Onlayn ictimai-siyasi qəzet
Duracağa gətirilən və saxlanılan nəqliyyat vasitəsi müəyyənləşdirilmiş haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq.
Musavat.com-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Yol hərəkəti haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 97.1-ci və 97.2-ci maddələrinin tələblərinə əsasən, dayanma və ya durma qaydalarının pozulması (346.1, 346.2 və ya 346.4-346.9-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda) və parklama qaydalarının pozulması (346-1.5-ci maddə) inzibati xətalarını törədən şəxslərin saxlanılmış nəqliyyat vasitələrinin onlara geri qaytarılmasının şərtlərindən biri qismində nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqqın ödənilməsi çıxış edir.
Mühafizə olunan duracağa gətirilmiş nəqliyyat vasitəsinin orada saxlanılması üçün haqq nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirildiyi gündən sonrakı gün saat 00:00-dan etibarən hesablanmağa başlayacaq. Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmasına səbəb olan inzibati xəta haqqında işin icraatına xitam verildikdə və ya xətaya görə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edildikdə, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada nəqliyyat vasitəsinin sahibinə qaytarılacaq.
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ