İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Cənubi Qafqazda iqtisadi təsir rıçaqları zəifləyir

Rusiya və Ermənistanın ticarət dövriyyəsi dramatik şəkildə azalır. Musavat.com xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk Çolpan-Atada jurnalistlərə bildirib. Onun sözlərinə görə, bu, ötən illə müqayisədə üçdə iki dəfə azalıb. Bildirilib ki, 2024-cü ildə Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi rekord həddə-təxminən 12 milyard dollara çatıb ki, bu da böyük rəqəmdir. Keçən il isə 8 milyard dollara düşüb və bu il ticarət dövriyyəsində dramatik azalma var və azalma davam edəcək”.
Bəs, Rusiya və Ermənistanın ticarət dövriyyəsində dramatik şəkildə azalmadan ən böyük zərbəni Ermənistan, yoxsa Rusiya alır?
İqtisadçılar hesab edir ki, ticarət dövriyyəsindəki dramatik azalmanın iqtisadi zərbəsi daha çox Ermənistana dəyir, Rusiya üçün isə bu, əsasən regional iqtisadi və geosiyasi təsir imkanlarının müəyyən qədər zəifləməsi ilə müşayiət olunur.
Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin kəskin azalması hər iki tərəfə təsir etsə də, iqtisadi miqyas və asılılıq baxımından daha böyük zərbə Ermənistan üçün hesab olunur. Ermənistan iqtisadiyyatı uzun illər Rusiya bazarından, rus investisiyalarından və enerji təchizatından əhəmiyyətli dərəcədə asılı olub. Rusiyaya ixracın azalması Ermənistan istehsalçıları üçün bazar itkisi deməkdir.
Ermənistan üçün Rusiya ilə ticarət ölkənin ümumi xarici ticarətində böyük pay tutur. Rusiya iqtisadiyyatı isə Ermənistanla ticarətin azalmasını daha asan kompensasiya edə bilir, çünki onun daha böyük və şaxələndirilmiş xarici ticarət əlaqələri mövcuddur.
2022-ci ildən sonra Ermənistan Rusiya üçün bir sıra malların reeksport mərkəzinə çevrilmişdi. Son dövrdə Qərb sanksiyalarına nəzarətin sərtləşməsi və logistika marşrutlarının dəyişməsi bu ticarəti zəiflədib. Nəticədə Ermənistanın gömrük gəlirləri, logistika və ticarət sektorunda aktivlik də azalır. Ticarət həcminin azalması Ermənistanın büdcə daxilolmalarına, nəqliyyat və xidmət sektoruna da mənfi təsir göstərir. Digər tərəfdən, Rusiya da müəyyən itkilərlə üzləşir. Ermənistan bazarında rus məhsullarının satış imkanları azalır. Cənubi Qafqazdakı iqtisadi təsir rıçaqları zəifləyir.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR