İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya hərbi konvoyu Homs istiqamətində hərəkət edir-VİDEO

Dəməşqlə Moskva arasında yeni təhlükəsizlik sazişi gündəmdə

Suriyanın Homs bölgəsində Rusiya hərbi texnikasından ibarət konvoyun hərəkətini əks etdirən video sosial şəbəkələrdə yayılıb.

Musavat.com xəbər verir ki, kadrlarda Rusiya bayraqlı zirehli maşınların Rəstən körpüsü istiqamətində irəlilədiyi görünür. Bu görüntülər fonunda məlum olub ki, Dəməşqdə formalaşan yeni hakimiyyət Moskva ilə təhlükəsizlik sahəsində əməkdaşlıq barədə saziş imzalamağa hazırdır.
Mənbələr bildirir ki, danışıqlar əsasən Rusiyanın Suriyadakı hərbi bazalarının-Hmeymim və Tartus obyektlərinin gələcək statusunu əhatə edir. Rəsmi təsdiq olmasa da, tərəflərin yaxın vaxtlarda sənədi razılaşdırması gözlənilir.

Xatırladaq ki, Rusiya oktyabrın sonunda Suriyanın Latakiya vilayətində yerləşən Hmeymim hərbi aviabazasına uçuşları yarım illik fasilədən sonra bərpa edib. “Bloomberg”in məlumatına görə, bu addım Rusiya Prezidenti Vladimir Putinlə Suriyanın yeni Prezidenti Əhməd Əl-Şaraa arasında Moskvada keçirilən görüşdən bir həftə sonra atılıb.

Mənbələrə əsasən, oktyabrın sonunda bazaya Rusiyaya məxsus İl-62M və An-124-100 “Ruslan” tipli təyyarələr enib. Kremlə yaxın dairələr Rusiya hərbçilərinin Latakiyaya qayıtdığını təsdiqləyiblər.
Hazırda Moskva və Dəməşq arasında aparılan danışıqlar Rusiyanın Suriyadakı hərbi obyektlərinin gələcəyi, eləcə də iki ölkə arasında diplomatik münasibətlərin bərpası məsələlərini əhatə edir.
Qeyd edək ki, Bəşər Əsədin devrilməsindən sonra Moskva müvəqqəti olaraq Suriyadakı bazalara nəzarətini itirmiş, Rusiya donanması Tartus limanından hərbi texnikasını çıxarmağa başlamışdı.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR