Onlayn ictimai-siyasi qəzet
Rusiya Ali Məhkəməsi “Yabloko” partiyasını gələn ay Dövlət Dumasına keçiriləcək seçkilərdən kənarlaşdırıb. Məhkəmə öz qərarını “Rodina” partiyasının iddiası əsasında avqustun 10-da, səkkiz saatdan çox davam edən iclasdan sonra qəbul edib.
Qərarın əsas səbəbləri kimi partiyanın seçki kampaniyası materiallarında müəllif hüquqlarını pozması və xarici maliyyələşmə ilə bağlı qanun pozuntuları göstərilib. “Yabloko” partiyası isə qərardan apelyasiya şikayəti verəcəyini açıqlayıb. Qeyd edək ki, bu, müasir Rusiya tarixində artıq qeydiyyata alınmış partiya siyahısının məhkəmə qərarı ilə seçkidən çıxarıldığı ilk haldır.
"Yabloko" Rusiyada fəaliyyət göstərən sosial-liberal siyasi partiyadır. 1993-cü ildə təsis edilib. Özünü demokratik müxalifət qüvvəsi kimi təqdim edir, bazar iqtisadiyyatı, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsiplərini müdafiə edir. Bu təşkilat partiyalar arasında müharibənin dayandırılmasını açıq şəkildə müdafiə edən yeganə siyasi qüvvə kimi xarakterizə olunur. Sədri Nikolay Rıbakovdur.
Rusiyada müstəqil məhkəmə sistemi olmadığını nəzərə alsaq, partiyanın seçkilərdən kənarlaşdırılması Ukrayna savaşı ilə əlaqədar tutduğu mövqedən qaynaqlanır, yoxsa Putinin "Vahid Rusiya" partiyasına qalib gəlmək ehtimalı var idi?

Siyasi şərhçi Azər Həsrət Musavat.com-a bildirib ki, müharibəyə qarşı açıq mövqe sərgiləyən bir partiyanın iştirakı xalqın nə qədərinin onun tərəfində olduğunu göstərmək üçün yaxşı bir barometr ola bilərdi: “Görünür Kreml bunu nəzərə alaraq “Yabloko”nu seçkidən uzaqlaşdırır. Yaxud da bu, “Yabloko” ili hakimiyyət arasında bir oyundur. Oyun nəticəsində bu partiyanı sonradan seçkiyə buraxıb hətta bəlli bir səviyyədə onlara yer verib sonra da deyə bilərlər ki, görürsünüzmü müharibənin əleyhinə olanların faizi cüzidir.
Amma bir şeyi də unutmamalıyıq ki, bu gün Rusiyada müxalifət adına fəaliyyət göstərən siyasi partiyaların da Putinin partiyasından fərqi yoxdur. Onlar da əslində, imperialist düşüncəyə sahibdirlər, keçmiş SSRİ-nin torpaqlarını geri qaytarmaq istəyirlər, keçmiş sovet respublikalarının müstəqilliyini həzm edə bilmirlər. Yəni, Putin getsə, yerinə bunlar gəlsə də heç nə dəyişən deyil”.
Etibar Seyidağa,
Musavat.com
14 Avqust 2026
13 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ