İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada məşhur çuğulçunun dəbdəbəli həyatı ifşa olundu

Rusiyada müharibə əleyhdarları və tanınmış şəxslər barəsində dövlət qurumlarına mütəmadi şikayətlər göndərməsi ilə tanınan Vitali Borodinin özünün dəbdəbəli həyatı araşdırma mövzusuna çevrilib. Başqalarının sərvətini və həyat tərzini hədəfə alan Borodinin bahalı avtomobilə sahib olduğu, Rublyovkada malikanədə yaşadığı və xarici ölkələrdə istirahət etdiyi bildirilir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, jurnalistlərin apardığı araşdırma Borodinin ictimai fəaliyyəti ilə şəxsi həyat tərzi arasındakı ziddiyyətləri gündəmə gətirib.

Borodin son günlər reper Timatini həddindən artıq dəbdəbəli həyat sürməkdə ittiham etməsi ilə diqqət çəkib. Buna səbəb musiqiçinin təxminən 500 milyon rubl dəyərində “Bugatti” avtomobili aldığı barədə məlumatlar olub. O, həmçinin Rusiya prezidentinin nəvəsi Elzanın dəbdəbəli həyatı ilə bağlı məlumatların mediaya sızdırılmasına görə jurnalistlərin cəzalandırılmasını tələb edib. Lakin “MO” saytının araşdırmasına görə, başqalarının dəbdəbəsinə qarşı çıxan Borodinin özünün də həyat şəraiti kifayət qədər bahalıdır.

Araşdırmada bildirilir ki, Borodinin adına 2018-ci il istehsalı olan “Mercedes-Benz S-Class” avtomobili qeydiyyatdadır. Yol polisi məlumatlarının sızdırılmış bazasına əsaslanan jurnalistlərin hesablamasına görə, avtomobil alındığı dövrdə təxminən 11–12 milyon rubla başa gəlib. Hazırda Rusiyada həmin sinfə aid yeni avtomobillərin qiyməti 30 milyon rubla qədər yüksəlir.

Sayt müəyyən edib ki, Borodin 2020-ci ilin dekabrında məhz bu avtomobillə yol-nəqliyyat hadisəsinə düşüb. Bundan başqa, onun barəsində dəfələrlə inzibati cərimələrlə əlaqədar icra işləri başlanıb. Həmin işlərdən birində tələb olunan məbləğ 125 min rublu ötüb.

Araşdırmanın daha maraqlı hissəsi Borodinin xarici ölkələrdə keçirdiyi istirahətlə bağlıdır. Nəşrin əldə etdiyini bildirdiyi sərhəd-keçid məlumatlarına görə, o, tətil üçün Rusiyanı deyil, əsasən Birləşmiş Ərəb Əmirliklərini, Türkiyəni və Seyşel adalarını seçir. Məsələn, 2023-cü ilin yanvarında təxminən 16 gün Əbu-Dabidə istirahət edib.

Borodinin yaşayış şəraiti də diqqət çəkir. “MO” saytının görə, o, həyat yoldaşı Yelena ilə birlikdə Moskvanın ən bahalı yaşayış ərazilərindən sayılan Rublyovkanın Qorki-2 qəsəbəsində yaşayır.

Söhbət sahəsi 500 kvadratmetr olan malikanədən gedir. Əmlak Borodinin anasının adına rəsmiləşdirilib. Nəşrin araşdırmasına əsasən, həmin ərazidə oxşar malikanələr 70–90 milyon rubla satışa çıxarılır.

Jurnalistlər Borodinin gəlir mənbələrinə də diqqət yetiriblər. O, “Borodin və tərəfdaşları” adlı vəkillər kollegiyasının, həmçinin “Federal Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Layihəsi”nin təsisçisidir.

Lakin araşdırmaya görə, vəkillər kollegiyasının 2025-ci il üzrə maliyyə hesabatında il ərzində müştərilərə xidmət göstərilmədiyi və onlardan heç bir vəsait daxil olmadığı qeyd edilib. Digər təşkilatdan da Borodinin gəlir əldə etmədiyi bildirilir.

Bu məlumatlar onun bahalı həyat tərzini hansı gəlirlər hesabına maliyyələşdirməsi barədə suallar doğurur. Bununla belə, araşdırmada təqdim olunan məlumatlar özlüyündə qanunsuz gəlir əldə edildiyini sübut etmir.
Nəşr Borodinin həyat yoldaşı Yelenanın əvvəllər Rusiyanın REN TV kanalında Krayt təxəllüsü ilə çalışdığını da müəyyən edib.

Beləliklə, müharibə əleyhdarları barədə şikayətləri və başqalarının dəbdəbəli həyatına qarşı çıxışları ilə tanınan Borodin bu dəfə öz sərvəti və həyat tərzi ilə bağlı sualların mərkəzinə düşüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR