Avropadan Azərbaycana daha bağlı, ölkəmizə münasibəti müsbət olan alim və mütəxəssisləri dəvət etmək olardı. Bu adamı hansı zibillikdən tapıblar ki, belə bir bəyanatla çıxış edir?!"

Erməni Araşdırmaları Mərkəzinin rəhbəri, ermənişünas alim Qafar Çaxmaqlı isə qeyd edib:
“Amerikalı iqtisadçı professor Nassim Nikolas Taleb livanlı xristiandır. Məlumdur ki, Livandakı xristianların ölkənin siyasi və hakimiyyət bölgüsündə də müəyyən payı var. Hətta bəzi hallarda ölkənin baş naziri belə xristianlardan təyin olunur və hakimiyyət bölgüsündə xristianlar mühüm yer tutur. Nassim Talebin soyundan olan şəxslər də bu hakimiyyət strukturlarında təmsil olunublar, müxtəlif dövrlərdə Livanın idarə olunmasında iştirak ediblər.
Taleb də xristian olduğuna görə ABŞ-da və Avropa ölkələrində yaxşı təhsil alıb, iqtisadçı kimi yetişib və hazırda dünyada tanınan, sayılan-seçilən şəxslərdən biridir. Şübhəsiz ki, Qarabağ məsələsində Nassim Taleb bizim mövqeyimizi müdafiə edə bilməz. Bu mənada Nassim Talebin Azərbaycana guya dəvət olunub gəlməməsi və Ruben Vardanyanı guya müdafiə etməsi ilə bağlı müxtəlif fikirlər yayılır. Mən erməni seqmentində də buna rast gəldim. Guya Nassim Taleb prinsipial bir şəxsdir və Azərbaycana gəlmək üçün edilən dəvətdən imtina edib. Hətta iddia olunur ki, onu dəvət edərkən müəyyən məbləğdə pul təklif olunub, Taleb həmin puldan imtina edib, daha sonra təklif olunan məbləğ artırılıb, amma o, yenə də bunu qəbul etməyib.
Bu müddəalar, şübhəsiz ki, yalan məlumatlardır. Lakin burada başqa mühüm məqam ortaya çıxır. Dəqiq şəkildə yazılmır ki, Azərbaycanda hansı qurum Nassim Talebi dəvət edib və niyə dəvət edib? Yay aylarında hansı universitet fəaliyyət göstərir ki, Taleb həmin universitetdə guya mühazirə oxuyacaq? Bu mühazirənin Azərbaycana, yaxud Azərbaycan iqtisadiyyatına nə dərəcədə əhəmiyyəti var? Bunlar kifayət qədər ciddi suallar doğurur".
Qafar Çaxmaqlı bildirib ki, Talebin Ruben Vardanyanı müdafiə etməsi faktıdır və bu faktın arxasında dayanan bəzi məqamları da açıq şəkildə ortaya qoymaq mümkündür: “Belə məlum olur ki, Ruben Vardanyanla Nassim Talebin müəyyən əlaqələri olub. Çünki Vardanyan beynəlxalq miqyasda öz biznesini genişləndirən və bəzi dünya miqyaslı zəngin şəxsləri Ermənistanın xeyrinə, yəni lobbiçilik fəaliyyətinə yönləndirən şəxslərdən biri olub. O, topladığı sərvətin müəyyən hissəsini də məhz bu istiqamətdə fəaliyyətə sərf edib. Hətta 2020-ci il müharibəsindən əvvəl Vardanyan bu məqsədlə milyonlarla dollar vəsait xərcləməkdən də çəkinməyib.
Bu mənada, hətta Azərbaycanın özündə, Qarabağ bölgəsində də müəyyən layihələr, layihə adı altında müxtəlif işlər həyata keçirib. Şübhəsiz ki, Nassim Taleb kimi dünya miqyasında tanınan və müxtəlif dairələrdə əlaqələri olan şəxslərin də bu prosesdə müəyyən rolunun olub-olmaması araşdırılmalıdır. Mən dəfələrlə qeyd etmişəm ki, ermənilər Ermənistanda sülh gündəmi formalaşdırsa da, Azərbaycanla sülh müqaviləsi bağlamaq istədiklərini bəyan etsələr də, onların bəlli bir ideologiyası var və bu ideologiya heç zaman dəyişmir. Nassim Taleb kimi adamlardan istifadə edərək guya Azərbaycanın haqsız durumda olduğunu göstərmək də həmin əsas erməni ideologiyasının tərkib hissələrindən biridir.
Mənə elə gəlir ki, yalnız Nassim Taleb kimi şəxslər deyil, başqa nüfuzlu adamları da bu işə cəlb etmək, onları Ermənistanın mövqeyinə yaxınlaşdırmaq üçün müəyyən proqram çərçivəsində Ermənistanda iş aparılır. Bu baxımdan, məsələ yalnız bir şəxslə məhdudlaşmır və daha geniş şəkildə nəzərdən keçirilməlidir. Biz onların qarşısını almaq üçün çox sərt mövqe ortaya qoymalıyıq. Bu mövqe ondan ibarət olmalıdır ki, həqiqətən də Azərbaycan torpaqlarında cinayət törətmiş Ruben Vardanyan və digərləri beynəlxalq qanunlara uyğun şəkildə mühakimə ediliblər və onların Ermənistana verilməsi və ya hər hansı şəkildə cəzalarının yüngülləşdirilməsi baş verə bilməz.
Eyni zamanda, Azərbaycan torpaqlarına ermənilərin geri dönüşü məsələsindən də söhbət gedə bilməz. Çünki Azərbaycanın bəlli qanunları var. Bu qanunlara əsasən Azərbaycan vətəndaşlığı məsələsi mövcuddur və hər hansı xarici ölkə vətəndaşının Azərbaycana gəlməsi, Azərbaycan vətəndaşlığı alması da ölkənin qanunları ilə tənzimlənməlidir. Yəni Nassim Talebə, onun mövqeyinə sərt cavablar verilməlidir. Amma mənə elə gəlir ki, bu cür məsələləri həddindən artıq gündəmdə saxlamaq, onları davamlı şəkildə müzakirə etmək erməni dəyirmanına su tökmək kimi qiymətləndirilməlidir".
Xalidə Gəray,
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ