İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya-Ukrayna müharibəsi ilə bağlı TƏCİLİ AÇIQLAMA

Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik fəallığın artdığı bir vaxtda Vaşinqtondan mühüm mesaj gəlib. ABŞ prezidenti Donald Trampın bu gün Rusiya lideri Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparacağı gözlənilir. Bu təmasların ABŞ nümayəndələrinin Moskva və Kiyevdə keçirdiyi son görüşlərdən sonra planlaşdırılması diqqəti birbaşa Ağ Evin növbəti diplomatik addımına yönəldib.

Məlumata görə, Tramp hər iki liderlə danışmazdan əvvəl öz nümayəndələrindən danışıqların nəticələri barədə ətraflı məlumat alacaq. ABŞ prezidentinin xüsusi nümayəndələri əvvəlcə Moskvada Putinlə görüşüb, daha sonra Kiyevə gedərək Zelenski ilə danışıqlar aparıblar. Kiyevdə keçirilən görüşlərə Fransa, Böyük Britaniya və Almaniya nümayəndələrinin də qatılması müzakirələrin yalnız ABŞ-Rusiya-Ukrayna çərçivəsində deyil, Avropanın aparıcı dövlətlərinin iştirakı ilə daha geniş formatda aparıldığını göstərir.

Ndbcr0NAm0ydjE47RtLMxQZPNgmG7lDqpoN2oNaS_1200.jpg (104 KB)

ABŞ tərəfi müharibənin başa çatdırılması məsələsində Trampın mövqeyinin dəyişmədiyini bildirir. Cared Kuşnerin son danışıqlar zamanı prezidentin müharibəyə son qoymaqda qətiyyətli olduğunu vurğulaması da Vaşinqtonun diplomatik prosesə yeni impuls vermək niyyətindən xəbər verir. Lakin Moskva ilə Kiyev arasında əsas fikir ayrılıqları hələ də qalır və xüsusilə ərazi məsələsi sülh danışıqlarının qarşısındakı ən ciddi maneələrdən biridir.

Trampın Putin və Zelenski ilə eyni gündə telefon təması planı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. ABŞ prezidenti hər iki tərəfin mövqeyini birbaşa öyrənməklə yanaşı, son danışıqlarda əldə olunan nəticələr əsasında növbəti mərhələnin konturlarını müəyyənləşdirməyə çalışa bilər. Əgər Vaşinqton Moskva və Kiyevin mövqeləri arasında ortaq məxrəc formalaşdıra bilsə, bu telefon danışıqları yeni diplomatik raundun başlanğıcına çevriləcək.

Tramp Putin və Zelenski arasında hansı mövzuları ön plana çıxaracaq?

asif.jpg (298 KB)

Siyasi analitik Asif Nərimanlı Musavat.com-a bildirib ki, burada əsas istiqamət tərəflərin ziddiyyətli mövqelərinin yaxınlaşdırılmasıdır:

"Söhbət ərazilər məsələsindən gedir. Diplomatik həll yolları ilə bağlı müzakirələr bir müddət səngisə də, gündəlikdə böyük dəyişiklik yoxdur və əsas ziddiyyət məhz Donbasla bağlıdır. Rusiya Donbasda ələ keçirə bilmədiyi ərazilərdən də Ukraynanın çıxmasını istəyir, Kiyev buna etiraz edir. ABŞ bu ziddiyyəti aradan qaldırmaq üçün Ukrayna ordusunun həmin ərazilərdən çıxmasını, lakin Rusiyaya verilməməsini, orada "azad iqtisadi zona"nın yaradılması təklifini irəli sürüb. Fikrimcə, Tramp telefon söhbətində bu təklifini yenidən gündəmə gətirə, yaxud ərazi məsələsindəki mübahisəni həll etmək üçün buna bənzər təkliflərlə çıxış edə bilər. Təbii ki, təkcə təklif yox, diplomatik təzyiq ritorikasından da istifadə edəcəyi istisna edilməməlidir. Çünki ABŞ tərəflərin anlaşmasında israrlıdır və buna nail olmaq üçün təzyiq siyasətindən də istifadə edir. Hərçənd, bu, bir telefon zəngi ilə Trampın istəyinə nail olacağı demək deyil. Bu baxımdan, başlanan prosesi Rusiya-Ukrayna danışıqlarının davam etdirilməsində yeni mərhələ kimi qiymətləndirmək olar".

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR