Onlayn ictimai-siyasi qəzet
Azərbaycanla Rusiyanın Həştərxan vilayəti arasında nəqliyyat, ticarət-iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Musavat.com xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Həştərxanda vilayətin qubernatoru İqor Babuşkinlə görüşüb.
Azərbaycanın Moskvadakı səfirliyinin məlumatına görə, tərəflər ticarət-iqtisadi, mədəni və nəqliyyat sahələrində əməkdaşlığın hazırkı vəziyyətini və perspektivlərini müzakirə ediblər.
Görüşdə əsas diqqət “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yükdaşımaların inkişafına yönəldilib. Bakı ilə Həştərxan arasında bu istiqamətdə nəqliyyat əməkdaşlığının daha da gücləndirilməsi məsələləri nəzərdən keçirilib.
Humanitar əməkdaşlıqdan danışan İqor Babuşkin Bakıda, Heydər Əliyev Mərkəzinin qarşısında açıq havada birgə opera qala-konsertlərinin və tamaşaların keçirilməsi imkanına baxılmasını təklif edib. Tədbirlərin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə Həştərxan Dövlət Opera və Balet Teatrının iştirakı ilə təşkil edilməsi nəzərdə tutulur.
“Azərbaycan Respublikası Xəzərdə bizim ən mühüm tərəfdaşımızdır. Bundan sonra da hərtərəfli əməkdaşlığımızın daha da möhkəmləndirilməsi üçün bütün səylərimi göstərmək niyyətindəyəm”, – deyə deyə Babuşkin bildirib.
Musavat.com
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ